Azərbaycanda at ətinin satışı qadağan edilib? – ARAŞDIRMA

  • 05 noy 2017, 13:53

Bakıda ənənəvi mal və qoyun əti ilə yanaşı, ölkəmiz üçün ekzotik sayıla biləcək ət növlərinə də rast gəlinir. Məsələn, ölkəmizin paytaxtında dəvə ətindən hazırlanmış qutablar satılır, müsəlmanlar üçün haram buyurulmuş donuz ətini isə heç bir problem yaşamadan bazarlarda əldə etmək mümkündür. Bəs əcdadlarımız hesab etdiyimiz türk tayfalarının əsas qida mənbəyi olan at ətinin satışda olmamasına səbəb nədir? At südünün (qımız, kumıs) satılmaması məsələsini bir kənara qoyub, bu heyvanın ətinin ölkəmizdə bir növ qadağa altına düşməsinin səbəblərini araşdırdıq.

Heç kimə sirr deyil ki, son illərdə Azərbaycanda at əti satmağa cəhd edənlər saxlanılır, onlar barəsində cinayət işi açılır, ən yaxşı halda isə iri məbləğdə cərimə olunurlar. Təkcə ötən ay Bakı, Balakən, Bərdə və Naftalanda at əti satmağa cəhd edən 3 nəfər saxlanılıb, 200 kiloqrama yaxın ət müsadirə edilib. Noyabrın 2-də isə Quba rayonu ərazisində Alış Rüstəmovun idarə etdiyi "QazEL” markalı avtomobilə baxış keçirilib və avtomobilin yük yerində 7 hissəyə bölünmüş, ümumi çəkisi 180 kiloqram olan at əti və 1 at başı aşkarlanıb. Aşkarlanan ətlər Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən müsadirə edilərək zərərsizləşdirilir.

Əksər türk dövlətlərində, xüsusilə də Orta Asiya və Qazaxıstanda at əti yeyilir, hətta bədənə qüvvət verən xüsusiyyətlərinə görə mal və qoyun ətindən üstün sayılır. At əti amin turşuları, A, B qrup, E vitaminləri, fosfor, natrium, mis, dəmir, kalsium, maqnezium kimi minerallarla zəngindir. At ətinin digər üstünlüyü güclü ödqovucu xüsusiyyətə malik olmasıdır. Orta Asiyada öd və öd yolları, qaraciyər xəstəliklərindən əziyyət çəkənlərə at əti tövsiyə edilir. Azərbaycanda isə at ətinin yeyilməsi ənənəsi yoxdur. Amma at ətinin satışı da rəsmən qadağan olunmayıb.

Ölkəmizdə at ətinin yeyilməməsi satışının qarşısının alınması üçün səbəb sayıla bilməz. Bəs at əti satanlar niyə cəzalandırılır? Virtualaz.org saytı at əti satışının qarşısının alınması səbəblərini öyrənib.

Malın başını göstərib at əti satırlar

At ətini mal ətindən ayırmaq çətindir. Naftalan şəhərində "Goran sanatoriyası” adlı massivdə yaşayan İman Əsgərov da buna görə uzun müddət istehlakçıları aldada bilib. Daxili İşlər Nazirliyinin məlumatında deyilir ki, Əsgərov at ətini qoca inək əti adı ilə satıb. O, alıcıları aldatmaq üçün piştaxtanın yanında kəsilmiş inək başı da saxlayırmış. Qəssab Mövlud Məmmədov deyir ki, at ətini mal əti kimi satmaq üçün ətin halal və təhlükəsiz olmasına ürəkdən and içmək kifayətdir. Onsuz da heç kim baytarlıq sənədi istəməyəcək. "17 ildir qəssablıq edirəm, hələ indiyə kimi sənəd tələb edən alıcı ilə rastlaşmamışam. Ətin istehlakçıların gözü qarşısında kəsilərək satılması baytalıq sənədindən daha etibarlı sayılır”, – Məmmədov deyir.

Onun sözlərinə görə, əcnəbi istehlakçılar bir-iki dəfə at əti satılıb-satılmadığını soruşublar. Amma təlabat olmadığından at əti ilə maraqlanmayıb. "At əti mal əti qədər ləzzətlidir. Hətta immunteti gücləndirir, qızdırmalı xəstələr üçün şəfalı hesab edilir. Amma bilirəm ki, at əti gətirsəm sata bilməyəcəyəm. At əti kütləvi satışa çıxarılarsa, bir-iki il sonra indi "yemirəm” deyənlərin əksəriyyəti bu ətdən alacaq”, – qəssab əlavə edir.

