“Az-Granata” MMC – nın məhsullarından zəhərlənənlər var - ŞOK iddia

  • 27 okt 2017, 08:10

Zavod rəhbərliyi isə susur?


Son bir həftədə Realliq.info saytının redaksiyasına "Az-Granata” MMC-nin şirə və spirtli içkilər istehsal edən zavodunun məhsullarından zəhərlənmələrlə bağlı müraciətlər daxil olmaqdadır.

Bir neçə gün öncə saytımızda dərc olunan " "Az-Granata” MMC-nin məhsulları həyat üçün təhlükəlidir” başılıqlı yazıdan sonra redaksiyamıza müraciət edən vətəndaşlar yazıda qeyd olunan faktlarla üzləşdiklərini bildiriblər. Realliq.info – ya yazan vətəndaş İltifat Aslanov qeyd edir ki, o 22 oktyabr tarixində adıçəkilən zavodun spirtli içkisindən istifadə edib. Bundan sonra halı pisləşib və həkiminə müraciət etdiyi zaman məlum olub ki, qəbul etdiyi spirtli içki onun zəhərlənməsinə səbəb olub: "Mən bir neçə gün öncə Ağsuda istehsal olunan "Belıy Volk” arağını aldım və içdim. Sonra halım pisləşdi. Həkimə zəng edib olanları izah etdim. Olunan müayinədən sonra məlum oldu ki, araqdan zəhərlənmişəm. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcəyəm. Sizin saytı izləyəndə bir yazı ilə rastlaşdım və bu müraciəti etdim ki, insanlar ehtiyatlı olsunlar”.

Digər vətəndaş, Bakı şəhər Binəqədi rayon sakini Sahib Əliyev də oxşar hadisə ilə üzləşib. Vətəndaşın bildirdiyinə görə son zamanlar "Az-Granata” – nın istehsal etdiyi spirtli içkilərdən istifadə edirmiş. Lakin son dəfə istifadə etdiyi zaman ağrılar və halsızlıq hiss edib. Müayinədən sonra məlum olub ki, onun istifadə etdiyi spirtli içki zəhərlənməsinə səbəb olub.

Daha bir neçə vətəndaşın oxşar müraciətlərini nəzərə alaraq "Az-Granata” MMC- nin məsul işçisi Şəfa xanımla əlaqə saxladıq. Şəfa xanım məsələni araşdırılacağını bildirsədə sonradan zənglərimizə cavab vermədi.

Realliq.info - nun "Az-Granata”MMC-nin şirə və spirtli içkilər istehsal edən zavodunun məhsullarının qablaşdırılması zamanı ölkə qanunlarına sayğısızlıq göstərilməsi və qanun pozuntuları ilə bağlı sorğuları da cavabsız qaldı. Lakin bir daha xatırladırıq ki, "Az-Granata” MMC –nin rəhbəri Nazim Babayev qanunlara hörmətsizlik edərək içkilərin qablaşdırılması zamanı adların doğma dilimizdə yazılmasına qarşıdır və bu da qanunsuzluq hesab olunur. SOCAR – ın vitse-prezidenti Mikayıl İsmayılovun yaxını olan Nazim Babayevin Azərbaycan dilinə və qanunlarına bu cür yanaşmasının arxasında hansı maraqların dayandığını yazmaqda çətinlik çəkirik. Lakin aidiyyatı qurumların məsələyə ciddi yanaşacağına və qanunları pozanlara qarşı sərt tədbirlər görəcəyinə inanırıq. MMC – nin şirə və spirtli içkilərindən zəhərlənmələrin sayının artmaması üçün hüquqi qiymətin verilməsi vacib şərtə çevrilib. Uşaqların da istifadə etdiyi şirələrin yarada biləcəyi təhlükələr və faciələrin qarşısı zamanında alınmalı və qazanc əldə etmək üçün bu yola əl atanlar cəzalandırılmalıdır.

Realliq.info "Az-Granata” MMC-də baş verən qanun pozuntuları, insan həyatı üçün yaradılan təhlükələrlə və vergi mənimsəmələri ilə bağlı araşdırmalarını davam etdirir. Qısa zamanda ətraflı məlumat verəcəyik. MMC- rəhbərliyinin də mövqeyini öyrənməyə hazırıq.
Araşdırmalarımız davam edir.
Realliq.info 

Oxşar xəbərlər