GÖYGÖLDƏ TARAN! Əhmədzadənin adamı yezidxislətli məmurlarla "DÖYÜŞÜR"

  • 04 fev 2018, 14:39

NAMAZ QULIYEV

Azərbaycanın baş melioratoru Əhməd Əhmədzadə tərəfindən işindəki ciddi nöqsanlara görə vəzifəsindən qovulan Göygöl Suvarma Sistemləri İdarəsinin sabiq rəisi Namaz Quliyev yerli məmurlarla ittifaq edərək öz xələfinə qarşı kompromat savaşına başlayıb. Sonradan qeyri-yolla icra başçısı Arif Seyidovun çətiri altında Dövlət Sığorta Şirkətinin Göygöl filialına rəhbər gətirilən keçmiş meliorator ətrafına qorxu və dedi-qodu saçır. O keçmiş rəhbərinə qarşı hələ də küskün və kinlidir. Və buna görə, onun kompromatları nəticə etibarilə təkcə yerli SSİ-nə və idarənin rəisi İlqar Məhərrəmova deyil, həm də cənab Əhmədzadəyə qarşı yönəlib.

ƏHMƏD ƏHMƏDZADƏ

Həmən Əhmədzadəyə ki, Namaz Quliyevin uzun illər varlanmasına şərait yaradıb, ona öz ağsaqqallıq qayğısını əsirgəməyən bir rəhbər olub. Lakin, ağsaqqal sonda Namaz Quliyevin əməllərinə dözməyərək əmək kitabçasına 70 ç-ni yapışdırmağa və onu qovmağa da vadar olub.

Göygöl rayonundan "Demokratik.Az"-a ötürülən məlumata görə, N.Quliyev adlı şəxs birdən-birə öz keçmiş məsləkdaşlarına və ağsaqqalına qarşı dağıdıcı "cəbhə açıb". Əhmədzadəyə küskünlüyündən əlavə, onu bu işə sövq edənlər var. Göygöl İHB-nin şəhər inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Mirzə Məmmədov hələlik dostu Namaz bəyin ən yaxın tərəfdaşı kimi görünür. Əslində səsləndirdiyimiz bu məsələ daha qarmaşıqdır. "Demokratik.Az" olaraq mövzuya tərəfsiz və qərəzsiz yanaşmaqla bir sıra qaranlıq məqama daha geniş müstəvidə aydınlıq gətirməyə çalışaq.

Göygöl icra başçısı Arif Seyidov

Namaz Quliyev niyə Arif Seyidova işverənliklə məşğuldur?! Buna səbəblər və perspektivlər...

Göygöl İHB-dəki mənbəmizdən aldığımız məlumata görə, Namaz Quliyev bir müddətdir rayonun icra hakimiyyətinə  Göygöl SSİ-nin fəaliyyətinə qarşı "işverənlik"lə məşğuldur. Xəbər daşıyıcılığının miqyası isə idarənin balansında olan texnikalara, yüzlərlə artezianlardan hər birinə ayrılan illik elektrik enerji limitinədək, ştat cədvəlinə və müqaviləli işçilərin sayından kimliyinədək, idarəyə ümumilikdə ayrılan illik xərcin nə qədər olması, pulların necə və hara xərclənməsi kimi incəliklərə qədər gedib çıxır. Əgər icra başçısı bu kimi məlumatları toplamaqla rayondakı suvarma problemlərini aradan qaldıracaqsa, hansısa əyrintilərə son qoyulmasını təmin edəcəksə, bu əlbəttə sevindiricidir. Bu ali məqsəd yalnız alqışa layiqdir! Yox əgər bu təftişi-qərar kimlərinsə marağının təmin olunması və icra başçısının əzələ nümayişi ilə yekunlaşacaqsa elə buradaca rayon sakinlərinə KEÇMİŞ OLSUN! deyə bilərik. Digər tərəfdən, cənab Arif Seyidovun indiyədək bu idarədəki maxinasiyaları görməzlikdən gəlməsi, idarənin fəaliyyəti barədə bilgisiz olması bir sıra suallar da doğurur. Düşünmək olar ki, bəlkə də Arif Seyidov incə məsələlərdən daim xəbərsizdir və ya məmurların 12 ildir formal və oxşar hesabatlarını dinləyərək onların fəaliyyətinə hər hansı vacib nəzarət həyata keçirməyib. Bəs, bu ilin hesabatı dövründə niyə icra başçısı belə aktivdir? Onu aktivliyə sövq edən özəl səbəblər varmı? Ümumən cənab Arif Seyidov dəqiq bilgiləri bütün idarələrdən də tələb edirmi? Namaz Quliyevdən və rayonun maliyyə idarəsindən əldə olunan riyazi bilgilərlə Göygöl SSİ-nin rəisi İlqar Məhərrəmovdan konkret nə tələb olunur ki..?

