Dağıstanın qazax əsilli yeni rəhbəri KİMDİR?

  • 05 okt 2017, 08:27

Vladimir Vasilyev kimdir və Azərbaycanla münasibətləri necə olacaq?

Ramazan Abdulatipovun istefasından sonra boş qalmış Dağıstan rəhbəri postuna Rusiya prezidenti Vladimir Putin müvəqqəti olaraq Vladimir Əbdüləli oğlu Vasilyevi təyin edib.

Qeyd edək ki, Dağıstan rəhbəri postuna iki şəxsin - Şimali Qafqaz üzrə prezidentin keçmiş səlahiyyətli nümayəndəsi, "Rosqvardiya”nın direktor müavini, general-polkovnik Sergey Məlikov və respublikanın keçmiş rəhbəri, hazırda Kreml administrasiyasında işləyən Maqomedsalam Maqomedovun adı çəkilirdi. Sergey Məlikovun təyinatının daha real olduğu bildirilirdi. Rusiya prezidenti isə həmişəki kimi, yenə də kadr təyinatında proqnozları alt-üst etdi-heç kimin ağlına gəlməyən kadrı Dağıstana rəhbər göndərdi.

Bəs Vladimir Vasilyev kimdir?

Rusiyanın bir sıra saytları Vladimir Vasilyevin rus soyadı daşımasına baxmayaraq, atası Əbdüləlinin əslən azərbaycanlı olduğunu yazıb. Bəzi iddialara görə isə Vasilyevin atası Əbdüləli avardır. Əbdüləlinin müharibə veteranı olduğu da bildirilir. Vasilyevin Dərbənddə Kamil Hüseynov adında ögey bir qardaşının da olduğu və yeni başçının arabir onu görmək üçün Dərbəndə getdiyi qeyd olunur.

"Wikipedia” məlumatında isə Vladimir Vasilyevin atasının əslən qazax, anasının isə rus olduğu qeyd olunur. V.Vasilyev 1949-cu il avqustun 11-də Moskvanın Klin rayonunda anadan olub. Müəllim ailəsində böyüyüb. Atası məktəb müəllimi, anası isə bağça müəlliməsi olub.

V.Vasilyev 1972-ci ildən SSRİ-nin Daxili İşlər Nazirliyi orqanlarında çalışıb, 1978-ci ildə Ümumittifaq Hüquq Yazışma İnstitutu, 1991-ci ildə isə SSRİ Daxili İşlər Nazirliyinin Akademiyasını bitirib. 1991-1992-ci illərdə RSFSR Daxili İşlər Nazirliyinin Təftiş Xidməti İdarəetmə Təşkilatının baş inspektoru, 1992-ci ildə Rusiya Daxili İşlər Nazirliyinin Baş Müfəttişliyində baş müfəttiş vəzifələrində çalışıb. 1993-1995-ci illərdə Rusiya Daxili İşlər Nazirliyinin qərargah rəisinin müavini-əməliyyat şöbəsinin müdiri, 1995-1997-ci illərdə Moskva Daxili İşlər Nazirliyinin Baş İdarəsinin birinci müavini olub. Rusiya prezidenti Boris Yeltsinin 1997-ci ildə imzaladığı fərmanla daxili işlər nazirinin birinci müavini vəzifəsinə təyin edilib. 1999-cu ildə Rusiya Federasiyası Təhlükəsizlik Şurası katibinin müavini olub. 2003-2007-ci il parlament seçkilərində Tver rayonunda Vladimir Putinin Vahid Rusiya Partiyasının namizədi olaraq Dövlət Dumasına seçilib və Dumanın sədr müavini olub.

Ailəlidir, 1 qızı və 1 nəvəsi var. Rəsmi məlumatlara görə, onun 2011-ci il üçün gəlirləri 1,9 milyon rubl olub.

Ekspertlər hesab edir ki, Dağıstan kimi Rusiya üçün böyük əhəmiyyət daşıyan və mürəkkəb bir yerə zamanında Boris Yeltsinin kadrı kimi tanınan Vladimir Vasilyevin rəhbər göndərilməsi maraqlıdır. Belə görünür ki, Vasilyev Putinə həddən artıq yaxın şəxsdir və Kreml rəhbərinin ona ciddi etimadı var. Vasilyevin sələfi Ramazan Abdulatipov Azərbaycana isti münasibəti ilə seçilən şəxsdir. Onun ölkəmizlə sıx əlaqələri daim olub. Hakimiyyətdə olduğu dövrlərdə Dağıstan-Azərbaycan əlaqələri yaxşı səviyyədə olub. Dağıstanın Azərbaycan üçün mühüm bölgə olduğunu nəzərə alsaq oraya Abdulatipovdan sonrakı dövrdə kimin rəhbərlik etməsinin ölkəmiz üçün də əhəmiyyət daşıyır. V.Vasilyevin R.Abdulatipovun ənənəsini davam etdirib etdirməyəcəyi, onun Azərbaycana münasibətinin necə olduğu isə məlum deyil.

Ekspertlərin fikrincə, Dağıstanın yeni rəhbəri də Azərbaycanla münasibətlərin normal qalmasında maraqlı olmalıdır. Çünki bu, Dağıstan xalqına da lazımdır. Azərbaycan üçün də Dağıstan önəmli bölgədir və münasibətlərin ən azından Abdulatipov dövründə olduğu kimi olması lazımdır. Azərbaycan-Dağıstan münasibətlərinin əvvəlki ənənələr üzrə inkişaf etməsi vacibdir. Əks təqdirdə, arzu edilməyən problemlər meydana çıxa bilər.


Oxşar xəbərlər