Elxan Şahinoğlu: “Qarabağın azərbaycanlı icmasının rəhbəri dəyişməlidir”

  • 12 fev 2018, 08:31

Ötən həftə ATƏT-in Minsk Qrupunun həmsədrləri - İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endrü Şofer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin daimi nümayəndəsi Anjey Kasprşik Azərbaycanda və Ermənistanda oldular. Həmçinin işğal altındakı Dağlıq Qarabağ bölgəsinə getdilər. Orada separatçıların lideri Bako Saakyanla görüşdülər.

Diqqət çəkən məqamlardan biri isə Xankəndindəki görüşün keçirildiyi salonda qondarma rejimin "bayrağının” asılması  oldu. Bununla bağlı həmsədrlərin separatçıların bayrağının salonda qoyulmasına heç bir etiraz etməməsi Azərbaycanda etirazla qarşılanıb. Münaqişənin həlli ilə bağlı yaradılan Minsk Qrupunun fəaliyyət göstərdiyi 25 il ərzində əhəmiyyətsiz qurum olması ilə yanaşı, bu cür yanlışlıqlarla bir daha problemin həllində maraqlı olmadığı qeyd olunur. Eyni zamanda, Azərbaycan tərəfin Xarici İşlər Nazirliyinin məsələyə etiraz bildirməsinin vacibliyi vurğulanır.

Lakin Qərb Universitetinin Tətbiqi Politologiya Mərkəzinin rəhbəri Elxan Şahinoğlu hesab edir ki, daha çox bu cür görüşlərdə danışıqların mahiyyətinə diqqət etmək lazımdır: "Həmsədrlərin Dağlıq Qarabağın ”bayrağı" altında oturması əlbəttə ki, xoş deyil. Sanki həmsədrlər separatçıları tanıyırlar. Ancaq bundan çox danışıqların mahiyyətinə fikir vermək lazımdır. Ona qalsa, bir neçə il əvvəl başda Rusiyadakı səfirimiz Polad Bülbüloğlu olmaqla bir neçə tanınmış xadimimiz Xankəndinə gedərək separatçıların lideri ilə görüşdülər və həmin görüş də eyni otaqda və eyni bayrağın altında keçirilmişdi. Onda gərək biz özümüzünkülərə də etiraz edərdik ki, niyə bu cür danışıqlara razılaşmısınız. Ancaq bu görüş ən yuxarı səviyyədə razılaşdırılmış və xalq diplomatiyasının tərkib hissəsi sayılırdı. Sadəcə, həmin görüşün nəticəsi olmadığına görə ardı gəlmədi. Ona görə də separatçılarla görüşün hansı bayraq altında aparılması faktoruna çox əhəmiyyət verməyin əleyhinəyəm. Çünki vasitəçilər heç zaman "biz sizinlə o bayraq altında danışıqlar apara bilmərik” tələbini səsləndirməyəcəklər. O başqa məsələ ki, həmin qondarma bayrağın, o cümlədən separatçıların Dağlıq Qarabağdan kənardakı fəaliyyətlərini əngəlləməli, sərgilərdə iştiraklarına, nümayəndəlik açmalarına yol verməməliyik. Bakı bu məsələni diqqətdə saxlamağa çalışır. Ancaq bəzən separatçılar boşluqlardan məharətlə istifadə edirlər. Məsələn, Rusiya dükanlarında "Artsax” markasıyla müxtəlif məhsullar satılır, bax bunun qarşısını dərhal almalıyıq. Çünki separatçılar bununla həm xarici bazarlara çıxır, həm də separatçılıqlarını davam etdirmək üçün zəruri maliyyə qazanırlar".

Politoloq Azərbaycanın məsələyə münasibət bildirməyəcəyini düşünür: "Rəsmi Bakı özü vasitəçilərin separatçıların lideri ilə danışıqlarına ”yaşıl işıq" yandırıb. Bu, Minsk Qrupunun mandatında da var. Ona görə rəsmi Bakının vasitəçilərə "Xankəndinə gedib separatçıların lideri ilə görüşməyin, ancaq İrəvandakı görüşlərlə kifayətlənin” tələbini səsləndirəcəyini zənn etmirəm. Sadəcə, elə etmək lazımdır ki, həmsədrlər bölgəyə səfərləri zamanı yalnız Dağlıq Qarabağın erməni tərəfi ilə görüşlərlə kifayətlənməsinlər, hər dəfə Bakıda Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbərliyi ilə də görüşsün. Mənim şəxsi fikrimdir ki, Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbərini başqasıyla dəyişməyə ehtiyac var. Minsk Qrupu əhəmiyyətsiz quruma çevrilib. Bir-birini dəyişən həmsədrlər yaxşı maaş alır və vaxtlarını öldürürlər. Sizə bir faktı deyim. ATƏT sədrinin bölgədəki şəxsi nümayəndəsi polşalı diplomat Anjey Kasprşikin maaşı istənilən polşalı diplomatın maaşından dəfələrlə yüksəkdir. O, az qala 20 ildən çoxdur bu vəzifədədir. O, Polşa XİN-də çalışsaydı həm maaşı aşağı olacaq, həm də 9-dan 6-ya qədər çalışmalıydı. İndi isə sakit şəraitdə işləyir, hərdən cəbhə bölgəsinə baş çəkir, Qafqazın ən ləziz yeməklərini 20 ildir dadır və elə bu vəzifədən də pensiyaya çıxacaq. Onun nə marağı var ki, Dağlıq Qarabağ münaqişəsi tez həll olunsun? Onu hazırki yaşında düşündürən pensiya zamanı nə qədər maaş alacağıdır".

Bazar günü olduğundan XİN-in məsələ ilə bağlı mövqeyini almaq mümkün olmadı. /Y.M/

Oxşar xəbərlər