Müxalifətin 20 Yanvar “şousu”, “Azadlıq” və “İstefa” şüarları...

  • 22 yan 2018, 08:13

Natiq Cəfərli: "Belə anım mərasimlərini reklama çevirmək siyasi partiyalar üçün ayıbdır”

20 Yanvar faciəsi günü ölkənin müxalif qurumlarından bəzilərinin Şəhidlər Xiyabanını ziyarət edərkən göstərdikləri şou sosial şəbəkələrdə ciddi etiraz doğurub. Xalqımızın ən ağrılı tarixlərindən sayılan bu faciədən əsasən AXCP-dən ibarət Milli Şura və Müsavat kimi qurumların siyasi divident götürmək cəhdləri qınanır, tənqid olunur. 

Məlumatı olmayanların diqqətinə çatdırırıq ki, əvvəlcə faciə ilə bağlı Şəhidlər Xiyabanını ziyarət edən AXCP sədri Əli Kərimli başda olmaqla cəbhəçilər ziyarətə maneələrin yaradıldığı barədə sosial şəbəkələrdə statuslar paylaşıblar. Hətta AXCP lideri canlı yayıma qoşulub və bunu hökumətin təxribatı kimi qələmə verib. Bunun üstündən qısa müddət keçmiş Müsavat Partiyası rəhbərliyi və tərəfdarları maneələrdən söz açıblar. Sanki Milli Şuranın kölgəsində qalmamaq, yəni onlara da maneələrin yaradıldığını göstərməyə çalışıblar. 

Əsas hiddət doğuran məqam isə bu qurumların tərəfdarlarının ziyarət zamanı "Azadlıq”, "İstefa” kimi şüarlar səsləndirməsidir. Sanki özlərini Şəhidlər Xiyabanında deyil, keçirdikləri hansısa etiraz mitinqində hiss ediblər.

Ziyarətə gedənlərin çoxunun bu cür maneələrin yaradılmaması barədə çoxsaylı statuslarına rast gəlirik. Maraqlıdır ki, digər siyasi qurumların tərəfdarları da heç bir maneələrə rast gəlmədən şəhidlərimizi ziyarət etdiklərini, sadəcə, adları çəkilən müxalif qurumların özlərinin nüfuzlarını qaldırmaq üçün bu cür yola əl atdıqlarını bildirirlər. 

Acı reallığı öz Facebook səhifəsində göstərən REAL funksioneri, iqtisadçı ekspert Natiq Cəfərli hər iki düşərgənin sərt hücumlarına məruz qalıb. Onun ziyarətlərinin əks etdirən fotosunun rəyində ziyarətə maneələrin yaradılmadığını göstərməsi cəbhəçiləri sözün həqiqi mənasında hərəkətə gətirib. İqtisadçı ekspert ən ağır formada tənqid olunur, hətta onun yazdığı rəy screen edilərək, sosial şəbəkələrdə paylaşılır, həmin paylaşımların altında isə o sərt tənqidlərə məruz qalır. Ənənəvi olaraq, N.Cəfərliyə "xain” damğası yapışdırılır, guya onun sifariş yerinə yetirdiyi bildirilir.



