Heydər Əliyev məhz buna görə SSRİ rəhbəri seçilməyib

  • 13 dek 2017, 08:33

Heydər Əliyev özünə və ətrafındakılara qarşı tələbkar idi. Qəbul etdiyi qərarların dönmədən yerinə yetirilməsinə çalışırdı. Məsuliyyətsizliyə, intizamsızlığa, səhlənkarlığa dözümü yox idi. Amma bağışlamağı da bacarırdı.

Demokratik.Az teleqraf.com-a istinadən xəbər verir ki. bunu Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə bildirib.

O qeyd edib ki, Heydər Əliyev təşəbbüskarlığı, mütərəqqi ideyaları və hərəkətləri dəstəkləyir və həvəsləndirirdi:

"Qüsurlara və çatışmazlıqlara son dərəcə tənqidi yanaşırdı. Bununla belə o, optimist idi. Əldə edilmiş yaxşı nə varsa, hamısına görə ürəkdən sevinir və onun bu sevinci insanlara da keçir, onları yaradıcı işə səfərbər edirdi. Heydər Əliyev güclü, iradəli şəxsiyyət və sərt təbiətli siyasətçi idi. Lakin onun yüksək mədəniyyəti, dərin biliyi və iti zəkası, ünsiyyət tərzi insanları onun qəbul etdiyi qərarları, verdiyi göstərişləri və tapşırıqları yerinə yetirməyə məcbur etməkdən daha çox, onların doğru və vacib olmasına inandırırdı. Bu və ya digər qərarı qəbul etməzdən əvvəl o, müxtəlif baxışları öyrənir, hər kəsin öz fikrini söyləməsinə və təkliflər verməsinə imkan yaradırdı. Qəbul edilən qərarlar, bir qayda olaraq, müzakirənin məntiqinə uyğun gəlirdi. Bəzən müzakirənin gedişində o sahədə çalışan tanınmış mütəxəssislərin fərqli düşüncələri olsa da, Heydər Əliyevin rəyi həlledici amil olurdu. Mülahizələrini tutarlı dəlillərlə dərindən əsaslandırması və başqalarını inandırmaq bacarığı sayəsində Heydər Əliyevin rəyi ilə son nəticədə hamı razılaşırdı”.

Komitə sədri bildirib ki, işdə kollegiallığa və demokratikliyə nə qədər böyük əhəmiyyət versə də, Heydər Əliyev qərarların qəbulu üçün şəxsi məsuliyyətdən heç vaxt özünü kənara çəkmirdi:

"Şərait tələb etdikdə ən məsul qərarları belə təkbaşına qəbul edirdi. Lider, dövlət başçısı üçün son dərəcə zəruri olan bu gözəl keyfiyyət, əfsuslar olsun ki, onun sələflərində yox idi.

Heydər Əliyev öz qərarlarının və hərəkətlərinin düzgünlüyünə qəti əmin idi, düzgün saymadığı və hamılıqla qəbul edilmiş normalara uyğun gəlməyən hərəkəti etmirdi. Bu inamı ətrafındakılara da sirayət edir, onun qərarlarını və hərəkətlərini hamı üçün anlaşıqlı şəklə salır, insanları səfərbər edirdi. Heydər Əliyevin yüksək işgüzar keyfiyyətlərini, rəhbərlik istedadını və bacarığını bütün obyektiv insanlar, hətta keçmişdə bu və ya digər səbəbdən cəzalandırılmış şəxslər də etiraf edirdilər. Məhz buna görə Azərbaycan üçün böhranlı dövr olan 1990-cı illərdə əhalinin mütləq əksəriyyəti siyasi baxışlarından, digər amillərdən asılı olmayaraq Heydər Əliyevin rəhbərliyə qayıtmasının zəruriliyini anlayır, ölkənin qurtuluşunu onun şəxsiyyəti ilə bağlayırdı. Bu insanların sırasında yaxın keçmişdə Heydər Əliyevə qarşı çıxışlar etmiş, qısa müddət keçdikdən sonra isə onun qanunvericilik orqanının sədri seçilməsi məqsədilə parlamentin çağırılması tələbini imzalamış deputatlar da var idi. Təsəvvür edin ki, o zaman parlamentdə hamı Heydər Əliyevin namizədliyinə səs verməyə hazır idi. Çünki anlayırdılar ki, Heydər Əliyev olmadan Azərbaycanı ağır vəziyyətdən xilas etmək mümkün deyil”.

Heydər Əliyevin Moskvada yaşayıb işlədiyi dövr barədə danışan A.Rəhimzadə ulu öndərin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin olunmasının çox yüksək bir qərar olduğunu vurğulayıb:

"Yəni xalqımızın oğlu bu dövlətin rəhbərlərindən biri oldu. O, Moskvaya vəzifəyə getsə də, Azərbaycanı unutmadı, respublikanın problemlərinin həlli ilə yaxından məşğul olurdu. Eləcə də, SSRİ miqyasında çox böyük işlər gördü. Bunun nəticəsidir ki, Heydər Əliyev keçmiş SSRİ respublikalarında bu gün də böyük hörmətlə xatırlanır. Hələ də belə fikir səslənir ki, əgər Heydər Əliyev SSRİ-nin rəhbəri olsaydı, bu dövlətin taleyi başqa cür olardı. SSRİ-nin xarici işlər naziri Andrey Qromıkonun oğlu öz kitabında yazırdı ki, atam Heydər Əliyevi yüksək təşkilatçılıq bacarığı, insanları arxasınca aparmaq qabiliyyəti olan nüfuzlu şəxsiyyət kimi xarakterizə edib. Qromıko da etiraf edib ki, məhz müsəlman-azərbaycanlı olduğu üçün Heydər Əliyevin SSRİ-nin rəhbəri seçilməsi mümkün olmayıb”.

Oxşar xəbərlər