Onlar növbədənkənar prezident seçkilərini 2 ay öncə demişdilər…

  • 06 fev 2018, 08:01

Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Azərbaycanda növbədənkənar prezident seçkisi elan edilib.

Xəbər verildiyi kimi, oktyabrda gözlənilən prezident seçkiləri artıq 11 aprel tarixində baş tutacaq.

Prezident İlham Əliyevin bu barədə sərəncamı 2 ay öncə, dekabrın 7-də millət vəkili Zahid Orucun Milli Məclisdə çıxışını yada saldı. Hələ o zaman millət vəkili prezident seçkisinin qabağa çəkilməsini və martda keçirilməsini təklif etmişdi.

Z.Oruc öz təklifini belə əsaslandırmışdı:

"Hazırki reallıqda İlham Əliyev Azərbaycanın vahidliyinin, bütövlüyünün və suverenlİyinin yeganə təminatçısıdır. Dövlət rəhbəri kimi o, təkcə hakimiyyət komandasını, iqtidar partiyasını deyil, bütövlükdə milləti öz güclü şəxsiyyəti ətrafında birləşdirən tək xarizmatik liderdir. Mövcud siyasi sistemdə və fəaliyyətdə olan partiyaların qüvvələr nisbətində ölkə birinciliyi uğrunda mübarizədə heç kəs İlham Əliyevlə müqayisə oluna bilməz. Onun alternativi xaosdur.

Gələn il keçiriləcək prezident seçkiləri bir il öncə referendumda qəbul olunmuş yeni Konstitusiyanın tələblərinə görə qarşıdakı 7 ildə dövlətimizə rəhbərlik edəcək şəxsi müəyyənləşdirməlidir. 2018-ci ilin noyabrından hesablayanda yeni hüquqi-siyasi təqvimə görə prezidentin səlahiyyətləri 2025-ci ildə başa çatmalıdır. Ölkənin ikinci hakimiyyət qolu olan Milli Məclisə seçkilərin müddətini nəzərə alanda, 8 il sonra ölkəmizin siyasi həyatı üçün xarakterik olmayan bir situasiya meydana çıxır. Fövqəladə hal sayılmasa da, iki fərqli hakimiyyət orqanına - Ali icra hakimiyyəti və parlamentə seçkilərin 2025-ci ildə eyni ayda keçirilməsi perspektivi təkcə ictimai mənafelərin və siyasi maraqların kəskin toqquşmasını vəd etmir, eləcə də hakimiyyətin dayanıqlığına mənfi təsir göstərir. Birləşmiş Ştatların və bir sıra Qərb dövlətlərinin həyatı üçün xarakterik olan belə seçki kolliziyasından çıxmaq üçün seçkilərin bir neçə ay irəli çəkilərək, gələn ilin (2018-ci il nəzərdə tutulur – red.) mart ayında prezidentlik uğrunda marafona start verilməsi məqsədəuyğun olardı. Konstitusion normalar baxımından burada heç bir hüquqi norma pozulmur və siyasi birincilik uğrunda mübarizədə bütün iddiaçılara bərabər zaman qrafiki ayrıldığından seçilən prezidentin legitimliyi beynəlxalq məkanda qəbul olunacaq”.

***

Maraqlıdır ki, 2017-ci il dekabrın 9-da hüquqşünas, siyasətçi Erkin Qədirli də 2018-ci il prezident seçkilərinin 6 ay əvvələ çəkilməsi məqamına toxunub. Hüquqşünas qeyd edib ki, bu addım məntiq və praktik baxımdan daha doğru olardı:

"Konstitusiyaya edilmiş son dəyişikliyə görə, Prezidentin səlahiyyət müddəti 7 il olandan sonra, 2025-ci ildə həm Prezident, həm də Milli Məclis seçkiləri olacaq. Hazırki qaydaya görə, Prezident seçkiləri oktyabrda, Milli Məclis seçkiləri isə noyabrda keçirilir. 2025-ci ildə bu iki milli seçkini eyni zamanda keçirmək mümkün olmayacaq (texniki baxımdan mümkün deyil). Bu isə o deməkdir ki, Prezident və Milli Məclis seçkiləri arasında zaman kəsiyi böyüdülməlidir. Örnəyi, Prezident seçkiləri yazda, Milli Məclis seçkiləri isə payızda olmalıdır. Bu isə öz növbəsində o deməkdir ki, Prezident seçkiləri 2018-in oktyabrında deyil, yaz aylarının birində ola bilər (örnəyi, martda, ya da, ən uzağı, apreldə). Bu, bir gümandır, amma məntiqlə və daha çox praktik ehtiyac baxımından da belə olmalıdır”.

Demokratik.Az

Oxşar xəbərlər