Eldar Mahmudov istintaqla anlaşıb, yoxsa həbsə razılaşıb - rəy

  • 08 noy 2017, 08:33

Əkrəm Həsənov: "Eldar Mahmudovun 2 il sonra istintaqa çağırılması reallıqları nəzərə alıb ortaq bir məxrəcə gəlinməsinə daha çox bənzəyir”

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov noyabrın 6-da 5 saat ərzində müstəntiq tərəfindən dindirilib. Sabiq nazir ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) vəzifəli şəxsləri barəsində Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində cinayət işi üzrə ifadə verib.

Bundan əvvəl Baş Prokurorluq E.Mahmudovun əmisi oğlu, faktiki köməkçisi, "qara kassası” olmuş, de-yure isə MTN-in Antiterror Mərkəzinin şöbə rəisinin müavini vəzifəsində işləmiş polkovnik-leytenant Vüqar Mahmudov eyni iş üzrə istintaqa çağırılıb və təqsirləndirilən şəxs qismində cəlb edilib. V.Mahmudova dövlət əmlakının mütəşəkkil dəstə tərkibində külli miqdarda mənimsəmə, ayrı-ayrı vətəndaşların əmlakını hədə-qorxu ilə tələb etmə, əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyin tələblərini kobud surətdə pozma, vəzifə saxtakarlığı, eləcə də tamahkarlıq və şəxsi maraqlarına görə qulluq mövqeyindən sui-istifadə əməllərinə görə ittihamlar elan olunub. Bakı Hərbi Məhkəməsinə aparılaraq barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib. Belə məlumatlar da var ki, keçmiş milli təhlükəsizlik naziri yaxın günlərdə yenidən Baş Prokurorluğa çağırılacaq və ona ittiham elan edəcəklər. Sabiq nazirin əmisi oğlunun təqsirləndirildiyi iş üzrə əsas fiqur olması haqda ifadələrin də olduğu bildirilir. 

"Yeni Müsavat”ın əməkdaşı Eldar Mahmudovun ətrafında baş verən proseslərlə bağlı hüquqşünas Əkrəm Həsənovun fikirlərini öyrənib.

Ə.Həsənov deyib ki, Eldar Mahmudovun müəyyən anlaşmaların nəticəsi olaraq istintaqa çağırıldığını istisna etmir:"Fikir verirsinizsə, Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudovu 2 il əvvəl həbs etdirə bilərdilər. Etmədilər. Sanki gözləmə mövqeyində dayanmışdılar. Bu günlərdə çağırıb ittiham elan etdilər. 2 il gözləmələri səbəbsiz olmayıb. Onun həbsinin ardından Eldar Mahmudovun Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılması  və mətbuatda yazılanlara görə, 5 saat dindirilməsi ”MTN işi"ndə yeni mərhələnin başlanğıcı hesab oluna bilər. Maraqlı məqam odur ki, Eldar Mahmudovu çağırıb dindiriblər, amma status haqda məlumat yenə də verilmir. Bu gün də aydın deyil ki, Eldar Mahmudov istintaqa şahid, təqsirləndirilən şəxs, bəlkə elə zərərçəkən şəxs kimi çağırılıb. Amma bütövlükdə Azərbaycan reallığını nəzərə alsaq, Eldar Mahmudovu da bu günə qədər həbs olunan nazirlər kimi dəmir barmaqlıqlar arxasına göndərilə bilər. 

2 il müddətində Eldar Mahmudovun həbs edilməməsinin istintaqçıların fakt və sübutlar müəyyən edə bilməməsi ilə izah etmək doğru olmaz. Onun ən yaxın çevrəsinin həbsi təbii ki, istintaqın onu da həbs edə biləcəyini söyləməyə əsas verir. Məsələnin bu tərəfi də var ki, Eldar Mahmudov adi nazirlərdən olmayıb. Onun tutduğu vəzifənin verdiyi imkanlar dövlətin bir çox gizlinlərinə bələd olmasına yol açır. Ola bilər ki, işdən çıxarılsa da, dövlətlə əlaqəli bitirmədiyi işlər də olub. 2 il həmin işlərin görülməsi üçün az bir müddət deyil. Ola bilər ki, bu müddətdə onun qurduğu əlaqələr dövlətə lazım olub və ona dəyməyiblər. Bütün dünyada belədir, xüsusi xidmət orqanlarının rəhbərlərinə xüsusi münasibət göstərilir. Cinayət ediblərsə belə, belə orqanların rəhbərlərinə qarşı münasibət bir qədər fərqli olur. Eldar Mahmudovla da əlaqəli işdə istisna deyil ki, belə hallar olub və son 2 ildə gözləmə mövqeyini şərtləndirib. Mümkündür ki, "MTN işi”nin əvvəlində istintaqla müəyyən sövdələşmə olub və hazırki hərəkətlilik də həmin sövdələşməyə uyğundur".

