Əli Həsənov nəvəsinin “Qalendvagen terroru”nu unutdurur ?
Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərlə
İş üzrə Dövlət Komitəsinin ("Qaçqınkom”) sədri Əli Həsənov nəvəsi Nail
Allahverdiyevin "Qalendvagen terroru”nu unutdurmaq istəyir
Komitə sədri həbsdə olan nəvəsinin azadlığa çıxması üçün yuxarıların siyasi
razılığını almağa çalışır.
Ona görə də hadisəni ictimaiyyətin və medianın gündəmindən çıxarmaq üçün hərəkətə
keçib. Məmur nəvəsinin məhkəməsinin nə vaxt başlayacağı da bilinmir.
Ancaq Ə.Həsənov ümid edir ki, nəvəsinin ilk cinayəti olduğu üçün məhkəmə tərəfindən
şərti cəza kəsiləcək.
Onun gələn ilin ortalarında şərti azadlığa buraxılacağı və 3 il həbs cəzası
veriləcəyi gözlənilir.
Bu vaxta qədər Nail həbsdə saxlanacaq. N.Allahverdiyev bu il avqustun 3-də saat
21:00 radələrində paytaxtın Nərimanov rayonu ərazisində
"Mercedes-Gelandewagen” markalı avtomobillə iki nəfərin ölümü və iki nəfərin
müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən ağır yol-nəqliyyat
hadisəsi törədib.
Araşdırmalar zamanı məlum olmuşdu ki, həmin vaxt Nail Allahverdiyev
"Mazda” markalı avtomobillə ötüşürmüş.
Qəza zamanı "Qaçqinkom” sədrinin nəvəsinin yanında olan Mehdi Əliyev həlak
olmuşdu. Dünyasını dəyişənlərdən biri piyada Vaqif Əsədov olmuşdu.
O, yol kənarında olarkən Nail Allahverdiyevin idarə etdiyi maşının altında
qalaraq dünyasını dəyişmişdi.
Qəza zamanı yaralanan iki nəfər isə Türkiyə vətəndaşları idi. Ər-arvad olan şəxslər
müalicə üçün Türkiyəyə yola salınıb. Onlar sabiq prezident Abdulla Gülün
qohumları olublar.
Həmin hadisələrdən sonra Ə.Həsənovun vəzifədən azad ediləcəyi gözlənsə də,
Baş nazirin müavininə toxunmadılar.
Ancaq heç də təhlükə sovuşmayıb və komitə rəhbərinin 2018-ci il seçkilərindən
sonra siyasi taleyinin necə olacağı qaranlıqdır.
Ona qədər isə Ə.Həsənov nəvəsinə şərti hökm oxunması üçün dəridən-qabıqdan
çıxmağa can atacaq.
Nail Allahverdiyev barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. O,
Bakı İstintaq Təcridxanasına köçürülüb.
Təqsirləndirilən şəxsin vəkili Sevdiyar Bayramov ay yarım əvvəl gözlənilmədən
işdən kənarlaşdırılıb.
N.Allahverdiyevin hüquqlarını hazırda vəkil Muxtar Mustafayev müdafiə edir və
indiyədək bu işlə bağlı hər hansı açıqlama verməyib.
Belə görünür ki, vəkilə də susmaq tapşırılıb. Hazırda mətbuat bu məsələnin
üstündən sükutla keçir. İstintaqın gedişi, məhkəmə barəsində hər hansı
açıqlamalar yoxdur.
Yada salaq ki, Ə.Həsənov mərhum Mehdi Əliyevin ailəsinə ev və maşın verib. Baş
nazirin müavininin maddi təminatı bununla da bitməyib.
Ə. Həsənov mərhum Mehdi Əliyevin xanımını işlə təmin edib, onun 3 yaşlı övladını da 18 yaşına çatanadək himayəyə götürüb. /palitika/