İlqar Məmmədov üçün son gün - vaxt bitir

  • 24 okt 2017, 14:39

Fuad Ağayev: "Hər şey hökumətlikdir”

Vəfa Məmmədova: "Bu gün İlqar Məmmədov evdə olmalı idi”

Azər Qasımlı: "Avropa Şurası geri addım atmayacaq”

Avropa Şurası Parlament Assambleyasının REAL sədri İlqar Məmmədovun azadlığa buraxılması üçün Azərbaycan hakimiyyətinə qoyduğu vaxt sabah bitir. AŞ PA oktyabrın 25-ə qədər vicdan məhbusunun azad edilməyəcəyi halda, Nazirlər Kabinetini konvensiyanın 46-cı maddəsini tətbiq etməyə çağıracaq, burada isə Azərbaycanın Avropa Şurasından çıxarılması məsələsi də var.

AŞ PA-nın tələbinə Azərbaycan tərəfdən müxtəlif mövqelər var. Çoxları REAL sədrinin azadlığa buraxılmasının və ölkəmizin Avropa Şurasında qalmasının tərəfindədir. Bunun əksini ölkəmizin imicini qorumaq baxımından düşünənlər də var.

Ölkə iqtidarının bu günə qədər İ.Məmmədovu azad etməməsinə baxmayaraq, ilin sonuna qədər onun azad olunma ehtimalları yüksək dəyərləndirilir. Buna səbəb də, hər zaman Azərbaycan hökumətinin bu tipli tələblərə bumeranq rolunu oynayan mövqe sərgiləməsidir. 
İ.Məmmədovun vəkili Fuad Ağayev hər şeyin Azərbaycan hökumətindən asılı olduğunu bildirdi: "Nə deyiblərsə, yaxud deməyiblərsə, hər şey hökumətlikdir. Mən proqnoz verməyi xoşlamıram. Keçən cümə günü İlqar Məmmədovla görüşdüm. Proqnoz verməyi o da xoşlamır”.
REAL sədrinin həyat yoldaşı Vəfa Məmmədova qərarı gözlədiklərini söylədi: "Qərarın necə olacağını gözləyirik. Hər halda ümidimiz var ki, Nazirlər Komitəsi doğru qərar verər. Hələ bu istiqamətdə Azərbaycan tərəfi bir addım atmır. Açığını deyim ki, daha çox inamımız Nazirlər Kabinetinin verəcəyi qərarla bağlıdır. Çünki kim inanar ki, bir gün ərzində İlqar Məmmədov azadlığa buraxılacaq. Buna ümid etmək gülməli olardı. Əgər hakimiyyət belə bir şey etmək istəsəydi, bu gün İlqar Məmmədov evdə olmalı idi. Ola bilər ki, ilin sonuna qədər İlqarı azad etsinlər. Hər şey gözlənilir. Deyə bilmərəm ki, Azərbaycan tərəfi AŞ PA ilə hər hansı bir razılıq əldə edəcək. Amma bu variant da ağıla gəlir ki, ilin axırına qədər azad olunsun. İlqarla bu həftə görüşməliyik. Sonuncu dəfə ötən həftə zəng etmişdi”.

REAL-ın idarə heyətinin üzvü Azər Qasımlı ümidlidir: "Hər şey ola bilər. Bir günün içərisində İlqar Məmmədov azad oluna da bilər. Bu dəqiqə hər şey ölkə iqtidarından asılıdır. Bu qərarı yalnız hakimiyyət verə bilər. Həbsdə saxlaya da bilər, azad edə də bilər. Amma onu deyə bilərəm ki, İlqar bəy azad edilməsə, Azərbaycanın Avropa Şurasından çıxarılması prosedurası üçün səsvermə qərarının çıxarılması ehtimalları çox yüksəkdir. 31 ölkədən daha çoxunun səsvermə ehtimalları yüksək görünür ki, sorğunu Avropa İnsan Haqları Məhkəməsinə göndərsinlər. Ümid edirəm ki, Avropa Şurası geri addım atmayacaq. Hakimiyyətin heç bir halda Avropa Şurası ilə İlqar Məmmədovla bağlı razılaşacağına inanmıram. Sadəcə olaraq, Azərbaycan tərəfi öz tərəfindən bu addımı ata bilər. Oktyabrın 25-dən sonra belə bir qərar çıxarsa, iqtidar İlqar Məmmədovu azad edə bilər. Bu gözlənilən haldır. Bu ehtimallar kifayət qədər yüksəkdir. Hər halda gedən proseslər bunu göstərəcək. Bunun Avropa Şurası ilə razılaşdırılmış şəkildə olacağını düşünmürəm. Əgər bunu etsəydilər, ayın 25-ə qədər edərdilər. Nəyisə razılaşdırmağa nə ehtiyac var ki?”.

Xatırladaq ki, İlqar Məmmədov 23-24 yanvar 2013-cü il tarixində İsmayıllı şəhərində baş vermiş iğtişaşlarla əlaqədar həbs edilib. O, kütləvi iğtişaşlarda, polisə müqavimət göstərməkdə ittiham olunaraq 7 il müddətinə azadlıqdan məhrum edilib.

2014-cü ilin mayında Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) İlqar Məmmədovun həbsi və həbsxanada saxlanması ilə Avropa İnsan Hüquqları Konvensiyasının bir çox müddəalarını, o cümlədən azadlıq və şəxsi toxunulmazlıq hüququ, ədalətli məhkəmə hüququ və təqsirsizlik prezumpsiyası prinsipi haqqında 5.1, 5.4 və 6.2-ci maddələrininin pozduğunu tanıyıb. Məhkəmə İlqar Məmmədovun hər hansı dəlil olmadan saxlandığı qənaətinə gəlib.

Avropa Şurası (AŞ) Nazirlər Komitəsi dəfələrlə Azərbaycan hakimiyyətini AİHM-nin Məmmədovun işi üzrə qərarını icra etməyə çağırıb. Oktyabrın 25-də AŞ Nazirlər Komitəsi Azərbaycan barəsində Avropa Konvensiyasının AİHM-nin qərarlarını yerinə yetirməyən ölkəyə qarşı məsuliyyət tədbirlərinin tətbiqini nəzərdə tutan 46-cı maddəsinin tətbiq edilməsi haqqında məsələyə baxacaq.

Cavanşir Abbaslı, Musavat.com

Oxşar xəbərlər