REAL funksioneri "Yeni Müsavat”a açıqlamasında bunları dedi: "Ziyarətimizi əks etdirən foto paylaşmışdım. Heç bir çətinlik və maneçilik olmadan ziyarətimizi həyata keçirdik. Şəhidlərimizin ruhuna hörmət olaraq borcumuzdan çıxdıq. Paylaşdığım fotoda biri soruşdu ki, sizə maneələr olmadı? Cavabımda isə heç bir siyasi təşkilatın adını çəkməyərək, maneələrlə üzləşmədiyimizi göstərdim. Həqiqətən də belə oldu, ziyarətə gələnlərin heç birinə maneçilik yaradılmadı. Əslində məsələnin necə olduğunu hər kəsin bilməsi vacibdir. Bakı Şəhər Polis İdarəsi bütün partiyalara, siyasi təşkilatlara, o cümlədən, bizə zəng etmişdi ki, saat 14:00-dan sonra ziyarətə gəlin. Biz təbii ki, onların sözünə qulaq asmadıq, amma qarşıdurmaya da getmədik. Öz tədbirimizi saat 13:00-a təyin etmişdik. Təqribən 150-ə yaxın REAL-çı ilə ofisimizin qarşısında görüşüb ziyarətə getdik. Biz ora çatanda saat ikiyə işləmişdi. Bir müddətdən sonra bizi ziyarətə buraxdılar. İndi bu vəziyyətin yaradılmasının doğru olub-olmaması başqa bir mövzunun söhbətidir. Amma düşünürəm ki, bu, doğru deyil və gələcəkdə bu cür hallardan əl çəkilməlidir. Biz ziyarətə gedərkən doğrudan da hamının qarşısı kəsildi. Orada sadə vətəndaşlar siyasi partiya nümayəndələrindən qat-qat çox idilər. Bütün baş verənlər mənim gözüm qarşısında görə biləcəyim məsafədə baş verirdi. 

Bir çox hallarda siyasi şüarların səsləndirilməsi də vəziyyəti gərginləşdirdi. Ümumiyyətlə, belə anım ziyarətlərində siyasi şüarların səsləndirilməsi doğru deyil. Mən bu fikirlərimi yazmışdım. Əks tərəf arqument gətirməkdənsə, çox iyrənc formada ənənəvi olan insanları təhqir etmək yolundan istifadə etdilər. Onların bu cür iyrənc "ənənələri” var. Təhqir edənlərin əksəriyyəti də heç tanımadığımız insanlardır. Bildiyim qədəri ilə bir şəxs bir neçə profil işlədir. Görürsən ki, eyni cümlə, stil, münasibətdir. 

Açığı, bununla bağlı bir qədər əsəb keçirdim. Amma dostlarla danışandan və şərhlərdə gedən müzakirələrdən sonra xeyli sakitləşdim. İnsanların danışıq qabiliyyəti və dünyagörüşləri budur: kim əleyhimizə danışırsa, bizə səs vermirsə, satqındır. Bu dünyagörüşü və yanaşma faciədir. Onların aralarında çox yaxşı insanlar var, gənclər təmsil olunur, perspektivləri kifayət qədər yüksək olanlar var. Dünyanı "ağ-qara” görə-görə özlərini kor ediblər, cəmiyyəti də kor qoymağa çalışırlar. Bu da doğru yanaşma deyil. Ziyarətlə bağlı məlumat xarakterli fotolar paylaşmaq problem deyil. Hər hansı bir siyasi təşkilatın fəaliyyətini canlandırması, mediaya açıq olması normal bir şeydir. Amma bu siyasi divident gətirə biləcək bir məsələ deyil. 20 Yanvar bizim fəxr, qürur duyduğumuz yerdir. REAL-ın idarə heyəti üzvləri bir neçə ildir cəmiyyətə bu cür mesajlar verirlər ki, bu ümid yerimizdir, qürurumuzdur, azadlıq mücadiləmizdir, bunu yasa çevirmək olmaz. Artıq bu il görürəm ki, insanların çoxu bunu bu şəkildə təqdim etməyə, qavramağa başlayıblar. Siyasətçinin işi bu olmalıdır, cəmiyyətin fikirlərini dəyişmək, neqativ halları arxa plana çəkib pozitivliyə, qəhrəmanlığa kökləmək. Yoxsa 20 Yanvar faciəsində üzvlərin sayının ölçülməsi, bununla da güc nümayiş etdirilməsi absurddur. Azərbaycanda 10 milyon insan var, onların içərisindən bir siyasi təşkilatın 150, yaxud 500 nəfərlə ziyarətə gəlməsi heç bir faiz də etmir. Belə anım mərasimlərini reklama çevirmək siyasi partiyalar üçün ayıbdır”.

Cavanşir ABBASLI,
"Yeni Müsavat”

Oxşar xəbərlər