REAL Tiflisdə qurultay keçirəcəklərini təkzib edir

  • 12 yan 2018, 08:28

Natiq Cəfərli: "Təsis qurultayının ölkədə keçirilməsinə nail olacağıq”

Azərbaycanda qurultay keçirmək üçün yer ala bilməyən REAL Hərəkatı üzünü qonşu Gürcüstana çevirə bilər. Yanvarın 21-də Tiflisdə hərəkatın qurultayının keçiriləcəyi barədə xəbərlər yayılıb. Bu barədə məlumat yayan virtual.org saytı qurultayda iştirak edəcək nümayəndələrdən birinin məlumat verdiyini göstərib.

Özü də qurultay gizli keçirilə bilər. Belə ki, tədbirə hazırlıq işlərinin başlanmasına hələ çox qalmış onun təşkilatçıları iştirakçılara xəbərdarlıq ediblər ki, hərəkatın qurultayı barədə məlumatı yaymasınlar. Bununla belə, virtualaz.org məlumat verir ki, REAL-ın qurultayında iştirak etmək üçün Gürcüstan paytaxtına 100-dən çox nümayəndə yollanacaq.

Hərəkatın icraçı katibi Natiq Cəfərli "Yeni Müsavat”a açıqlamasında yayılan məlumatı təkzib etdi: "Bu xəbəri oxumaq bizim üçün də çox böyük bir sürpriz oldu. Çünki belə bir müzakirələr, ümumiyyətlə, olmayıb. Bu fikrin yayılmasının qaynağının haradan gəldiyini təxmini bilirəm. Çünki sosial şəbəkələrdəki qruplarda gənclər, bəzi insanlar belə bir təkliflə çıxış etmişdilər. Deyirdilər ki, Azərbaycanda hökumət qurultay üçün yer vermirsə, AXCP və Müsavata ayrılan yerlər REAL-a vermirsə, o zaman bəlkə xaricdə, o cümlədən Tiflisdə keçirək. Bu barədə qruplarda açıq müzakirələr olmuşdu. Mənə elə gəlir ki, o müzakirələrdən çıxış edərək, belə bir xəbərin düzəldilməsinə çalışılıb. Əsl qaynaq yoxdur, sadəcə, facebookda gedən müzakirələrdən hazırlanan xəbərdir. Məqsədimiz Azərbaycanda ölkə qanunlarına uyğun olaraq, qurultayın keçirilməsidir. Çalışacağıq ki, ölkə qanunları çərçivəsində qurultayımızı keçirək. Yeri gəlmişkən, bu il həm də Cümhuriyyətin yüz illiyidir. Yüz illiyin keçirilməsi, bu ilin ”Cümhuriyyət ili" elan olunması ilə bağlı fərman da imzalanıb. Düşünürük ki, Cümhuriyyətin yüz illiyində, belə bir vacib ildə Azərbaycan ərazisində Cümhuriyyətin dəyərlərini əsas əqidəsi kimi elan edən bir təşkilatın təsis qurultayının ölkədə keçirilməsinə nail olacağıq. Yenidən müraciətlərimizi edəcəyik. Çalışacağıq ki, qanunlara əməl edərək təsis qurultayımızı keçirək. Bu xəbərin, bir daha deyirəm ki, sosial şəbəkələrdə gedən müzakirələrdən qaynaqlandığını düşünürəm. Bu günə qədər qurultayın ölkə xaricində keçirilməsi ilə bağlı təkliflər çox olub. Hətta regionlarda belə qurultayın keçirilməsini təklif edənlər olub, kiminsə bağ evində qurultayın keçirilməsi təklifi belə olub. Təkliflər hər zaman olur. Biz demokratik və açıq təşkilatıq. Son qərarı İdarə Heyəti və Təşkilat Komitəsi verəcək. İdarə Heyəti və Təşkilat Komitəsinin gündəliyində isə açığı, belə bir məsələ yoxdur. Çıxan xəbərləri telefon zəngində hərəkatın rəhbəri İlqar Məmmədova bildirəcəyik. Onun da yəqin bu məsələ ilə bağlı öz fikri olacaq. İlqar Məmmədov qurultayın Azərbaycanın qaydalarına uyğun olaraq keçirilməsi və təşkilatın qeydiyyatdan keçməsinin tərəfdarıdır. Əslində qalsa, qurultayın xaricdə keçirilməsinin heç legitim hüquqi əsası da yoxdur. Çünki xaricdə keçirilən bu tipli tədbirlər həmin təşkilatın Azərbaycanda qeydiyyatdan keçməsinə əsas vermir. Hərəkatda çoxluq təsir qurultayının keçirilməsinin tərəfdarıdır. Amma həmin çoxluq da qurultayın qaydalara uyğun keçirilməsini istəyir. Əsas müzakirələr də bu yöndə gedir".

Gürcüstanın Bakıdakı səfirliyi müxalif REAL Hərəkatının Tiflisdə qurultay keçirməsi haqda informasiyaya reaksiya verib.

Səfirliyin mətbuat xidmətinin başçısı Kaxa Abdaladze virtualaz.org-a bildirib ki, onlarda bu barədə heç bir informasiya yoxdur.

"Hər halda, biz bu barədə Tiflis ilə əlaqə saxlayacaq və əgər hansısa informasiya olacaqsa sizə deyəcəyik”, - deyə, gürcü diplomat bildirib.

Oxşar xəbərlər