Demokratik idarəetməyə keçid Azərbaycanda prioritetdir

  • 20 sen 2017, 07:13

Tam hüquqi dövlət və vətəndaş cəmiyyəti istəyiriksə...

Vətəndaş cəmiyyətinin inkişafı üçün dövlətdə demokratik idarəetmənin formalaşması vacibdir. Demokratik idarəetmə olmadan vətəndaş münasibətlərini inkişaf etdirmək, insan hüquq və azadlıqlarına hörməti təmin etmək, ədalətli qanunların yaranmasına və həyata keçirilməsinə nail olmaq mümkün deyil. Buna görə də hər bir cəmiyyətdə demokratikləşmənin təmin edilməsi üçün ilk növbədə dövlətdə demokratik idarəetmə olmalıdır.

Demokratik idarəetmə sistemi xalqın hakimiyyətin mənbəyi kimi tanınmasına və çoxluğun iradəsinə əsaslanmaqla, ona dövlət işlərində iştirak hüququ verir, habelə vətəndaşları real hüquq və azadlıqlarla təmin edir. Bu idarəetmə sistemi idarəetmə qərarlarının qəbuluna kollektivin geniş miqyasda cəlb olunmasını, yaradıcı özünüidarəetməni və hakimiyyət səlahiyyətlərinin həvalə olunmasını nəzərdə tutur.

Demokratik dövlət insanların birgə fəaliyyətinin təşkili və tənzimlənməsinin mühüm şərti, onların qarşılıqlı münasibətlərinin qaydaya salınmasının, cəmiyyətdə nizam-intizamın və sabitliyin başlıca təminatçısıdır. Demokratik inkişaf yolu seçən dövlətlərin mütləq əksəriyyətində ictimai-siyasi sabitliyin möhkəm təmələ söykənməsi, yüksək maddi rifah halı, vətəndaş-cəmiyyət münasibətlərinin ahəngdarlığı, şəxsiyyətin mənafelərinin, hüquq və azadlıqlarının maksimum səviyyədə qorunması, qanunun aliliyi prinsipinə bütün səviyyələrdə əməl olunması təmin edilib.

Hüquqi dövlət quruculuğu üçün də demokratik idarəetmə vacibdir. Ümumi hüquqda hüquqi dövlət prinsipi idarə olunanların azadlıqlarının təminatı vasitəsi kimi qəbul edilir. Bu məqsəd üçün demokratik idarəetmə də hüquqi dövlətin reallaşması şərtidir. Siyasət və ümumi hüquq tarixi göstərir ki, idarə olunanların dövlət idarəsində iştirak etmədikləri şəraitdə liberal recimin qurulması mümkün olmayıb. Xalqın birbaşa və ya dolayı qərar vermə prosesinə qatılması, yəni iqtidarın demokratikləşməsi, azadlığın reallaşması üçün "labüd şərt” mahiyətini alıb.

"Demokratiya” anlayışının mahiyyətində də əslində söhbət idarəetmədən gedir. Müasir demokratiya idarə olunanların (vətəndaşların) elə bir idarəetmə formasıdır ki, burada vətəndaşların seçilmiş nümayəndələri, rəqabət və işbirliyi yolu ilə dolayı olaraq ictimai sahədə iştirak edirlər.

Demokratiyanın tərifi mövzusunda bir çox rəy və fikir irəli sürülüb. Bunlar demokratiya barədə əsas fikir və düşüncələrin təhrif olunmasına səbəb olan fikir axımları olub. Tərifi və ya üsulundan asılı olmayaraq, demokratiyanın məqsədi təkdir, o da azadlığın təmin olunmasıdır. Bunun əksini iddia etmək çətindir.
Demokratiyanı reallaşdırma vasitələri dəyişdikcə və inkişaf etdikcə demokratiyanın tərifi də dəyişəcək. Bu idarə formasının birbaşa xalq tərəfindən olmasa da, "xalq üçün” olması şərtdir. Adi hallarda bəlkə xalq iqtidara qatılmır, qərar vermə prosesinə təsir göstərmir, lakin bu yola əl atmaq istədiyi vaxt əli qolu bağlıdırsa, demokratiyadan danışmaq yersizdir. Bunu reallaşdıracaq olan rejimlər həm qanunlarla, həm adətlərlə, həm də nəzarət mexanizmi ilə azadlıqlara təminat verməlidir. Digər tərəfdən, təmin edilməli olan azadlıq çox-luğun deyil, maksimum sayda şəxsin azadlığıdır. Yəni siyasi cəmiyyətin bütün təbəqələrinin könüllü şəkildə uzlaşdırılmasıdır.

