Günün ağlayan şeiri: "Şəhidlər"

  • 20 yan 2018, 11:39

Qanlı "20 yanvar" faciəsi bir çox şeirlərdə də öz əksini tapır. 

"Demokratik.Az" hadisənin canlı şahidi, Xalq şairi Bəxtiyar Vahabzadənin "Şəhidlər" şeirini günün kövrək şeiri olaraq oxucuya təqdim edir :

Qatil gülləsinə qurban gedərkən,

Gözünü sabaha dikdi şəhidlər.
Üçrəngli bayrağı öz qanlarıyla
Vətən torpağına çəkdi şəhidlər.

***

Zalım öyünməsin zülmləriylə,
Min bir böhtanıyla, min bir şəriylə.
Həqiqət uğrunda ölümləriylə
Ölümü kamına çəkdi şəhidlər.

***

O şənbə gecəsi, o qətl günü,-
Mümkünə döndərdik çox namümkünü.
Xalqın qəlbindəki qorxu mülkünü,
O gecə dağıdıb sökdü şəhidlər.

***

Tarixi yaşadıb diləyimizdə,
Bir yumruğa döndük o gecə biz də.
Yıxıb köləliyi ürəyimizdə
Cəsarət mülkünü tikdi şəhidlər.

***

Onlar susdurulan haqqı dindirər,
Qaraca torpağı qiymətləndirər.
Donan vicdanları qeyrətləndirər,
Axı, el qeyrəti çəkdi şəhidlər.

***

Bilirik, bu bəla nə ilkdi, nə son,
Ölürkən uğrunda bu ana yurdun.
Quzu cildindəki o qoca qurdun,
Doğru, düz cildini çəkdi şəhidlər.

***

Dözdü hər zillətə, dözdü hər şeyə,
"Dünyada mənim də haqqım var”,- deyə
Kütləni xalq edən müqaviləyə
Qanıyla qolunu çəkdi şəhidlər.

***

İnsan insan olur öz hünəriylə,
Millət, millət olur xeyri, şəriylə.
Torpağın bağranı cəsədləriylə,
Azadlıq tumunu əkdi şəhidlər.

Oxşar xəbərlər