“Xalq niyə mitinqə gəlmir” sualına cavab axtarışı

  • 24 sen 2017, 12:30

Ədalət hər şeydən üstündür, düzü budur ki, 23 sentyabr mitinqində iştirak edənlər hakimiyyətin gözlədiyindən xeyli çox, müxalifətin istədiyindən qat-qat az olub.

Bu da sirr deyil, iqtidar komandası istəyir ki, siyasi rəqbilərinin üzvlər, tərəfdarlar, azarkeşlər kontingenti məhdud və zəif olsun. Bu, təkcə istəməklə qalmır, ortada məqsədyönlü çalışmalar da var.

 Müxalifət düşərgəsi isə istəyir və çalışır ki, sosial bazası, fəallar kütləsi genişlənsin, güclənsin, meydana çıxanda hakimiyyətə ciddi təzyiq göstərmək, hətta onu iş başından uzaqlaşdırmaq mümkün olsun.

Bunun adına siyasi mübarizə deyirlər. Bu fəaliyyət qanunlar çərçivəsində olduğu təqdirdə heç kəs insanların sərbəst toplaşmaq azadlığını məhdudlaşdıra, onu tamamilə ləğv edə bilməz.

İstər demokratik ölkələrdə, istərsə də demokratiyaya keçid dövrü yaşayan və 20-30 il ərzində keçib qurtara bilməyən ölkələrdə istənilən siyasi qüvvənin, sosial qrupun aktual hesab etdiyi problemə dair kütləvi etiraz aksiyası keçirməsi normaldır.

Ona görə də hazırda bəzi iqtidar adamlarının, funksioner və təblğitaçıların adi bir mitinqi aşırı dərəcədə yamanlamaları, az qala "baş tutmayan inqilab cəhdi”, "erməni sifarişinin nəticəsi” kimi qələmə verməsi əbəsdir.

Bu, adi, son 20 ildə on dəfələrlə baş tutmuş aksiyalardan biri idi və tanış ssenari üzrə başladı, davam etdi, bitdi. 

Bununla belə, mitinqdə iştirak edənlərin sayı üzərində aparılan manipulyasiyalar (hakimiyyətlə müxalifətin mitinqə qatılanların sayına dair elan etdikləri rəqəmlər arasında 10 dəfədən artıq fərq var) göstərir ki, əsas məsələ budur. Bizdə kütləviliyə təzyiq rıçağı əldə edib-etməmək məsələsi kimi baxılır.

Belədirsə, açıq demək lazımdır ki, dünən mitinq təşkil edən müxalifət qrupu umduğu, gözlədiyi rıçağı bu dəfə də əldə edə bilmədi. Sabah başqa müxalif qrup meydana çıxsa, o da əldə edə bilməyəcək.

Gerçəklik budur: xalq hələ də kütləvi aksiyalara biganədir. Bunun səbəbləri isə çoxdur.

Ölkədə sosial-iqtisadi durum qələmə verildiyi ("xalqın yarısı işsizdir”, "millət acından qırılır”, "haqsızlıq baş alıb gedir” və s.) qədər faciəvi olsaydı, prinsipcə, mitinq meydanı dolub-daşmış olmalıydı. Çünki məşhur ifadə ilə desək, "ac qılınca çapar”. Bu ölkənin acları, haqsızlığa məruz qalanları, əzilənləri indilikdə nəinki qılınca, hətta polis dəyənəyinə müqavimət göstərəcək cəsarətdə deyilsə, demək, aclıq, kasıblıq ya kütləvi şəkildə deyil, ya da "bıçağın sümüyə dirənməsi” mərhələsi yetişməyib.

Öz güzəranından, ölkədəki haqsızlıqlardan narazı olanların (bunlar qat-qat çoxdur) özlərində təpər tapıb meydana toplaşmamasının bir səbəbi gözqıpıqlıq ola bilər, ancaq böyük ehtimalla onların tam əksəriyyətini ayağa qalxmaqdan çəkindirən başlıca faktor itirməyə nələrininsə olmasıdır. Adamlar narazıdır, daha yaxşı olmasını istəyirlər, amma qorxurlar ki, "hökumətlə hökumətlik edərlər”, özlərinə  əlavə problem yaradarlar.

Hipotetik olaraq qəbul etsək ki, meydana çıxanlar ölkədəki problemlərin həllini istəyənlərdir, o zaman belə anlaşılır ki, çıxmayanlar da özlərinə problem yaranmasını istəməyənlərdir. Başqa sözlə, "ürəyi meydanda olub özü meydanda olmayanlar”, məşhur terminlərlə desək, özlərini lümpen proletariatdan saymayanlardır.

Görünür, bəzi müxalifət qüvvələri iqtidar komandası tərəfindən xalqın iqtisadi durumunun pisləşməsinə səbəb ola biləcək qərarlar qəbul ediləndə (dünya bazarında neft ucuzlaşanda, ölkə daxilində bahalaşma dalğası başlayanda, milli valyuta devalvasiyaya uğrayanda, böyük kollektivi olan müəssisələr bağlananda və s.)  ona görə sevinirlər ki, bu, lümpen proletariatın sırasını genişləndirəcək və meydana çıxanlar artacaq.

Nə sirrdirsə, indilikdə bu da baş vermir. İnsanlar "az aşım, ağrımaz başım” deyə aza qane olaraq, yaşayış standartlarını düşürərək yaşamağa davam edirlər.

Bəlkə də buna səbəb "inqilab edən” ölkələrdə yaranan vəziyyətdir. İnsanlar hakimiyyət uğrunda aparılan mübarizənin səbəb olduğu vətəndaş müharibəsini görür, ölkələrin kasıb əhalisinin böyük məşəqqətlərə düçar olmasını əks etdirən videosüjetləri izləyir və dogma ev-eşiyindən didərgin düşüb başqa ölkələrə sığınmaqdansa, dənizlərə qərq olmaqdansa, əl-ayaq altında qalmaqdansa, "baş-qulağımız dinc olsun, ac-acına oturaq, amma sakitlik olsun” düşüncəsinə qapılır.

Ya da xalqımız son illərdə çox müdrikləşib, hesab edir ki, "demokratiya gediləsi uzun yoldur”, zamanla hər şey öz axarına düşəcək, bu ölkədə də haqq-ədalət bərqərar olacaq.

Bir şey dəqiqdir ki, bu xalq üçün hakimiyyətdə kim olmasının fərqi yoxdur. O əmindir ki, yeni gələnlər də köhnəkilər kimi işləyəcək. Bu, bir stereotpdir və bu stereotip Çin səddi kimidir, aşılması çox çətindir. 

Xalid KAZIMLI

Oxşar xəbərlər