"Sağlam deyil, xəstə atı kəsirlər”

Bunu isə Dövlət Baytarlıq Nəzarəti Xidmətinin müfəttişlik sektorunun müdiri Mustafa Allahverənov deyir.

Onun sözlərinə görə, at əti satışı qadağan olunmayıb, lakin at kəsilmədən baytarlıq müayinəsindən keçməli, sağlam olub-olmadığı yoxlanılmalıdır. Çünki atda bir çox xəstəliklər, xüsusilə öldürücü "Manqo” xəstəliyi ola bilər. "Manqo” xəstəliyi insana keçdiyi halda ölümə gətirib çıxara bilər. Hətta müharibə dövründə məhz buna görə at ətinin yeyilməsi qadağan edilib. At kəsilmədən bu xəstəliyə qarşı test edilir, yoxlamadan sonra icazə verilir. At ətinin baytarlıq möhürlənməsi də fərqlidir”, – Allahverənov deyib.

Sektor müdiri əlavə edib ki, aparılan tədbirlər yalnız xəstə atların kəsildiyini, mal əti adı ilə satıldığını sübut edir: "Hazırda bazarda sümüklü mal ətinin kiloqramı 11 manat 50 qəpiyə təklif edilir. Sümüksüz at əti isə 4-5 manata satılır. Halbuki at bahadır, təbii ki, sağlam atın əti mal ətindən baha təklif olunmalıdır”.

Baytarlıq xidmətindən hesab edirlər ki, at əti satışı ilə məşğul olanlar bölgələrdən xəstə və yararsız heyvanı ucuz qiymətə alırlar. Sonra gizli sex və ya evlərdə heyvanı kəsib işbirliyində oldurları insanların vasitəsilə ya mal əti adı ilə satışa çıxarır, ya da kolbasa sexlərinə göndərirlər.

Mustafa Allahverənov qeyd edir ki, indiyədək ölkə daxilində at əti satışı üçün rəsmi müraciət daxil olmayıb. Əgər belə bir müraciət daxil olarsa, heyvan yoxlanıldıqdan sonra satışına icazə verilə bilər. Hələlik baytarlıq nəzarətindən keçirilmiş sağlam atlar satış məqsədilə yalnız Qazaxıstana aparılır.

Öz adı ilə satılarsa…

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov deyir ki, at ətinin qida məhsulu kimi istifadəsinə qadağa qoyulmayıb. Lakin ətin üzərində at əti olduğu yazılmalıdır, yəni mənşəyi bildirilməlidir.

"Heyvanın sağlam olub-olmamasının fərqi yoxdur, at ətinin mal əti kimi satılması artıq istehlakçının aldadılmasıdır. Araşdırmalar göstərir ki, yalnız xəstə atlar kəsilərək əti satışa çıxarılır. Buna görə də, at ətinin satışının qarşısı alınır. Heyvan baytarlıq nəzarətindən keçibsə, heç kim onun satışına müdaxilə etmir”, – ekspert bildirib.

Eyyub Hüseynov

At ətinin yeyilməsinin "geosiyasi əhəmiyyəti”

Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov isə deyir ki, babalarımız at əti yeməyiblər, at əti Azərbaycan üçün ənənəvi qida yeyir. "At ətini köçəri tayfalar yeyir, bu qidanın mətbəximizə daxil olması düşmən dövlətin əlinə köçəri tayfa olmağımızla bağlı uydurma ittiham verə bilər. Buna görə də, at ətinin yeyilməsi məsləhət deyil”.

Təşkilat rəhbəri əlavə edir ki, at əti satanlara qarşı ən effektiv mübarizə tədbirini Daxili İşlər Nazirliyi həyata keçirir. Satış məqsədilə kəsilmiş at baytarlıq müayinəsindən keçmir, üstəlik istehlakçılar aldadılırlar.

Dövlət statistika Komitəsinin məlumatına görə, Azərbaycanda 2015-ci ildə 75,4 min baş, 2016-cı ildə isə 73,7 min baş at var. 2015-2016-cı illərdə ölkədə atların sayı 2800 baş azalıb.(Virtualaz.org)

Oxşar xəbərlər