Ramiz Rzayev Ali məhkəmənin sədri təyin olunub - SƏRƏNCAM

  • 16 fev 2018, 08:16

Prezident İlham Əliyev bu gün imzaladığı sərəncamla Ramiz Yaqub oğlu Rzayevi Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri təyin edib.

Milli Məclis R.Rzayevin Ali Məhkəmənin sədri təyin edilməsi haqda Prezidentin təqdimatını 13 fevralda müzakirə etmiş və qəbul etmişdi.

Prezidentin sərəncamı 25 fevral tarixindən qüvvəyə minəcək.

Ramiz Rzayev 1953-cü il fevralın 25-də Xudat şəhərində anadan olub. 1977-ci ildə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. 1977-1979-cu illərdə həqiqi hərbi xidmət keçib. 1979-cu ildən Bakı şəhəri Nərimanov Rayon Prokurorluğunda müstəntiq, 1981-ci ildən Bakı şəhər Prokurorluğunun İstintaq İdarəsində baş müstəntiq, 1983-cü ildən Azərbaycan Respublikası Baş Prokurorunun yanında xüsusi mühüm işlər üzrə müstəntiq, 1991-ci ildən Azərbaycan Respublikası Baş Prokurorunun yanında Xüsusi Mühüm İşlər üzrə İstintaq Şöbəsinin böyük prokuroru, 1992-1993-cü illərdə Dəvəçi (indiki Şabran) rayon prokuroru, 1993-1995-ci illərdə Beyləqan rayon prokuroru, 1995-2000-ci illərdə Azərbaycan Respublikasının Hərbi Prokuroru vəzifələrində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 25 may 1998-ci il tarixli fərmanı ilə general-mayor ali hərbi rütbəsi, 17 iyun 2000-ci il tarixli fərmanı ilə III dərəcəli, 17 yanvar 2002-ci il tarixli fərmanı ilə isə II dərəcəli dövlət ədliyyə müşaviri rütbəsi alıb. 2000-2005-ci illərdə Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini olub.

2005-ci ilin aprelin 19-dan Azərbaycan Respublikası Ali Məhkəməsinin sədridir.

Ailəlidir, 3 övladı var.

Ramiz Rzayev "Prokurorluğun Fəxri işçisi", döş nişanı, "Azərbaycan bayrağı", "Şöhrət” ordenləri ilə təltif olunub.

Demokratik.Az

Oxşar xəbərlər