20 Noyabr teraktı Azərbaycanın taleyini dəyişdi...

  • 20 noy 2017, 14:44
Tofiq İsmayılov, İsmət Qayıbov, Məhəmməd Əsədov hakimiyyətdə qalsaydı, Daşaltı, Xocalı faciələri baş verərdimi?.. 

Onlar Azərbaycan dövlətçiliyinin ilk elitar şəhidləri idi...

Həmin gün Azərbaycanın və ümumilikdə regionun taleyini tamamilə dəyişən bir faciə törədildi...  Dağlıq Qarabağa sülh missiyası ilə gəlmiş insanları aparan vertolyot Qarakənd səmasında naməlum şəraitdə yerə salınaraq partladıldı... Vertolyotda Rusiya və Qazaxıstan hərbçiləri və hökumət nümayəndələri ilə bərabər Azərbaycan dövlətinin 7 nümayəndəsi, iki millət vəkili, bir jurnalist və iki televiziya işçisi həlak oldu... 

26 il ötsə də, 20 Noyabrın sifarişçi, icraçı və iştirakçılarının konkret adları aşkarlanmayıb və onlar cəzalandırılmayıb. Düşmən şayiələrindən formalaşaraq nifrəti özümüzə, xalqa yönəltməyə hesablanmış bəsit düşüncələr isə bizləri hədəfdən yayındırır, 20 Noyabr faciəsinin əsl mahiyyətini anlamağa imkan vermir. Bunu anlamaq üçün isə ilk növbədə bir neçə suala cavab vermək lazımdı: O vertolyotda həlak olan Azərbaycan vətəndaşları müstəqil dövlətçiliyimiz, xalqımız üçün kimlər idi? Faciə ərəfəsində bölgədə hansı proseslər gedir və o proseslərdə həmin şəxsiyyətlər necə iştirak edirdi? Bu dövlət xadimlərinin qətli  hansı qüvvələrə və kimlərə sərf edirdi? Tofiq İsmayılov, İsmət Qayıbov, Məhəmməd Əsədov kimi milli qeyrətlərinə şübhə edilə bilməyəcək şəxsiyyətlərin ilk prezident Ayaz Mütəllibovun komandasında hakimiyyət başında olması hansı xarici və daxili qüvvələr qarşısında böyük maneə idi? Onlar qətlə yetirilməsəydi, Qarabağın, Azərbaycanın, xalqımızın, dövlətimizin taleyi necə olardı?.. Və s.


...Onlar cəmi  32 gün əvvəl müstəqilliyini bərpa etmiş Azərbaycanın dövlət və ziyalı elitasının üzvləri idi. Hər biri  şəhid kimi əzizdi. Ancaq ölkəmiz üçün ən önəmli üç fiqur: demək olar ki, Baş nazir statusunda olan Tofiq İsmayılov, dövlət müşaviri (keçmiş daxili işlər naziri) Məhəmməd Əsədov və Baş prokuror İsmət Qayıbov... Bu üçlük Azərbaycanın, regionun taleyinə çox önəmli təsir göstərən və göstərə biləcək şəxsiyyətlər idi. Onların rəhbərliyi altında artıq Qarabağdakı erməni quldur bazalarına sarsıdıcı zərbələr vurulmuş və məsələnin həlli istiqamətində digər siyasi addımlar atılırdu...  

