Horadiz şəhidlərinin xatirəsi yad edilib

  • 06 yan 2018, 15:28

"Demokratik.Az"-ın məlumatına görə, dünən - yanvarın 5-də Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin (DAMM) və İctimai Nəzarət Koalisiyasının (İNK) birgə təşkilatçılığı ilə Horadiz əməliyyatının 24-cü ildönümü qeyd edilib.

Tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini yad edib, abidəsi önünə əklil qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Sonra Şəhidlər xiyabanına gələn mərasim iştirakçıları Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının, eləcə də Horadiz şəhidlərini xatirəsini yad ediblər.

DAMM-nin ofisində davam edən tədbirdə ehtiyatda olan polkovnik, həmin günlərdə Azərbaycan ordusunun uğurlu döyüş əməliyyatlarına rəhbərlik etmiş komandirlərdən Zahid Teymurov Horadiz əməliyyatının ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirildiyini bildirib.

Qeyd edilib ki, 2016-cı ilin aprel döyüşlərinə qədər Horadiz əməliyyatı ordumuzun ən uğurlu döyüş əməliyyatı olub. Əməliyyat Füzuli rayonunun Horadiz qəsəbəsi və 21 kəndinin azad edilməsi ilə başa çatıb. Horadizə Azərbaycan bayrağı sancılandan bir müddət sonra Ümummilli Lider işğaldan azad edilən torpaqlarımıza gələrək qəhrəman döyüşçülərlə görüşüb.

Tədbirdə çıxış edən ehtiyatda olan polkovnik Həmid Cəfərov, DAMM-nin sədr müavini Rasim Məmmədov, hüquq departamentinin baş məsləhətçisi İlham Kərimov və başqaları Horadiz əməliyyatının təkcə 1994-cü ilin qış kampaniyasında deyil, ümumilikdə Qarabağ müharibəsində ən uğurlu hərbi əməliyyat kimi tarixə düşdüyünü söyləyiblər. Bildirilib ki, Horadiz əməliyyatı nəticəsində Füzuli rayonunun 30 min hektara yaxın ərazisi düşməndən azad edilib. Düşmənin xeyli itki verdiyi əməliyyat zamanı Ermənistan ordusundan qənimət olaraq 3 tank, 6 top, 10-a yaxın nəqliyyat vasitəsi, çoxlu silah-sursat ələ keçirilib. Həmin əməliyyatda qəhrəmanlıq göstərən 8 döyüşçü "Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülüb.

Bildirilib ki, ulu öndər Heydər Əliyevin göstərişi ilə Horadizdə və işğaldan azad olunmuş digər yaşayış məntəqələrində infrastrukturun bərpasına başlanılıb. 2007-ci ildə şəhər statusu verilən Horadiz bu gün ölkəmizin ən abad guşələrindən biridir. Ötən dövrdə burada təhsil, səhiyyə və mədəniyyət müəssisələri, yollar, körpülər, elektrik və suvarma sistemləri tikilib və bərpa olunub. Horadiz əməliyyatı nəticəsində azad edilən ərazilərdə hazırda 60 mindən artıq əhali yaşayır.

Çıxışlardan sorna hərbi vətənpərvərlik mövzusunda ədəbi-bədii kompozisiya təqdim edilib.

"Demokratik.Az"

Oxşar xəbərlər