SUALLARA CAVAB ƏVƏZİNƏ XÜSUSİ HAŞİYƏ: Xatırladaq ki, ötən ilin dekabrında icra başçısı Arif Seyidov məzuniyyətə çıxmışdı və yanvarın 20-də işinin başına dönmüşdü. Həmin müddətdə Göygöl SSİ-nin rəisi İlqar Məhərrəmova qarşı müəyyən öhdəliklər söylənmişdi. Məlumata görə isə, İHB-nin danışmanlığını başçının şəhər üzrə səlahiyyətli nümayəndəsi Mirzə Məmmədov həyata keçirmişdi. İdarə rəisi eşitdiyi şərtlərlə razılaşmayıb öz rəhbəri Əhmədzadəyə məruzə etmişdi. Hadisə qalmaqala səbəb olmuşdu. Bu durumda, icra başçısının SSİ rəisinə qəzəbini onun itaətsizliyi ilə əlaqələndirmək mümkün görünür. Hazırda Göygöl rayonunda görülməli olan işlərin sürətləndirilməsi və rayonun daxili imkanları hesabına başa gələn layihələrin həyata keçirilməsi üçün icra hakimiyyəti cidd-cəhdlə hərəkətə keçib. Bu günlərdə reallaşacaq ümumi illik hesabata da hazırlıq gedir.

Göygöl Rayon İcra Hakimiyyəti rayondakı abadlıq-quruculuq işlərinin davam etdirilməsi, rayon ərazisindəki 40 çoxmənzilli binanın dam örtüyünün dəyişdirilməsi və fasad hissəsinin əsaslı təmirini də diqqətdə saxlayır. Xatırladaq ki, ötən ilin avqustunda bu məqsədlə dövlət büdcəsində nəzərdə tutulan prezidentin ehtiyyat fondundan rayon İH-nə 3 milyon manat vəsait də ayrılıb. Görülən işlər barədə hesabatın, müfəssəl bilgilərin veriləcəyi gözlənilir. Rayon rəhbərliyi yerli məmurlara, bələdiyyə sədrlərinə, kənd icra nümayəndələrinə, təhsil, səhiyyə, mədəniyyət şöbələrinə və bütün idarə təşkilat rəhbərlərinə konkret tapşırıqlarını artıq verib. 2018-ci ildə görüləcək işlərin planı da artıq məlumdur. Əslində, ölkə başçısının sərəncam və tapşırıqlarının yerdə icrasının həyata keçirilməsi, icra başçısı Arif Seyidovun işinə həmişə olduğu kimi tələbkarlıqla yanaşması, dinamik olması olduqca təqdirəlayiqdir. Fəqət, bizi düşündürən və narahat edən odur ki, Göygöl İHB öz funksiyasını həyata keçirərkən hər hansı ictimai-sosial narazılıq baş qaldırmasın, məmurlar arasında şəxsi maraqlar zəminində qalmaqallı olaylar yaşanmasın. Bunlardan daha əsası isə odur ki, ölkə başçısı cənab İlham Əliyevin bütün rayonlar kimi, Göygöl rayonuna da bəslədiyi diqqət və qayğısı hansısa məmurların özfəaliyyəti ucbatından ahəngini dəyişməsin. Bu yayqın və pis tendensiyaya icra başçısı səviyyəsində yol verilməsin. Bunun artıq baş verdiyini və ya belə bir halın bu rayonda olmadığını deməkdə isə çətinlik çəkirik. 

FOTOLAR MÜƏLLİFİNDİR 




 
Ötən yazılarmızın birində də qeyd etdiyimiz kimi, Arif Seyidovun Göygöl şəhəri üzrə icra nümayəndəsi öz çinindən istifadə edərək uzun illərdir Göygöl Suvarma Sistemləri İdarəsinə qarşı saymazyanalıq, özbaşınalıq nümayiş etdirir. Belə ki, idarənin sabiq rəisi Namaz Quliyevlə dostluq münasibətlərindən yararlanan M.Məmmədov oğlu Elnur Məmmədovun adına rəsmiləşdirdiyi 10 hektarlarla torpaq sahəsini həmişə pulsuz suvarıb. İmkanlarından yararlanaraq geniş ərazidə əkinəyararlı torpaq sahəsini icazəsiz qazaraq özünə balıqçılıq təsərrüfatı da yarada bilib. Buna dair lazımi qurumlarla rəsmi razılaşma aparılmasa da, Seyidovun öz nümayəndəsinə xeyir-dua verdiyi dəqiqdir. Sizcə, başqasına buna bənzər imkanı əsla tanımayan icra başçısı M.Məmmədovun yoluna niyə yaşıl işığını yandırıb? Axı biz biləsi, Arif müəllim balıq tutmağı sevməyən bir xarakterə malikdir.

