Türkiyədə 28 terrorçu zərərsizləşdirilib
- 19 dek 2017, 08:00
Türkiyədə son həftə ərzində 28 terrorçu zərərsizləşdirilib.
"Report" xəbər verir ki, bu barədə "Anadolu" agentliyi ölkənin Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb. Məlumata görə, onlardan 9-u məhv edilib, 4-ü diri ələ keçirilib. Daha 15 nəfər isə silahı yerə qoyaraq hakimiyyət orqanlarına təslim olub.
Türkiyənin təhlükəsizlik orqanları bu müddət ərzində separatçı terrorçu təşkilatılarına qarşı 1187 əməliyyat keçirib. PKK terror təşkilatı ilə əlbir olmaqda şübhəli bilinən 148 nəfər, İŞİD-lə əlaqədə olan 75 nəfər, FETÖ-ya qarşı mübarizə çərçivəsində 575 nəfər, sol terrorçu təşkilatlara qarşı mübarizə çərçivəsində 24 nəfər saxlanılıb.
Əməliyyat planlarının gedişində ümumilikdə 4657 nəfər saxlanılıb. Onlardan 822-i terrorçuluqda iştirakda, 119-u qeyri-qanuni miqrasiya ilə bağlı cinayətlərdə, 3716 nəfər narkotik vasitələr və insan alverində şübhəli bilinir.
Bingöl, Ağrı, Bitlis, Diyarbəkir, Mardin, Giresun, Şırnak və Tunceli vilayətlərində terrorçuların 81 sığınacağı və 18 əldəqayırma partladıcı qurğuları, minaları məhv edilib. Bununla yanaşı, xeyli sayda silah-sursat ələ keçirilib.
