Səbaildə Aida İmanquliyevanın xatirəsi yad edilib

  • 11 okt 2017, 10:29

Səbail rayonundakı 132-134 №-li Təhsil Kompleksində görkəmli şərqşünas alim, filologiya elmləri doktoru, elm təşkilatçısı, ictimai xadim, professor Aida İmanquliyevanın anadan olmasının 78-ci ildönümünə həsr olunmuş ədəbi-bədii tədbir keçirilib. 

Xəbərə görə, 132-134 №-li Təhsil Kompleksinin direktoru, Əməkdar müəllim Sara Xanlarova məktəbin məzunu Aida İmanquliyevanın ömür yolundan, cəmiyyətə, elmə, təhsilə, mədəniyyətə verdiyi əvəzsiz töhfələrdən danışıb. Qeyd olunub ki, məktəbdə 5 ildir ki, həyata keçirilən «Unudulmaz məzunlar» layihəsi çərçivəsində ilk tədbir də məhz bu gün doğum gününü qeyd etdiymiz Aida İmanquliyevaya həsr olunub. 

Kompleksin zalında Səbail Rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri, Milli Məclisin üzvləri, qonaqlar, müəllim və şagirdlərin iştirakı ilə keçirilən tədbirin əvvəlində Təhsil Kompleksinin şagidləri, gənc və tanınmış aktyorlar tərəfindən Aida İmanquliyevanın məktəb və gənclik illərinə həsr olunmuş şəhnəciklər göstərilib, şagirdlərin ifasında ərəb və digər xarici dillərdə şerlər və həmin illərin mahnıları səslənib, Aida xanımın məktəb, tələbəlik, gənclik, elmi-pedaqoji fəaliyyətini əks etdirən video-slaydlar və görkəmli alimin  həyat və fəaliyyətindən bəhs edən film nümayiş etdirilib. 

Çıxış edən akademik Vasim Məmmədəliyev, A.İmanquliyevanın tələbəsi olmuş Gülnarə Məmmədova Aida xanım barədə xatirələrini danışıblar.

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Aida İmanquliyevanın Azərbaycanın elm və təhsil tarixindəki müstəsna rolundan danışıb, onun elmi irsinin, əsərlərinin əhəmiyyətini diqqətə çatdırıb. Vurğulanıb ki, Sərq-Qərb mədəni əlaqələrinin inkişafında professor Aida İmanquliyevanın tədqiqatları xüsusilə böyük aktuallıq kəsb edib. 

Oxşar xəbərlər