Azərbaycan Texnologiya Universitetində kütləvi qovhaqov başladı

  • 05 dek 2017, 09:54

Adı hər gün qalmaqalda çəkilən universitetin rektoru indi də 150 işçisini "ixtisar"a salır. Artıq 80 nəfər işini itirib, universitetin 70-dən artıq əməkdaşı isə işsiz qalacaqları günü gözləyir. Bu barədə işçilərə hələ iki ay öncədən rəsmi xəbərdarlıqlar da edilibmiş. Universitetdə əsl xaos yaşanmaqdadır. 

"Demokratik.Az”-a Azərbaycan Texnologiya Universitetindən növbəti məlumat daxil olub. Məlumata görə, rektor Akif Süleymanov ATU-da özünəməxsus kadr islahatlarına start verib. Belə ki, əməllərində anormallıq müşahidə olunan rektor Universitetin mühüm ştatlarını müvafiq icra hakimiyyəti orqanından icazəsiz ləğv etməklə növbəti özbaşınalıqlara imza atmağa qərar verib. Bu barədə iddiaları işindən əsassız qovulduqlarını dilə gətirən bir qrup şəxs bildirib. Saytımıza müraciət edənlərin təqdim etdikləri sənədlərdən, işdən çıxarılma əmrlərindən görünür ki, Azərbaycan Texnologiya Universitetinin Elmi Şurasının13.09.2017-ci il tarixli qərarına əsasən ştatların ixtisarı adı altında rektor Akif Süleymanovun imzaladığı 29.11.2017-ci il tarixli əmrilə universitetin 80 əməkdaşı içlərindən qovulublar. Şikayətçilərin bir çoxunun dediyinə görə, Akif Süleymanovun bu addımı başadüşülən deyil və burada rektor həmişəki kimi öz şəxsi məqsədlərini həyata keçirir: " Biz hesab edirik ki, işdən qovulmağımız rektor Akif Süleymanovun növbəti özbaşınalığıdır və qanunsuzluqdur. Əgər o universitetdə işləməyə layiq olmayan kimisə axtarırsa, onda mütləq güzgüyə baxsın və yaxşı olardı ki, vicdanının səsinə qulaq verib nə etdiyi barədə düşünsün. Bizi artıq universitetə buraxmırlar, kartlarımız dondurulub və nə edəcəyimizi bilmirik. Onu bilirik ki, bəzi ştatların bağlanması qanunauyğun deyildi, amma bizim rektorumuz bunu da etdi, bizi işsiz qoydu. Bəlkə də cənab Süleymanov özünə yeni komanda yığacaq deyə 150 nəfəri pərən-pərən salır?..".

"Demokratik.Az"-a təqdim olunan sənədlərlə hələlik onu deyə bilərik ki, müvafiq qərarla universitetin "kitabxana və nəşriyyat mərkəzi" ləğv edilərək əvəzində "kitabxana və informasiya mərkəzi" yaradılıb. Texniki işçilərin çoxluğu nəzərə alınmaqla "təmizləmə" aparılıb. Eləcə də Universitetin "Texnoloq" qəzeti redaksiyası da əsassız şəkildə sıradan çıxarılıb və bildiyimizə görə hələlik ölkə universitetlərinin heç birində qəzet redaksiyalarının ləğvi baş verməyib.

İşdən çıxarılanlar:

"Texnoloq” qəzetinin əməkdaşları - Redaktor redaktor müavini və qəzetin korrektoru olmaqla - 3 əməkdaşı 

mətbəə işlərindən - 3 əməkdaşı

kitabxanadan - 4 əməkdaşı

fəhlələr, mühafizəçilər, xadimələr – 70-dən artıq

Ümumilikdə hələlik 80 nəfərə yaxın işçi universitetdən qovulub – bir əmrlə işsiz qalıblar. Bu günlərdə daha 70 nəfərin öz işlərini itirəcəkləri bildirilir.

Qarşı tərəfin möveyini işıqlandırmağa hazırıq!

Demokratik.Az

Oxşar xəbərlər