ADAU rektoru fakültə kollektivləri ilə görüşüb

  • 08 yan 2018, 10:12

Azərbaycan Dövlət Aqrar Universitetində tədris prosesinin modernləşdirilməsi qarşıya qoyulan əsas vəzifələrdəndir. Ölkə prezidenti İlham Əliyevin xüsusi qayğısı və diqqəti sayəsində son illərdə universitetin maddi-texniki bazasının dünya standartlarına uyğun yenidən qurulması tədrisin keyfiyyətinin yüksəldilməsinə əlverişli zəmin yaradıb,  aqrar mütəxəssis hazırlığına töhfələrini verib.Təkcə 2016 və 2017-ci illərdə  iki böyük tələbə evi kompleksinin tikilib istifadəyə verilməsi aqrar təhsilə, aqrar elmə göstərilən qayğının bariz nümunəsidir.

Son 4 ildə Aqrar Universitet çox böyük uğurlara imza atıb. Maddi-texniki baza əsaslı şəkildə möhkəmləndirilib, tədris  prosesinin daha da yaxşılaşdırılması üçün əlverişli şərait yaradılıb. Professor-müəllim heyətinin işə məsuliyyəti xeyli yüksəlib. Perspektivli, innovativ gənclər hesabına kollektivdə uğurlu gəncləşmə siyasəti aparılıb.  Çoxsaylı tədris-təcrübə sahələri, istixanalar, açıq və qapalı balıqyetişdirmə, quşçuluq mərkəzi, bitkiçilik və baytarlıq klinikaları, 20 baş cins mal-qarası, 4 baş atı olan heyvandarlıq kompleksi və digər müasir  laboratoriyalar yaradılıb. Tələbə-müəllim münasibəti ən şəffaf həddə çatıb. 

ADAU-nun mətbuat xidmətindən bildirilib ki, bu fikirlər universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərovun yeni ildə qarşıya qoyulan vəzifələrlə əlaqədar fakültələrdə keçirdiyi görüşlərdə səslənib. Aqronomluq, Baytarlıq təbabəti və zoomühəndislik, Mühəndislik fakültələrin kollektivləri ilə keçirilən görüşlərdə birmənalı şəkildə deyilib ki, 2018-ci ildə həllini gözləyən ciddi məsələlər var. Görüşlərdə rektor Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilən "Azərbaycan Respublikasında  kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə göstərildiyi kimi, kənd təsərrüfatı sahəsində ölkənin kadr hazırlığının mərkəzi olan Azərbaycan Dövlət Aqrar Universitetinin bütün laboratoriyalarının tamamilə yenilənməsindən, müasir avadanlıqlarla  təchiz edilməsindən danışıb, tədris plan və proqramlarının, mühazirə mətnlərinin təkmilləşdirilməsini vurğulayıb,  2018-ci ildə kollektivin  qarşısında dayanan mühüm məsələləri diqqətə çatdırıb.

Aqronomluq fakültəsinin dekanı Məhərrəm İsmayılov, heyvandarlıq və balıq məhsulları istehsalının texnologiyası kafedrasının müdiri Qəmbər Abdullayev, əczaçılıq və baytarlıq-sanitariya kafedrasının müdiri Mirzə Əliyev və başqaları çıxış edib, qarşıda duran vəzifələrin məsuliyyətindən danışıblar.

Analoji görüşlər digər fakültələrdə də keçiriləcəkdir.

Demokratik.Az

Oxşar xəbərlər