Faciə ərəfəsində keçmiş SSRİ, o cümlədən Güney Qafqaz ərazisində  çox xaotik proseslər gedirdi... Azərbaycanın ilk prezidenti  Ayaz Mütəllibov 1991-ci ilin martında ümumittifaq referendumunda respublika əhalisinin əksəriyyətinin SSRİ-nin saxlanmasına səs verməsinə şərait yaratmış, Ermənistan isə əksinə, referenduma "yox” demişdi... Mütəllibovun özünün dediyinə görə, AXC liderlərinin onu xəyanətdə suçlamalarına rəğmən bu, siyasi bir gediş idi. Məhz referendum məsələsinə arxalanaraq Mütəllibov SSRİ prezidenti M.Qorbaçovun razılığını aldı və 1991-ci ilin aprel-mayında  Gəncəbasar ərazisində keçmiş SSRİ Daxili Qoşun əsgərlərinin dəstəyi və  "OMON” (Xüsusi Təyinatlı Milis Dəstəsi- Məhəmməd Əsədovun əmri ilə 1990-cı ilin payızında yaradılmışdı) döyüşçülərinin fəal iştirakı ilə böyük bir erməni terrorçu bazasının məhv edilməsi ilə nəticələnən Çaykənd əməliyyatı keçirildi... 
Bu, SSRİ DİN-in rəhbərliyi ilə Azərbaycan və Ermənistan ərazilərində  keçirilən "Koltso”("Həlqə”)  adlı ümumi əməliyyatın tərkib hissəsi idi.  Həmin əməliyyatda fəal iştirak etmiş keçmiş MTN polkovniki İlham İsmayıl haqlı olaraq onu "unudulmuş qələbə” adlandırır... Elə  o günlərdə "omonçu”lar  və digər milis bölmələrinin, eləcə də AXC dəstələrinin iştirakı ilə Şuşanın Qaladərəsi, Kirov, Yexhsaox kəndlərində, iyul ayında isə Goranboyun Manaşid, Buzluq, Erkəc kəndlərində və digər yerlərdə düşmənin  bir sıra baza məntəqələri məhv edildi və həmin ərazilərdə sabitlik yaradıldı... Bu uğurda daxili işlər naziri Məhəmməd Əsədovun da rolu şəksiz idi. O, tez-tez qaynar nöqtələrə gedir, yerli əhali ilə sıx ünsiyyətdə  olurdı... Təəssüf ki, sonrakı illər, eləcə də bu gün, o dövrkü Mütəllibov hakimiyyətinə olan antipatiyadandı-nədəndi, qeyrətli vəzifə sahiblərimizin uğurları unutdurulur, kölgə altına salınır... Halbuki, 20 Yanvar şəhidləri kimi, 20 Noyabr şəhidləri ifadəsi də telekanal, qəzet və saytların dilindən düşməməlidir...

1991-ci ilin payızında Rusiya və Qazaxıstanın vasitəçiliyi ilə sülh danışıqları da aktivləşdirilmiş, Jeleznovodskda, İcevanda, Bakıda rəsmi görüşlər keçirilmişdi...  Azərbaycanın adları çəkilən dövlət xadimləri də bu prosesdə fəal iştirak edirdi...

 


Vəzifəsinin icrasına 1991-ci ilin sentyabrında başlasa da,  akademik Tofiq İsmayılov kosmonavtika elmi sahəsindəki uğurlarına görə keçmiş SSRİ-dəki nüfuzu  və Kremldə Yanvar faciəsinin müzakirəsi zamanı Qorbaçovu ayağa qalxmağa vadar etmiş bir şəxsiyyət kimi xalq arasında qazandığı  hörməti sayəsində var gücünü Qarabağ probleminin həllinə yönəltməyə çalışırdı...

Cəmi bir ilə yaxın idi ki, vəzifə başına gəlmiş cavan, enerjili Baş prokuror İsmət Qayıbov erməni terrorçularına qarşı qanun çərçivəsində fəal mübarizə aparırdı... Xalqın əksəriyyətinin qəlbində adı çəkilən şəxslərə, o cümlədən tanınmış jurnalistlər – Prezident Aparatı Mətbuat Xidmətinin rəhbəri Osman Mirzəyevə, AzTV-nin müxbiri, ”Dəli bir ağlamaq keçir könlümdən...” -deyən Alı Mustafayevə qarşı dərin məhəbbət hissi yaranırdı... Allah Baş nazirin müavini Zülfü Hacıyevə, nazir müavini Qurban Namazəliyevə, deputatlar Vaqif Cəfərov və Vəli  Məmmədova,  AzTV-də işıqçı işləyən Arif Hüseynzadəyə, operator Fəxrəddin Şahbazova, Tofiq İsmayılovun köməkçisi Rafiq Məmmədova da rəhmət eləsin! Onların da hər birinin xalq arasında və  işlədiyi sahədə özlərinə məxsus hörmət və nüfuzları vardı...