Demokratik adətlərə gəlincə, onların olmadığı cəmiyyətdə qanunların təkbaşına təsirli olmayacağını qeyd etməliyik. Bu adətlərin necə bərqərar ola-cağı isə cəmiyyətin böyük və ya təsirli qisminin demokratiyaya olan inancına bağlıdır. Nəzarət mexanizmi də, sadəcə, idarəçi şəxslər üzərində deyil, idarə edən çoxluğun nəzarətini də əhatə etməlidir. Burada, sadəcə, inzibati hüquqi aktların qanunlara uyğunluğu deyil, eyni zamanda "çoxluğun” çıxardığı qanunlar üzərində konstitusional nəzarət də önəmlidir.

Azərbaycanda dövlətçiliyinin mahiyyəti Konstitutsiyada öz əksini tapıb. Dövlətimiz "suveren, müstəqil, hüquqi, demokratik, dünyəvi” kimi ən vacib xüsusiyyətlərini əks etdirir.

Azərbaycan hakimiyyət bölgüsü və qanunun aliliyi prinsipinə əsaslanan müasir demokratik dövlətin əsasını təşkil edən institutsional sistemin və onun bir çox elementlərinin yaradılması sahəsində kifayət qədər təcrübə toplayıb. Demək olar ki, Azərbaycanda bütövlükdə demokratik dövlət quruculuğunun ilk mərhələsi başa çatıb. Ölkədə demokratik sistemin yaradılmasının əsası qoyululub ki, onun da başlıca prinsipləri Konstitusiyada öz əksini tapıb.
Ölkədə prezident idarəçilik üsulu ilə respublika modeli çərçivəsində əsas demokratik institular alternativ demokratik seçkilər əsasında formalaşdırılan nümayəndəli orqanlar, qanunverici orqan qarşısında hesabat verən icra hakimiyyəti var. İnstitutsional baxımdan müstəqil məhkəmə orqanları yaradılıb, yerli özünüidarəetmə orqanlarının formalaşdırılması prosesinə başlanılıb. Respublikada hakimiyyət institutlarının islahatları ilə yanaşı, eyni zamanda, dövlət qulluğu sisteminin islahatları həyata keçirilir ki, buna da dövlət idarəetmə sisteminin vacib elementi kimi baxılır.

Lakin bu, heç də o demək deyil ki, yeni dövlətçiliyin institutsional sisteminin yaradılması tamamilə başa çatdırılıb və onun yerli şəraitə uyğun optimal formaları artıq tapılıb. Bu proses davam edir və özünün yeni mərhələsinə keçir ki, bu da artıq struktur islahatlarının həyata keçirilməsi, genişlənməsini, idarəetmə prossesinin təşkilinin daha səmərəli formalarının axtarılıb tapilması ilə bağlı vəzifələri qarşıya qoyur.

Bundan başqa, digər demokratik dövlətlər kimi Azərbaycanda islahatların gedişində iqtisadi, sosial, mədəni qloballaşma ilə bağlı inkişaf prosesində yaranan yeni problemlərlə qarşılaşır ki, bu da dövlət idarəçiliyinin səmərəliliyinə qarşı irəli sürülən tələbləri daha kəskin şəkildə qarşıya qoyur.

Azərbaycanın dövlət müstəqilliyini əldə etdiyi gündən indiyə qədərki dövrü dövlət idarəçiliyinin inkişafi baxımından bir neçə mərhələyə ayırmaq olar.
1991-1993-cu illər birinci inkişaf dövrüdür. Azərbaycan dövlət müstəqilliyini əldə etdiyi ilk dövrlərdə ölkədə mövcud olan gərgin ictimai-siyasi vəziyyət, hakimiyyət uğrunda mübarizənin güclənməsi, Ermənistanin Azərbaycana birbaşa təcavüzü, 1 milyon nəfərdən çox qaçqın və məcburi köçkünün olması, nəqliyyat blokadası, iqtisadi əlaqələrin qırilması, inflyasiya, əhalinin əmanətlərinin qiymətdən düşməsi, maliyyə-bank sisteminin iflası cəmiyyəti bürümuş siyasi və iqtisadi böhranı sürətləndirir, sosial gərginliyin artmasına səbəb olurdu. Səriştəsizliklə əlaqədar olaraq dövlət idarəetmə orqanları onların üzərinə qoyulan vəzifələrin öhtəsindən gələ bilmir,çox vaxt yeni iqtisadi və siyasi şəraitdə öz funksiyyalarını həyata keçirməyə hazır olmurdu.

