Prezident jurnalistlərin niyə və necə dostudur?
Ölkə jurnalistləri nəyə görə dövlət başçısını özlərinin
dostu hesab edirlər?
Əslində
sərlövhədəki suala cavab var. Sadəcə beynəlxalq miqyasda baş verən müəyyən
proseslər və onların ölkəmizdə doğurduğu ab-hava məsələyə yenidən qayıtmaq üçün
əsas verir. Daha doğrusu, yaddaşları təzələmək ehtiyacı yaradır. Diqqətli
oxucular söhbətin nədən getdiyini təxmin etdilər. Arayış üçün bildirim ki,
ABŞ-ın nüfuzlu "The Washington Post”, Böyük Britaniyanın "The Guardian” qəzetlərində
və dıgər KİV-lərdə ölkəmizlə bağlı əsassız və qərəzli fikirlər gündəmə gətirilib,
Azərbaycana, onun prezidentinə qarşı çirkin qaralama kampaniyasına start
verilib. Bu kampaniyada vacib elementlərdən biri isə həmişəki kimi söz və ifadə
azadlığı ilə imitasiyadır. Azərbaycan jurnalistləri, ümumən cəmiyyətimiz bu
kimi xoşagəlməz təqdimatları böyük rəzalət, ədalətsiz yanaşma hesab edir. Zənnimcə,
barışılması mümkün olmayan ən böyük ədalətsizlik isə prezident İlham Əliyevin şəxsində
Azərbaycan dövlətinin öz vətəndaşı olan jurnalistlərə yönələn sosial
aksiyasının, yəni media təmsilçilərinin mənzillə təminatının sırf təmənna kimi
qələmə verilməsi, mövcud xüsusda medianın dövlətdən asılılığı faktorunun
qabardılmasıdır.
Azərbaycan Prezidenti cənab İlham Əliyev nəyə görə jurnalistlərin dostudur?
Yaxud ölkə jurnalistləri nəyə görə dövlət başçısını özlərinin dostu hesab edirlər?
Dediyim kimi, cavab məlumdur. Kütləvi informasiya vasitələrinin hüquqi bazasının
təkmilləşdirilməsindən tutmuş jurnalistlərin sosial-məişət şəraitlərinin
yaxşılaşdırılmasınadək bir çox məqamlardan ətraflı söz açmaq mümkündür. Təbii,
hər bir detalın üzərində dayanmağa lüzum görmürəm. Ancaq müəyyən qədər ümumiləşdirmələr
apararaq bir sıra məsələləri vurğulamaq istərdim.
Azərbaycan dövləti medianı idarəçiliyin əsas vasitəsi hesab edir. Onun dördüncü
hakimiyyət missiyasına ciddi yanaşır. Çünki ümumən media fəaliyyəti mahiyyətcə ədalətin
bərqərar olmasına, güclənməsinə çağırış motivlidir və maarifləndiricidir. İstər
nəzəri, istərsə də praktik cəhətdən bu, hər bir dövlət üçün sərfəli modeldir.
Bəzi Qərb dairələrinin yanlış və məqsədli təqdimatlarının əksinə olaraq Azərbaycan
özünütəcrid vəziyyətində deyil, ola da bilməz. Aşkarlığın, şəffaflığın mühüm
göstəricisi olan müstəqil mediasız isə Azərbaycan modeli ümumiyyətlə yoxdur.
Bu, idarəçiliyin təbiətindən, xalqın ruhundan, mahiyyətindən irəli gələn
xüsusiyyətdir. Hətta totalitar sovet rejimi şəraitində də respublikamızın öz ənənələri
olub. Bu ənənələr mətbuata ciddi şəkildə sirayət edib. Bir sözlə xalq da, onun
mübarizə dayağı sayılan mətbuat da heç vaxt mütləqiyyətə boyun əyməyib.
Doğrudur, tarixdə Azərbaycan xalqının, eləcə də bütövlükdə Qafqaz regionu
xalqlarının taleyinə təsir göstərmiş nəhəng proseslər, kataklizmalar yaşanıb.
Bunun fəsadlarından sığortalanmaq mümkün olmayıb. İçərisində indi özünü
demokratik sayan Qərbin də yer aldığı ədalətsizliklərlə üzləşmişik. Bölgəmiz
böyük konfrantasiyaların meydanına çevrilib. Təəssüf ki, bu reallıqları qəbul
etmək məcburiyyətində qalmışıq. Lakin zaman dəyişib. Xalqımızın taleyinə
yazılmış SSRİ adlandırdığımız kabus da ömrünü başa vurub. Yeri gəlmişkən,
keçmiş imperiyanın süqutunda Azərbaycan xalqının, onun ruhunu ifadə edən mətbuat
orqanlarının son dərəcə fədakar əməyi olub.
Bütün çətinliklərə və məhrumiyyətlərə baxmayaraq müstəqillik illərində Azərbaycan
sürətlə inkişaf edən, dünyaya inteqrasiya yolu tutan ölkəyə çevrilib. Burada
beynəlxalq əhəmiyyətli konfranslar, seminarlar, simpoziumlar, nüfuzlu idman
yarışları və digər iri miqyaslı toplantılar təşkil olunub. Əldə etdiyimiz
nailiyyətlər barədə beynəlxalq aləmdə kifayət qədər bilgilər var. Bununla bağlı
dünya mediasında çoxsaylı məqalələr də yer alıb.