Məlumata görə, hətta sözügedən iki iri gölün qurulmasında, lazımi qazıntı işlərinin aparılmasında Arif Seyidovun göstərişi ilə Göygöl SSİ-nin traktorlarından istifadə edilib. Maraqlıdır, axı nümayəndəsinin gölləri onun nəyinə lazım imiş? Əlavə qeyd edək ki, göllər bir neçə il ard-arda rusiyadan qayıtmış bir iş adamına icarəyə verilib. (qeyri-rəsmi-red)

Yerli məmur uzun illərdir ki, suvarmaya ehtiyac duyan sadə əkinçiləri belə düşünmədən Gəncə çayının suyunu gecə-gündüz öz torpaq sahəsinə axıdaraq havayıca mənimsəyib. Bu kimi səbələrdən hər il yayın isti günlərində 100 hektarlarla torpaq sahəsinin suvarılmasında ciddi problemlər baş qaldırıb. İnsanlar su qıtlığından şikayətçi düşüb. Nəticədə 2017-ci ilin yayında olduğu kimi, tələbatı ödəmək məqsədilə hər yay artezianların fasiləsiz işləməsi elektrik limitini ilin ortasındaca tükəndirib. İdarənin supulunu vaxtında və düzgün qaydada yığa bilməməsi əlavə tədbirlərin də görülməsini mümkünsüzləşdirib. Lakin Namaz Quliyevin rəisliyi dövründən saxta statistik müqavilə ilə dövlət nəfinə real ödənişdən yayınan Mirzə Məmmədov və onun bu özbaşınalığına susqun qalan cənab Arif Seyidovu bu kimi hallar az narahat edib. Məlumata görə, icra başçısının yeznəsi Şamo Abbasovun (İHB-də məmur-red) da həmin ərazidə 10 hektarlarla torpaq sahəsi var və o da uzun illərdir asanlıqla Gəncə çayının pulsuz suvarma kampaniyasından yararlana bilib.

İlqar Məhərrəmov-Göygöl SSİ-nin rəisi

 Saytımıza o da bildirilib ki, rayon SSİ-nin rəisi İlqar Məhərrəmov artıq yerli məmurlarla bacara bilmir. Rayonun su ehtiyyatının əsas hissəsini təşkil edən Gəncə çayı aşkar inhisara məruz qalıb. Məntiqlə düşünsək, bu kimi hallar ömrünün yarıdan çoxunu torpaqların suvarılmasına həsr edən, suyun ana torpaqla vəhdətini anlayan Əhməd müəllimin və onun komandasındakı ləyaqətli insanların əməli işlərini ləngidən amildir. Axı, anlamaq lazımdır ki, Azərbaycan "Meliorasiya və Su Təsərrüfatı ASC" -nin mühüm öhdəlikləri var. Onlar ölkəmizin kənd təsərrüfatının suvarılmasına mükəlləf olan melioratorlardır. Əgər kənd təsərrüfatının inkişafını yerli məmurlar da istəyirsə, süni əngəllər yaratmaqdansa onlara dəstək olmağı düşünsünlər. 

Göygölün adıçəkilən məmurunun timsalında, rayon torpaqlarının ayrıseçkilik edilmədən suvarılmasını təmin etməyə çalışan SSİ-nin su resurslarına qarşı belə dağıdıcı və işğalçı münasibət göstərmək isə yezidlikdir, özbaşınalıqdır. Bu kimi problemlərdən yeganə çıxış yolu isə yalnız Bakıdan - ali ranqlı məmurların məsələyə müdaxiləsindən keçir. 

Osman Nərimanoğlu

Adıçəkilən hər kəsin söz haqqı var!

P.S - Mövzu diqqətimizdədir. Göygöl SSİ-dəki mövcud özbaşınalıqlar və nöqsanlar barədə icra başçısına hansı kompromatların ötürülə biləcəyini də bu günlərdə oxucularımıza axtarmağa çalışacağıq.

"Demokratik.Az"

 

Oxşar xəbərlər