Xəlil Rza Ulutürk istiqlalçılıq və türkçülük timsalıdır

  • 18 yan 2018, 19:59
Görkəmli rus tənqidçisi V.Q.Belinski deyirdi ki, şairin bütün əsərləri məzmun və forma etibarilə nə qədər müxtəlif olsa da, ümumi bir simaya malikdir; yalnız onların özünə məxsus olan xüsusiyyətləri vardır. Çünki bunların hamısı bir şəxsiyyətin, vahid və bölünməz bir mənliyin məhsuludur. Buna görə də onun əsərlərinin ruhunu, xarakterinin izahını birinci növbədə şairin şəxsiyyətində axtarmaq lazımdır.

Xalq şairi Xəlil Rza Ulutürkün də yaradıcılığına yetərincə bələd olmaq üçün, hər şeydən öncə, onu bir şəxsiyyət olaraq tanımaq çox önəmlidir. B. Nəbiyevin "İstiqlal şairi", Ə.Əsgərlinin "Milli ideal mücahidi" adlandırdığı Ulutürk doğma Azərbaycanını canından əziz tutan, Vətəninə sevgisini təkcə sözü ilə deyil, əməlilə də sübuta yetirən vətənpərvər insan, başqalarına örnək ola biləcək güclü şəxsiyyət olmuşdur. Ədəbi azadlığın və cəsarətin meydanı dar olan durğunluq illərində belə bəzən açıq-açığına, bəzən isə sətiraltı mənalarla fikrini oxucusuna çatdırmaqdan çəkinməmişdir. Hər şair poeziyada öz taleyini yaşayır, amma hər şair öz poeziyasına bənzəmir. Yəni poeziyadakı tənqidlər, çağırışlar, duyğu və düşüncələr, çılğınlıq bir çox hallarda şairin şəxsiyyətində öz ifadə və tətbiqini tapmır. Məhz bu uyğunsuzluq səbəbindən oxucu çox zaman şairin çağırışlarına məhəl qoymur, onun tribunalardan vətənlə, xalqla, vətəndaşlıq və fədakarlıqla bağlı qaldırdığı hay-küyü etinasızlıqla qarşılayır. Xəlil Rza Ulutürk çoxlarından fərqli olaraq, poeziyada şəxsiyyətini, şəxsiyyətində isə poeziyasındakı amallarını gerçəkləşdirmiş, təsdiq etmiş şairlərdəndir. Başqa sözlə, vətənpərvər şair olmaq üçün ilk öncə vətənpərvər insan olmaq lazımdır.

Qırx ildən çox bir dövr ərzində yazdığı şeirləri və poemaları ilə çağdaş Azərbaycan poeziyasının görkəmli simalarından biri səviyyəsinə yüksəlmiş Xəlil Rza Ulutürk hələ Azərbaycan Dövlət Pedaqoji İnstitutunda çalışdığı gənclik illərində vətənini, xalqını, dilini sevməyənlərə öz şeirlərinin dililə ismarıclar göndərir, yeri düşdükcə onları tənqid edirdi. Elə o zamandan Xəlil Rzaya qarşı təqib kompaniyası başlanmış, onun Yazıçılar İttifaqı xətti ilə keçirilən görüşləri məhdudlaşdırılmış, institutdakı dərs saatları azaldılmışdır. Lakin bu təqiblər ürəyi vətən üçün döyünən şairin gözünü qorxutmamışdır. Şeirlərinin mayası Azərbaycana məhəbbətlə yoğrulmuş Xəlil Rza Yazıçılar İttifaqındakı işindən də azad olunsa da, ailəsini dolandırmaq üçün "Bilik" cəmiyyəti xəttilə rayonlara gedib mühazirələr oxuyarkən də azərbaycançılıq təbliğatını davam etdirmişdir. Vətənini sevdiyinə, xalqın gözünü həqiqətlərə açmağa çalışdığına görə tez-tez işdən çıxarılmış, bəzi kitabları Azərbaycan Dövlət mükafatına layiq olduğu halda, bundan məhrum edilmişdir. Lakin heç bir çətinlik Xəlil Rzanın polad iradəsini qırmaq iqtidarında deyildi.