Ə.Həsənov deyir ki,  ötən 2 il ərzində Eldar Mahmudovla istintaq arasında əlaqə olub: "Onun özünü harasa çağırmayıblar. Yaşadığı evə gedib onunla orada danışıblar. Onun hazırkı dönəmdə Baş Prokurorluğun İstintaq İdarəsinə çağırılması təsadüfi deyil. Bununla göstərmək istəyirlər ki, Eldar Mahmudov elə də toxunulmaz deyil”.

Ə.Həsənov E.Mahmudovun istintaqa çağırılmadan "MTN işi”nin yekunlaşdırılmasının məntiqə uyğun olmadığını söylədi: "Eldar Mahmudov vəzifədən çıxarılandan sonra onun rəhbərlik etdiyi nazirlik faktiki olaraq ləğv olundu, 2-yə parçalanıb bazasında uyğun qurumlar yaradıldı. Ləğv olunmuş MTN-də çalışmış, çeşidli cinayətlərdə adı hallanan generallar, idarə və şöbə rəisləri tutulub məhkəmə qarşısına çıxarıldı. Belə bir vəziyyətdə MTN-də baş verənlərdən Eldar Mahmudovun xəbərsiz olmasına inanmaq sadəlövhlük olardı. Eldar Mahmudovu istintaqa cəlb etmədən ”MTN işi"nin bağlanması mümkün deyil. İstisna deyil ki, bunu nəzərə alıb sabiq nazirlə kompromisə gəlinib. Mahmudov istintaqa cəlb edilməsinə razılıq verir, şərti iş alır və həbsə düşmədən canını qurtarır. Bir neçə il sonra ona bəraət də verə bilərlər. Ətrafında olmuş, müxtəlif cinayətlərə görə həbsə alınan generallarını, şöbə müdirlərini, yaxın qohumu Vüqar Mahmudovu da 1-2 illik həbs həyatından sonra cəzalarını şərti cəza ilə əvəzləyib buraxacaqlar. Bununla da "nə şiş yanacaq, nə kabab”.

Ə.Həsənov E.Mahmudovun istintaqla anlaşmasının bəzi təzahürlərinin olduğunu da deyib: "Fikir verdinizsə, Vüqar Mahmudov günahsız olduğunu dedi. Amma barəsindəki 4 aylıq həbs qərarını mübahisələndirmədi. Axı günahsız olan biri barəsində olan həbs qərarını da mübahisələndirməlidir. Azından barəsindəki həbs qərarının ev dustaqlığı, heç yerə getməmək haqda iltizamla əvəzlənməsi üçün apelyasiya şikayəti verməli idi. Nə baş verdi? Vüqar Mahmudov bunu etmədi. Nədir, o, evində oturmaqdansa, həbs yerində oturmağı üstün tutur? Mətbuatda yazılanlara görə, Vüqar Mahmudov Eldar Mahmudovun köməkçisi olmaqla qanunsuz işlər görüb. Demək ki, bu işlərdə Eldar Mahmudovun günahı olmayıb, gülməli olardı. MTN-də illərlə baş verən hadisə və proseslər haqda hələ o dövrlərdə də mətbuatda məlumatlar vardı. Kimsə çıxıb deyə bilməz ki, MTN-də baş verənlərdən Eldar Mahmudovun xəbəri olmayıb. Bunun üçün fantaziya baxımından zəngin biri olmaq lazımdır. Odur ki, Eldar Mahmudovun 2 il sonra istintaqa çağırılması reallıqları nəzərə alıb ortaq bir məxrəcə gəlinməsinə daha çox bənzəyir”.

Ə.Həsənov rəsmi qurumların Eldar Mahmudovun istintaqa çağırılması haqda qısa açıqlama ilə işlərini bitmiş hesab etmələrinin də belə bir anlaşmanının təzahürlərindən biri olmasını istisna etməyib.

E.MƏMMƏDƏLİYEV

Oxşar xəbərlər