Beləliklə, 1990-1991-ci illərdə müstəqil dövlətimizin başında sovet Azərbaycanının milli müstəqillik hərəkatı burulğanında üzə çıxan "qaymağı”ndan ibarət milli qeyrətli elita formalaşırdı. Bu isə həm erməni daşnaklarının, həm də SSRİ-nin parçalanmasını başa çatdıraraq keçmiş müttəfiq respublikaları, o cümlədən Azərbaycanı öz ssenarilərinə uyğun idarə etməyə çalışan xarici güclərin və onların daxili dayaqlarının maraqlarına zidd idi. Həmin elita torpaqların işğalının qarşısını almağa,  regionda sabitlik yaratmağa cəhd edirdi, amma məkrli ssenarilərə görə Sovetlər birliyi tam çökməmiş, Azərbaycan torpaqlarının xeyli hissəsi işğal edilməmiş bu sabitlik yaradılmamalıydı... Mövcud iqtidarda xalq tərəfindən sevilən heç bir qüvvə olmamalıydı. Guya xalqın içərisindən çıxmış süni qəhrəmanlar yetişdirilməli və onlar gələcək hakimiyyətin yolunun açılmasına şərait yaratmalı idilər...  
Həmin elita  gələcəkdə xalqımıza qarşı həyata keçiriləcək digər antimilli planların da qarşısını alacaqdı...

 Bu da bir həqiqətdir ki, Tofiq İsmayılov, Məhəmməd Əsədov və İsmət Qayıbov üçlüyü 1990-cı il Yanvar hadisələrindən sonra "SSRİ-nin saxlanmasına səs verdirmiş”, "QKÇP-ni dəstəkləmiş”, "Moskvanın adamı” olaraq təqdim olunan bir kommunist kimi Ayaz Mütəllibova qarşı hakimiyyətə can atan qüvvələrin təbliğatı sayəsində  xalqın müəyyən hissəsində formalaşdırılmış nifrəti arxa plana keçirirdi... 

Təəssüf ki, həyatımız bir variantlıdır, yəni olanı geri qaytarıb başqa variantda təkrar etmək mümkün deyil. Amma özünüz heç bir siyasi, ideoloji  konyuktura: iqtidar, müxalifət, partiya mövqeyindən yanaşmadan vicdan və məntiqlə  düşünün, bu üçlük və eləcə də 20 Noyabrın digər vəzifəli şəhidləri hakimiyyətdə qalsaydı,  ermənilər ciddi müqavimət görmədən Daşaltı, Qaradağlı, Xocalı faciələrini törədə, Şuşa və Laçını işğal edə bilərdimi? Bu halda 1992-ci ilin martın 5-də  Ayaz Mütəllibovu belə  asanlıqla istefaya məcbur etmək və  həmin ilin mayında AXC-ni hakimiyyətə gətirmək mümkün olardımı?.. Proses və olayların bu cür inkişaf variantında Qarabağda qarşıdurma davam etsə də, Rusiya da ermənilərə dəstək versə belə, uzaqbaşı, bir neçə kənd və ya bir bölgəmiz işğal olunardı... Yəni Azərbaycan nə Xocalı, nə Şuşa, nə də Laçın faciələrini yaşayar, yüz minlərlə insanın taleyi tamam başqa  məcrada cərəyan edərdi... 

Bütün bu deyilənləri proqnozlaşdırmağı bacaran xarici və daxili düşmən qüvvələr müstəqil yeniyetmə Azərbaycan dövlətinin başında duran bu komandanı öncədən ciddi planlaşdırılmış terror nəticəsində məhv etməli idi. Burada Azərbaycan tərəfdən kimlərinsə iştirakı barədə söz-söhbətlərə gəlincə, təbii ki, bu cür hadisələrdə xəyanətkarlardan istifadə edilir. Ancaq onlar çox zaman hakimiyyətdə, üzdə olmur, pərdə arxasında gizlənirlər... Və sözsüz ki, o dövrdə isti-isti obyektiv istintaq keçirmək  mümkün olsaydı, onların ən azı, izinə düşmək mümkün idi... Vertolyotun "qara qutusu”nun başqa yerə yox, məhz Moskvaya göndərdilməsi də çox mətləblərdən xəbər verir...

Sözsüz ki, burada "mason-sionist-filan” adlanan dünya idarəçilərinin təsir dairəsində olan keçmiş sovet "KQB”-nin də, "QRU”nun (Rus ordusunda Baş Kəşfiyyat İdarəsi) da, Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) də, eləcə də münaqişə və müharibələrdən külli miqdarda qazanc götürən SSRİ Hərbi Sənaye Kompleksinin də iştirakı mümkün idi...