1988-ci ildə Azərbaycanda milli azadlıq hərəkatı başlayanda Xəlil Rza da öz ictimai-siyasi fəaliyyətini genişləndirmiş, respublikanın bir çox bölgələrində siyasi təbliğat işi aparmış, "Azadlıq" radiosuna intervülər vermiş, 20 Yanvar hadisələri haqqında həqiqətləri dünya ictimaiyyətinə bəyan etmiş, "Qanlı cəllad Mixail Sergeyeviç Qorbaçova" şeiri ilə Qorbaçov və mənfur imperiyanın törətdiyi dəhşətli cinayətləri, onların mahiyyətini xalqa çatdırmışdır.
26 Yanvar 1990-cı ildə guya milli ədavəti qızışdırdığına görə Azərbaycan SSR Cinayət Məcəlləsinə əsasən Xəlil Rzaya cinayət işi açılmışdır. Şair 1990-cı ilin 26 yanvarından 4 oktyabrına qədər Moskvanın Lefortovo zindanında saxlanılmışdır. Azadlığa buraxıldıqdan sonra 1991-ci il aprel ayının 15-də Rəfiq Zəka Xəndanla birlikdə Türkiyəyə getmişdir. Ömrünün son illərində müalicə məqsədilə Türkiyə, Almaniya və Fransada olmuş, 21 iyun 1994-cü ildə şəkər xəstəliyindən vəfat etmişdir. Bakıdakı Fəxri Xiyabanda dəfn olunmuş, qəbri üstdə əzəmətli heykəli ucaldılmışdır. Şair 1995-ci ildə (ölümündən sonra) Azərbaycan Respublikasının "İstiqlal" ordeni ilə təltif olunmuşdur.

Ədəbi fəaliyyətə 50-ci illərin sonlarından başlayan Xəlil Rza Ulutürkün yaradıcılığı üçün ən səciyyəvi xüsusiyyət millilik olmuşdur. Bundan başqa, onun əsərlərində ana dilinə məhəbbət, vətənpərvərlik, ümumbəşəri humanizm, mübarizəyə çağırış ruhu, türkçülük, milli şüur və milli kökə bağlılıq ideyaları da güclü inikas etdirilmişdir. Yaradıcılığının ilk mərhələsində o vaxtkı sovet cəmiyyətinin prinsiplərinə əsaslanan, sovet ənənələrindən təsirlənən şair 60-cı illərdən etibarən bu cəmiyyətdə baş verən demokratik proseslərin təsiri altında milli özünüdərkə yönəlmə baxımından yetkin və cəsarətli əsərlərlə çıxış etməyə başlamışdır. Bu illərdən qüvvətlənən dəyişiklikləri şərtləndirən əsas xüsusiyyətlər müəllifin özünütənqid hissinin güclənməsi, ictimai həyata tənqidi münasibətdə davamlılıq, həqiqət uğrunda mübarizə yolunda inadkarlıq nümayiş etdirməsi və sovet ehkamlarından qurtulmağa can atması olmuşdur. Belə ki, bu dövrdə yazdığı şeirlərin başlıca mövzularını şairin milli düşüncələrinin üstüörtülü şəkildə ifadəsi təşkil etmişdir. Şairin bu dövr yaradıcılığının əsas leytmotivini Azərbaycanın ərazi bütövlüyü, imperiya istimarından qurtuluşu, dövlət müstəqilliyinin təmin olunması kimi ideyalar təşkil etmişdir. Bu meyl artan xətt üzrə inkişaf edərək 80-ci illərdə özünün yüksək mərhəlləsinə çatmışdır. Belə ki, X.R.Ulutürkün isiqlalçılıq məfkurəsinin poetik təcəssümü olan "Məndən başlanır Vətən", "Uzun sürən gənclik", "Davam edir 37..." kimi cürətli kitabları 80-ci illər və ondan sonrakı dövrün məhsuludur.

Xəlil Rza poeziyasının milli istiqlal poeziyası səviyyəsinə yüksəlişi şairin yaradıcılığında yeni mərhələni səciyyələndirən əsas xüsusiyyətdir. Bu mərhələdə milli məfkurə şairin tarixi özünüdərk və fərdi poetik "mən"indən vüsətlənərək bəşəri dərkə mənəvi keçid almışdır. 80-ci illərin əsərləri böyük ideoloq, azadlıq mücahidi, istiqlal məfkurəsinin cəfakeşi olan X.R.Ulutürkün özünüdərkə fəlsəfi-estetik baxışlarını inikas etdirmişdir - millilik ideologiyasına qüdrətli çağırış ruhu ilə seçilən bu şeirlər böyük şairin mübarizə proqramına, həyat idealına çevrilmişdir. Ulutürkün özünəmünasibətdən, etirafdan qaynaqlanan ictimai etirazları ictimai-siyasi haqsızlıqıarın və imperializmin tənqidi səviyyəsinə yüksələrək onun 80-ci illər poeziyasının bədii meyllərindən birini təşkil etmişdir.