Azərbaycan dövləti "The Washington Post”un və digərilərinin iddia etdiyinin əksinə
olaraq, heç vaxt jurnalistikanı hansısa təmənna ilə ələ almaq niyyətində
olmayıb. Azərbaycan jurnalistləri də heç zaman nəinki düşünməyiblər, heç
ağıllarına da gətirməyiblər ki, dövlətin onlarla bağlı siyasəti
yaradıcılıqlarını məhdudlaşdıra, özünüsenzura meyli yarada bilər. Onlar bu gün
də tam azad və sərbəst şəkildə fikirlərini ifadə edir, ən sərt tənqidi,
düşündürücü materiallarla oxucuların görüşünə gəlirlər. Dövlət başçısı
çıxışlarında jurnalistləri daim fəal olmağa, cəmiyyətin ən müxtəlif tərəflərini
işıqlandırmağa, nöqsanları diqqətə çatdırmağa, məmurları tənqid etməyə çağırır.
Bəli, üç ildən sonra Azərbaycanda daha 255 jurnalistə ölkə Prezidentinin Sərəncamı
əsasında inşa olunacaq binadan mənzil veriləcək. İndiyədək 411 media təmsilçisi
evlə təmin edilib. Bu prosesdə Azərbaycan mediasının palitrası tam şəkildə gözlənilib.
Dövlətin mənzillə təmin etdiyi jurnalistlər içərisində iqtidaryönümlü, müxalifətyönümlü
və müstəqil jurnalistlər var. Bölgüdə onlara hər hansı fərq qoyulmasından söhbət
qətiyyən gedə bilməz.
Əlbəttə, Azərbaycan jurnalistləri mənzilə, ümumən sosial-məişət və iş şəraitlərinin
yaxşılaşdırılmasına ehtiyac duyublar. Qeyd etdiyimiz kimi, Azərbaycanın
inkişafı heç də rəvan getməyib. İndi də Dağlıq Qarabağ münaqişəsinin timsalında
Ermənistanın təcavüzkar siyasəti ilə baş-başayıq. Torpaqlarımızın 20 faizi
işğal altındadır. Bu kimi məqamları görmək öz fəaliyyətlərində itirdikləri
haqq-ədalət anlayışını Azərbaycanda tapmaq fikrinə düşənləri, ölkəmizə qarşı
ikili standartlar irəli sürənləri, söz və ifadə azadlığı ilə bağlı saxta
reytinqlər tərtib edərək Azərbaycanı nüfuzdan salmağa çalışanları qətiyyən
düşündürmür. Onları bu da düşündürmür ki, Azərbaycanda hər il əhalinin ən müxtəlif
kateqoriyalarının mənzillə təminatı, mənzil şəraitinin yaxşılaşdırılması üçün
layihələr gerçəkləşdirilir. Bu, dövlətin vətəndaşına yönələn sosial siyasəti
olaraq dəyər qazanırsa, jurnalistlərin eyni imtiyazdan bəhrələnmələri nə üçün təmənna
sayılmalıdır? Əksinə jurnalistlərin mənzil probleminin aradan qaldırılması
prioritet əhəmiyyət daşımalıdır. Dövlətimiz də nəzərə alır ki, qayğısız
jurnalistin əməyi demokratik dövlət, vətəndaş cəmiyyəti quruculuğunun dərinləşdirilməsi
baxımından vacibdir.
Sonda onu da bildirək ki, ümumən Azərbaycanın uğurları xalq-hakimiyyət vəhdətinin
nəticəsidir. Bu vəhdət dünya şöhrətli ictimai-siyasi xadim, ümummilli lider
Heydər Əliyev şəxsiyyətinin şah əsəridir. Heydər Əliyevin apardığı siyasət ümumən
Azərbaycanın müstəqilliyinin qorunmasına və möhkəmləndirilməsinə
hesablanmışdısa, cənab İlham Əliyevin prezidentliyi həm götürülmüş
ictimai-siyasi, sosial-iqtisadi və mədəni kursun davamı, həm də Azərbaycanın
dünyada güclü və oturuşmuş dövlət modeli olaraq təsdiqi mərhələsi idi. Cəmiyyətimiz
bütün bunları görür və Prezidentə etimad da məhz sadaladığım məqamlardan
qaynaqlanır. Buna görə də Azərbaycan cəmiyyətinin ayrılmaz tərkib hissəsi olan
medianın dövlət başçısının idarəçiliyindəki həssaslıq üçün müəyyənləşdirdiyi
ali dəyər var. Bu dəyərin adı dostluqdur.
Dostluq tam səmimiyyətə, qarşılıqlı inama və etimada söykənən müqəddəs
yaşantıdır. Dostluğun ən böyük göstəricisi onun təmənnasız təbiətə malik
olmasıdır. Mediamız cəmiyyətimizi, insanlarımızı məhz bu keyfiyyətlərin
daşıyıcısı kimi görür. Bu dəyərləri özünün həyat prinsipinə və fəaliyyət
meyarına çevirən Prezident şübhəsiz ki, jurnalistlərin, bütövlükdə isə dünyanın
hansı bölgəsində yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının dostudur.
Azərbaycan cəmiyyəti, həmçinin Azərbaycan jurnalistikası dostunun timsalında
dövlətinə sadiqdir.
Əflatun Amaşov,
Azərbaycan Mətbuat Şurasının sədri,
Milli Məclisin deputatı