Avropa Şurası İlqar Məmmədovla bağlı Azərbaycana qarşı prosedura başladı

  • 07 dek 2017, 08:55

Fazil Mustafa: "Bir şəxslə bağlı bu qədər israr edilməsi açıq şəkildə qərəzin göstəricisidir”; Azər Qasımlı: "Ölkə üçün mənfi nəticələr meydana çıxa bilər”

Dekabrın 5-də 47 üzvdən ibarət olan Avropa Şurasının Nazirlər Komitəsi REAL hərəkatının lideri İlqar Məmmədovun şərtsiz azad edilməsi çağırışına riayət etmədiyinə görə, Azərbaycana qarşı prosedur başladıb. Bu barədə "Turan” İnformasiya Agentliyi məlumat yayıb.

Qeyd edək ki, 2010-ci ildə ilk prosedur zamanı komitə rəsmən məhkəməyə hökumətin bu işlə bağlı məhkəmənin qərarlarına təsirinin araşdırılmasını istəmişdi.

Avropa İnsan Hüquqları Məhkəməsi bu qənaətə gəlib ki, İ. Məmmədova qarşı tədbir onun susdurulması və cəzalandırılması məqsədi daşıyır.

İ. Məmmədovdan başqa digər bütün müttəhimlər konvensiyaya əsasən azadlığa buraxılıb.

2014-cü il dekabrın 14-dən bəri Nazirlər Komitəsi dəfələrlə qərarlar və qətnamələr qəbul edib, İ.Məmmədovun təcili və şərtsiz azadlığa buraxılmasını tələb edib.

Ancaq İ. Məmmədov hələ də həbsdədir. Odur ki, Nazirlər Komitəsi işin Avropa İnsan Hüquqları Məhkəməsinə qaytarılması prosedurunun başlanması haqda qərar qəbul edib.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, BQP başqanı Fazil Mustafa daha çox rəsmi Bakının səsvermə hüququndan məhrum edilə biləcəyini düşünür: "Əvvəla deyim ki, bunların bir şəxs üzərindən həyata keçirilməsi nümunəsi ümumiyyətlə yoxdur. Dövlətlərin təməl prinsiplərinin pozulması ilə bağlı addımları varsa, o zaman AŞ PA bu istiqamətdə addımlar ata bilər. Bir şəxslə bağlı bu qədər israr edilməsi açıq şəkildə qərəzin göstəricisidir. Baxın, Rusiyaya qarşı sanksiyalar tətbiq olunanda, bu ölkə səsvermə hüququndan məhrum ediləndə Rusiyanın Krımı işğal etməsi əsas götürülürdü. Əgər prinsip götürülürsə, o zaman Ermənistan Azərbaycan ərazisinin 25 ildən çoxdur işğal edib. O zaman bu prinsipi əsas götürsünlər, onda israrçı olsunlar. Biri var İlqar Məmmədovu azad etmək, biri də var ki, 20% ərazini işğaldan qurtarıb, bir milyon insanı azad etmək. Demək istədiyim odur ki, bu birbaşa Azərbaycanı hədəfə almaq, təzyiq altında saxlamaq istəyidir. Buna da haqlı olaraq Azərbaycanın reaksiyası sərtdir. Bu gün Azərbaycanı, səhəri gün Türkiyəni sıxışdırın, qalacaqsınız özünüzlə baş-başa. Əgər belə edəcəkdinizsə, o zaman bizi niyə ora çağırırdınız? Mən İlqar Məmmədov və onların tanıdıqları məhbusların azad edilməsinin tərəfdarıyam. Bunların həbsxanada saxlanılıb, xüsusi bir məşhurluq qazanmalarına rəvac verməyin heç bir mənası yoxdur. Bütün hallarda Azərbaycanın mövqeyi normal qarşılanmalıdır. Proseduranın necə olacağına özləri qərar verəcəklər. Amma hər halda Azərbaycan əleyhinə verilən qərar Avropa Şurasının ziyanına olacaq. Hesab edirəm ki, daha çox Azərbaycanın səsvermə hüququndan məhrum edilməsi yoluna daha çox üstünlük verə bilərlər. Çünki qurumdan çıxarılma tam absurd bir qərar olar. Bu müəyyən problemlər yarada bilər. Avropa Şurasının qərəzli mövqeyinə qarşı ortaya qoyduğumuz mövqeyimizi haqlı hesab edirəm. Sən axı kim olursan ki, işğalı tanımırsan, Ermənistana bir söz demirsən, mənə bir nəfərə görə təzyiq göstərirsən? Bunun izahı nədir?!”.

REAL hərəkatının idarə heyətinin üzvü Azər Qasımlı isə dedi: "İlk təhlükə budur ki, Avropa İnsan Haqlarına Məhkəməsinə sorğu göndərilsin. Sorğuya cavabda məhkəmə tərəfindən Azərbaycanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi təsbit olunacaqsa, bunun iki nəticəsi ola bilər. Birincisi, ən pis nəticə odur ki, Azərbaycanı AŞ üzvlüyündən tamamilə çıxara bilərlər. İkinci daha yumşaq ola bilər. Üzvlükdən çıxarmasalar da, səsvermə hüququnu əlindən almış olacaqlar, yəni AŞ PA-da ölkənin üzvlüyünü dondurmuş olacaqlar. Bu ölkə adına bizə çox ciddi zərbələr vura bilər. Oradakı ermənilərin qərarlara təsir etmə imkanları artacaq, lobbiçilik fəaliyyətlərini genişləndirəcəklər. Bizimkilər də bunun qarşısını ala bilməyəcəklər. İstənilən halda ölkə üçün mənfi nəticələr meydana çıxa bilər. Ölkəmizi AŞ-dan çıxarsalar, Azərbaycan xarici siyasətinə yenidən baxmalı olacaq. Çünki bu baş versə, Azərbaycan Qərb dünyasından qopacaq. Nəticədə Avropa Birliyi, Amerika və digər Avropa ölkələri ilə münasibətlər korlanacaq. Maliyyə, Dağlıq Qarabağ və digər məsələlərdə bunun mənfi təsirləri olacaq. Faktın özü ürəkaçan deyil. Hesab edirəm ki, Azərbaycan iqtidarı o vaxta qədər İlqar Məmmədovu azadlığa buraxacaq, hansısa bir şəkildə. Biz istərdik ki, İlqar tamamilə bəraət qazansın. Çünki Avropa Məhkəməsinin tələbi budur. Ümidimiz odur ki, bu il İlqar azad olunacaq, özü də bəraət alaraq”.

Oxşar xəbərlər