Vəkillər Kollegiyasının sədrini dəyişirlər

  • 14 sen 2017, 08:43

Alternativ Vəkillər Kollegiyası yarana bilər!

Azərbaycanda vəkillərin sayı 934 nəfərə çatıb. 2015-ci ildə daha 154 nəfər vəkil adı qazanıb. Amma bu 154 nəfər imtahanlara qatılanların cəmi 30 faizidir. Yəni qalan 70 faiz iddiaçı imtahandan keçə bilməyib. 2015-ci ildə Azərbaycan Vəkillər Kollegiyasına üzv seçilmək üçün imtahanlara ümumilikdə 706 nəfər sənəd verib. İmtahanlara qatılanlardan 215 nəfəri II mərhələyə adlayıb. İkinci mərhələdən sonra 154 nəfər vəkil vəsiqəsi qazanıb.

İllərdir ki, gerçəkləşdirilən 2 mərhələli imtahan bir çox hüquqşünasın vəkil olmasına əngəl yaradır. Vəkil olmağa iddialı şəxs test imtahanlarını verir və bundan sonra qarşısında daha çətin bir imtahan dayanır. Bu da şifahi müsahibədir. O müsahibə ki, şəxsən Azər Tağıyevin nəzarəti və bilavasitə iştirakı ilə baş tutur. Gözlərinə xoş görünməyən, imtahandan əvvəl Vəkillər Kollegiyasında olmayanlar çıxdaş edilir.

Test imtahanlarından müvəffəqiyyət qazanmış keçmiş vəkilliyə namizədin şifahi imtahana cəlb olunmasının başqa məqsədə xidmət etməsini söyləmək çox çətindir. Azər Tağıyev bir qayda olaraq "şifahi imtahana nə ehtiyac var” sualını cavabsız buraxır. Nə desin?

Qanunlara edilən, qanuniliyi şübhə doğuran dəyişikliklərdən sonra Azərbaycanda vəkil kimi tam hüquqlarla fəaliyyət göstərə bilmək üçün Vəkillər Kollegiyasına üzv olub onun vəsiqəsini əldə etmək lazımdır. Bu quruma üzv olmayanlar xüsusilə cinayət işləri üzrə məhkəmələrdə hüquq müdafiə prosesində iştirak edə bilmirlər. Azərbaycan qanunvericiliyinə görə, məhkəmələrdə cinayət işləri ilə bağlı ancaq Vəkillər Kollegiyasının üzvləri vəkil kimi iştirak edə bilər. Qanundakı bu dəyişiklik VK-nı əhəmiyyətli quruma çevirsə də, ümumilikdə ölkədə vəkil probleminin yaşanmasına yol açır.

2009-cu ilin hesablamalarına görə, ölkəmizdə hər 12 min vətəndaşa 1 vəkil düşürdü. 2005-ci ildə quruma 151, 2006-cı ildə 24, 2007-ci ildə 235 nəfər, 2008-ci ildə 23, 2009-cu ildə 67, 2010-cu ildə 15, 2011-ci ildə 9 nəfər üzv qəbul edilib. Vəkillər Kollegiyasının rəhbərliyi vəkillərin sayının artmasında maraqlı görünmür. Üstəlik, hər addımda ictimai fəal vəkillərin kollegiyadan uzaqlaşdırılması üçün fürsət axtarılır. Bunun üçün qanunlara dəyişikliyi şəxsən Azər Tağıyev təklif edib və təklifinin mürəkkəbi qurumamış qəbul ediblər.

Vəkillər Kollegiyası qeyri-hökumət təşkilatıdır. Qanunlar bir neçə VK-nın yaradılmasını əngəlləmir. Amma illərdir ki, digər VK-ların yaradılması qeyri-rəsmi qadağan olunub. Qanunla yalnız VK üzvlərinin sayı 1000 nəfəri aşdıqdan sonra yeni VK yaradılmasına icazə verilir.

Həmin min nəfərlik baryerin aşılması, vəkillərin sayının artması şifahi imtahan səddi çəkilməklə əngəllənsə də nəhayət ki, baş tutub. Reallıq budur ki, Azərbaycanda 2-ci Vəkillər Kollegiyasının yaranması baş tutmur.

2016-cı ildə Vəkillər Kollegiyası üzvlüyünə sənəd qəbulu keçirilib. Amma imtahan vaxtının təyin olunması acı bağırsağa dönüb.

Bunun bir səbəbi kimi A.Tağıyevin səhhətində olan problemlər göstərilir. Gələn məlumatlara görə, artıq onun yerinə namizədin adı da bəllidir. Bu şəxs VK-nı Məhkəmə Hüquq Şurasında təmsil edən 4 saylı hüquq məsləhətxanasının sədri Ramiz İbrahimovdur.

Qeyd edək ki, 2012-ci ildə Vəkillər Kollegiyasının qurultay səlahiyyətli konfransı keçirilib. Konfransa 82 vəkil dəvət olunub. Azər Tağıyev VK-nın yenidən rəyasət heyətinin sədri seçilib. Həmin konfransda "Vəkillərin davranış qaydaları haqqında” Əsasnamə və rəyasət heyətinin 2013-2017-ci illər üzrə büdcəsi təsdiq olunub.

Maraqlıdır ki, konfransda vəkillərdən toplanan aylıq gəlirlərin hara, necə xərclənməsi haqda məlumatlar çox səthi şəkildə qeyd olunub. Bu gün VK-da 1000 nəfərə yaxın vəkil var. Onların hər biri aylıq 46 manat, gəlirlərindən 2 faiz sığorta haqqı ödəyirlər. Bu məbləğlər üst-üstə toplanaraq 50 min manat civarında bir məbləği formalaşdırır. Bu pullar hara, necə xərclənir, bilinmir. A.Tağıyev 2004-cü ildə əyləşdiyi VK sədri kreslosunu qorumaq üçün çalışır. Onun 2012-ci ildə keçirdiyi konfransın legitimliyi haqda hələ o dövrdə böyük şübhələr vardı. Konfransın keçirilməsi üçün kollegiyanın 1000-dən artıq üzvü olmalı idi. Lakin həyata keçirilən məqsədyönlü siyasət nəticəsində həmin dövrdə Azərbaycanda vəkillərin sayı 900-ü aşmırdı. Bu, A.Tağıyevə konfransı 81 nəfərlə keçirməyə mane olmadı və ömürlük sədrlik arzusu da, faktiki, yerinə yetdi.

Bundan sonra Azərbaycanın tanınmış bir çox vəkilləri Vəkillər Kollegiyasının sıralarından çıxarılmaqla, cinayət işlərinə çıxışları əngəllənib. Bu da A.Tağıyevin qanunlara dəyişiklik edib vəkilləri VK-dan məhkəməsiz-filansız çıxarılması səlahiyyətinin ona verilməsi təklifinin qəbulundan sonra baş verdi.

Həmin dəyişikliklərə qədər vəkilin fəaliyyətinə məhkəmələrə müraciət olunmaqla xitam verilə bilərdi. Bu isə uzun prosedur idi. Azər Tağıyevə belə bir səlahiyyətin verilməsini qanuna zidd olsa da, verildi. Azərbaycanda vəkillik institutu xəstədir, atılan addımları isə onun sağalmasına xidmət etmir, əksinə, xəstəhal şəkildə yaşamını davam etdirməsinə hesablanıb.

E.MƏMMƏDƏLİYEV

Oxşar xəbərlər