Xəlil Rza Ulutürkün sonradan ədəbiyyatşünaslar tərəfindən "Həbsiyyə" adlandırılan şeirləri ədibin yaradıcılığında ayrıca bir mərhələ hesab oluna bilər. İlk dəfə "Davam edir 37..." kitabında (1992) yer alaraq "Qıfılı o üzdən olan qapılar" başlığı ilə verilən bu silsilə həyat yoldaşı Firəngiz xanıma müraciət formasında yazılmış "Xüsusi təyyarədə" şeiri ilə başlayıb, şairin uğurlu fəxriyyələrindən biri hesab oluna biləcək "Poeziya hökmdarı" şeiri ilə bitir. "Həbsiyyə" şeirlərinin ümumi mövzusu azadlıq, istiqlaliyyət olsa da, əhatəli və geniş həyat materialına malikdir. Belə ki, şair ürəyindən və fikir süzgəcindən keçirdiyi bütün hiss və düşüncələri məhbəs həyatının dəmir barmaqlıqları arasından baxışı ilə birləşdirərək sözə çevirmişdir. "Qorxu girmədi qəlbə", "Zindanda Novruz bayramı", "Sənsiz necə dönüm evə", "Zindanda gəncləşirəm", "Yazıq deməyin mənə", "Sizi gördüm" və s. şeirlərdə əks olunmuş əyilməzlik, sarsılmazlıq, həqiqətin qələbəsinə böyük inamın ifadəsi düşündürücü qüvvəyə malik olmaqdan başqa, həm də mübarizə üçün stimul verir.

Məhbəs həyatı böyük şairin özünüdərkinə təkrar baxışıdır. Burada yaşadığı çətin günlər və məhrumiyyətlər belə azadlıq aşiqini sarsıtmamış, öz əqidəsindən döndərə bilməmişdir. Bu şeirlərin mayası həzin kədərlə yoğrulsa da, nikbin poeziya nümunələri kimi meydana çıxmışdır. Yalnız siyasi motivlər üzərində qurulan zindan şeirləri güclü pafosa malik olması ilə diqqəti daha çox cəlb edir.

Xəlil Rza poeziyasının səciyyəvi cəhətləndirən biri şeirinin təsirli, yanıqlı olması, daxili həyəcan və təlatümləri dilləndirməsidir. Həyatın acı həqiqətlərini, ziddiyyətlərini şeirinə gətirərək münasibət bildirən Xəlil Rza Ulutürk dramatik poeziya ustasıdır. Lirik qəhrəmanı inadkar və sarsılmaz, cəsur və mübariz olan şair həyat və sənətdəki ideya mövqeyini dürüst seçmiş, öz poetik istedadına güvənərək bu məfkurə uğrunda mübarizənin önündə getmişdir. Odur ki, bir çox, xüsusilə də, son illərdəki şeirləri Azərbaycan xalqını böyük ideallar uğrunda səfərbər etmək məqsədi daşıdığından publisistik ruhlu, ciddi ictimai-siyasi pafosa malik əsərlər olmuşdur. Şairin mücadilə ruhlu ən yaxşı poetik örnəklərinə nümunə olaraq "Səlahiyyət istəyirəm!", "Silahlan!", "Hara qaçırsan, dayan!", "Qorxaqlıq, cəsurluq" və bu kimi başqa şeirlərin adlarını qeyd etmək olar. Vətənin istiqlaliyyəti ilə usanmaz mübarizə aparmış Xəlil Rza Ulutürkün bu kimi şeirlərinin mərkəzində xalqımızın faciəli taleyi, tarix boyunca əzablardan keçən iztirablı həyat yolu dayanır və müəllif hər bir Azərbaycan vətəndaşını ayıq-sayıq olmağa, çətinliklərdən qorxmayaraq düşmənə sinə gərməyə çağırır. Təkcə Azərbaycanın deyil, bütün türk dünyasının qüdrətli sənətkarı olan X. R. Ulutürk istiqlalçılıq və türkçülük timsalıdır. İnanırıq ki, böyük şairin həyat və yaradıcılığı hələ çox illər sonra da örnək olaraq yaddaşlarda yaşayacaqdır. /
"Kaspi" qəzeti/

Oxşar xəbərlər