1994-1995-ci illərdə əvvəlki dövrdə idarəetmədə yaranan vəziyyəti düzəltmək üçün yalnız dövlət hakimiyyətinin radikal şəkildə gücləndirilməsindən sosial, iqtisadi və siyasi proseslərin dövlət tənzimlənməsinin genişləndirilməsindən ibarət idi. Bu vəziyyəti yalnız dövlət hakimiyyətinin potensialının kəskin surətdə artırılması yolu ilə aradan qaldırmaq mümkün idi. Bunun üçün hakimiyyətin bütün qollarının, xüsusilə də icra hakimiyyətinin qanun çərçivəsində gücləndirilməsin böyük əhəmiyyət kəsb edirdi ki, bu da hər şeydən əvvəl dövlət idarəetməsini məqsədlərinin müəyyənləşdirilməsinin, ümumi təşkilinin, tənzimləmə və əlaqələndirmə mexanizmlərinin, vahid nəzarət sisteminin hərtərəfli və tədricən yaxşılaşdırılması yolu ilə ölkədə idarəolunanlığın bərpasını və ölkədə dövlət idarəolunanlığının bərpasını nəzərdə tuturdu.

Bu dövrdə iqtisadi böhranın dağıdıcı təsirlərinin qarşısının alınması, maliyyə-bank sisteminin tənəzzülünün və inflyasiya prosesinin dayandırılması üçün pul-kredit siyasəti çərçivəsində səmərəli tədbirlərin görülməsi, respublikada ictimai-siyasi sabitliyin yaradılması, Azərbaycan problemlərinin dünya ictimaiyyətinə çatdırılması ilə bağlı informasiya blokadasının yarılması və Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artırılması sahəsində təsirli tədbirlərin görülməsi, "Əsrin müqaviləsi”nin imzalanması və s. kimi məsələlər məhz bu dövrdə dövlət idarəçiliyi sahəsində görülmüş işlər haqqında təsəvvür əldə etməyə imkan verir.

1998-ci ilin sonuna kimi həyata keçirilən tədbirlər sayəsində iqtisadi islahatların reallaşdırılması prosesini tənzimləyən 150-dən yuxarı qanun, ölkə prezidentinin yüzlərlə fərman və sərəncamları, digər normativ-hüquqi aktlar qəbul olunub.

Azərbaycanda bazar münasibətlərinə keçid təşkil edildi. Bazar iqtisadiyyatının əsasını sahibkarlıq fəaliyyəti təşkil edir ki, onun da formalaşması və inkişafı dövlətin başlıca sosial vəzifəsi hesab olunur. Bu illərdə respublikamızda azad sahibkarlığın bütünformalarının və biznes fəaliyyətinin qərarlaşması və inkişafını təmin etmək üçün bir sıra qanunlar və hüquqi-normativ aktlar qəbul edilib, sahibkarlığın hüquqi-iqtisadi bazası yaradılıb.

İdarəetmədə islahatların digər mühüm mərhələsi 1998-ci ildən başlayır. 1998-ci ilin sonunda Azərbaycanda dövlət idarəetmə sistemində islahatlar aparılması üzrə dövlət komissiyasının yaradılması haqqında Prezident Fərmanı olub. İdarəetmədə islahatlar 2004-cü ilə qədər sürətlə aparılıb. Bu müddətdə idarəçilik sisteminin təkmilləşdirilməsi və mərkəzi icra orqanlarının struktur dəyişikliklərin aparılması barəsində 30-dan çox fərman, 20-dən çox sərəncam imzalanıb. Təkcə 2001-ci ildə 7 yeni nazirlik və idarə yaradılıb.

İdarəetmə sahəsində aparılan islahatlar sonrakı illərdə də davam etdirilib. İslahatların əsas məqsədi olan demokratik idarəetmənin formalaşması üçün artıq güclü zəmin var. İllər ötdükcə vətəndaşların idarəetmə prosesində iştirakı, qərarların qəbuluna təsiri daha qabarıq şəkildə görünür. /Vasif CƏFƏROV/

 

Demokratik.Az

Oxşar xəbərlər