 Bəzi məlumatlara görə, vertolyot yerə düşürüldükdən sonra erməni terrorçuları tərəfindən ABŞ istehsalı olan "Barret M81-A1” markalı,  tərkibində birləşmiş uran izotopu olan 50 kalibrli silahla vurulmuşdur ki, bu da  yəqin ki, yaranacaq çox yüksək istilikdə "qara qutu”nun tam yararsız vəziyyətə düşməsi məqsədi daşıya bilərdi. Məsələ ondadır ki, bu cür silahların  MKİ-nin razılığı olmadan terrorçu qrupların əlinə keçməsi  çətin məsələdir...

Müəmmalı məqamların çoxu, təbii ki, Moskva ilə bağlıdır...Faciədən iki gün əvvəl –noyabrın 18-də Moskvadan SSRİ prezidenti Qorbaçovun şəxsi köməkçisi tərəfindən Bakıya – Prezident Aparatına zəng olunub xahiş edilir ki, Qarabağ məsələsi ilə bağlı yaradılmış Təhlükəsizlik Şurasının növbəti iclası Dağlıq Qarabağda keçirilsin. Bu məqsədlə o zaman dövlət müşaviri işləyən Aərbaycan KPMK-nın keçmiş ikinci katibi  V.Polyaniçkonun rəhbərlik edəcəyi nümayəndələrdən ibarət siyahı tərtib edilir. Lakin sonradan nədənsə Moskva bu siyahıya mütləq Tofiq İsmayılovun və İsmət Qayıbovun da salınmasını xahiş edir... Və Polyaniçko bu siyahıdan da çıxarılır... Xülasə, noyabrın 20-də Ağdamda Moskva və DQ nümayəndələrinin də iştirakı ilə müşavirə keçirilir. Və çox güman ki, faciənin ssenarisinin əsas gedişi orada edilir. Müşavirədən çox gərgin, emosional vəziyyətdə çıxan dövlət katibi Tofiq İsmayılov, İsmət Qayıbov və Məhəmməd Əsədov bayırda  bir neç gün əvvəl  ermənilərin Xocavənddə keçirdiyi qırğınlar nəticəsində Ağdama pənah gətirmiş sakinlərin, eləcə də Ermənistan qaçqınlarının, xüsusən anaların qəzəbli çıxışları ilə qarşılaşır və nəticədə müşahidəçilərlə birlikdə vertolyotla hadisə yerinə - Xocavəndə yollanmağa qərar verirlər... Burada Kremlin canişini Polyaniçkonun pərdə arxasında olan milli xəyanətkarlarla birgə  yaratdığı təxribat qruplarının da rolu mümkün idi... 

20 Noyabr həm də Rusiyanın imperiyapərəst qüvvələrinin yenicə elan edilmiş müstəqilliyimizə görə törətdiyi qisas aktı  da ola bilərdi. Bu mənada terror nəticəsində həlak olmuş dövlət xadimləri və ziyalılar müstəqil dövlətçiliyimizin ilk elitar şəhidləri hesab olunmalıdı... Fəqət,  onlara münasibətdə ayrı-seçkilik də qəlbləri ağrıdır. Hansı səbəndən 1992-ci ildə prezident Əbülfəz Elçibəy  jurnalist Alı Mustafayevə, AzTV-nin operatoru Fəxrəddin Şahbazova və işıqçı Arif Hüseynzadəyə şəhid statusu və Milli Qəhrəman adı verdi, ancaq digər nüfuzlu dövlət xadimlərinə istər AXC, istərsə  də indiki hakimiyyət dövründə heç şəhid statusu da verilmədi?..  Onların  Fəxri Xiyabandakı məzarları üzərinə yalnız ad və soyadları yazılıb, heç olmasa, erməni terrorunun qurbanı olduqları da qeyd  edilməyib...
Allah cəmi şəhidlərimiz kimi, 20 Noyabr şəhidlərinə də rəhmət etsin, məzarları nurla dolsun! Artıq 26 ildir ki, xalqımız və həmin şəhidlərin əzizləri bu terror aktının sifarişçilərinin və icraçılarının tapılaraq cəzalandırılacağını gözləyir... Sözsüz ki, faciənin detallarını və qatilləri Allah daha dəqiq bilir və onlara ən böyük cəzanı da O verəcək, bəlkə də artıq veribdi...
 
Sultan Laçın

 


Oxşar xəbərlər