Eldar Mahmudovun “qalxanı” - onu azadlıqda saxlayan ilginc səbəb

  • 06 sen 2017, 11:13

Sabiq nazir toxunulmazlığını vəzifədə olduğu illərdə necə təmin edib...

Eldar Mahmudov tutduğu postdan uzaqlaşdırılandan sonra onun tezliklə həbsə alınacağı gözlənilirdi. 1 ay sonra E.Mahmudovun tutduğu postdan uzaqlaşdırılmasının 2 ili yekunlaşacaq, o isə azadlıqdadır. Ara-sıra sorağı gəlir. Rəsmilər ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyində(MTN) başlanan ildırım sürətli yoxlama və həbslərdən sonra verdikləri açıqlamalarda sabiq nazirin də həbsinin gerçəkləşəcəyinə işarələr vururdular. Artıq rəsmilər bu mövzudan danışmır, Eldar Mahmudovun adını belə çəkmirlər.

"MTN işi” üzrə Bakı Hərbi Məhkəməsində 20-yə yaxın sabiq MTN-çi mühakimə olunur. Tutulanların demək olar ki, hər biri vaxtilə Eldar Mahmudovun yaxın ətrafına daxil olan, onun komandasının üzvləri olaraq MTN-də yüksək postlar tutmuş, onun təqdimatı ilə general rütbəsinə qədər yüksəlmiş şəxslərdir. Eldar Mahmudov isə onların arasında deyil. Baş prokuror Zakir Qaralov 2016-cı il oktyabrın 1-də Eldar Mahmudovun həbs edilməməsinin səbəbi ilə bağlı suala cavab verərkən demişdi ki, Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları haqqında Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaq davam edir. Bütövlükdə istintaq 280 epizod üzrə aparılır.


Sitat: "Artıq bilirsiniz ki, həmin cinayət işlərindən biri məhkəməyə göndərilib, digərləri üzrə istintaq davam edir. İstintaqın sonunda kimin həbs olunub-olunmayacağı bəlli olacaq. Prokurorluq orqanlarının ümdə vəzifələrindən biri də vətəndaşlarımızın ərizə və şikayətlərinin baxılmasıdır. Müraciətlər araşdırılır, müvafiq tədbirlər də görülür. kimin məsuliyyəti varsa, o, məsuliyyətdən kənarda qalmayacaq”.


Bu gün məhkəmədə mühakimə olunan arasında Eldar Mahmudov yoxdur. Ara-sıra zərəçəkənlər onun məhkəməyə heç olmasa şahid qismində çağırılmasını tələb etsələr də, ali savadlı hakimlər bu tələbləri də cavabsız buraxmağa üstünlük verirlər. 
Bu gün Eldar Mahmudovdan savayı onun müavinləri Əli Şəfiyevlə Hilal Əsədovun da statusları bəlli deyil. MTN-dəki məlum əməliyyatlardan sonra Hilal Əsədovun saxlanılması haqda xəbərlər dolaşsa da, sonradan bu məlumatlar təsdiqini tapmadı. Əli Şəfiyevin barəsində isə bir növ məlumat kasadlığı var. Bilinən odur ki, MTN ləğv olunandan sonra bazasında yaradılan Dövlət Təhlükəsizlik Xidmətində fəaliyyətini davam etdirib.


Ə.Şəfiyev E.Mahmudovun dövründə milli təhlükəsizlik nazirinin müavini olub. Ə.Şəfiyev Eldar Mahmudovun əmisi qızının həyat yoldaşıdır. Eldar Mahmudovun nazirliyi dövründə polkovnik-leytenantdan general leytenant rütbəsinə qalxıb, müavin təyin olunub. Mahmudov onun yaxasından 1 orden, 2 medal asıb.


Sabiq nazirin əmisi oğlu, 2015-ci ilin noyabrında məsuliyyətə cəlb edilən "Azərtürkbank” ASC-nin "Bakı” filialının sabiq müdiri İlham Mahmudovu da 1 həftə əvvəl məhkəmə zalında azad etdilər. Vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirli bilinən İlham Mahmudov 2015-ci il martın 3-dən etibarən tutduğu vəzifədə işləyərkən saxtakarlıq etməkdə təqsirli bilinirdi. Ittihama görə İlham Mahmudov vəzifəsindən sui-istifadə edərək qardaşının həyat yoldaşı Nuranə Mahmudovanın adına depozit hesabları açıb. Həmin hesablara 5 əmanət müqaviləsi üzrə ümumilikdə 103 min manat köçürüb. Həmçinin qardaşı İlqar Mahmudovun adına 10 min dollar, onun həyat yoldaşı Fatma Mahmudovanın adına illik 2 faiz ödənməklə 45 min avro depozit hesablarına qoyulub. 2015-ci ilin iyulun 16-da həyat yoldaşı Kəmalə Mahmudovaya cari hesab açaraq 1100 manatın mədaxil olunmasını təşkil edən İlham Mahmudov etibarnamələr əsasında həmin hesablar üzrə əməliyyatları idarə etməkdə də təqsirləndirilirdi.

İlham Mahmudov bundan başqa 2015-ci ilin 4 noyabrında qardaşı Vüqar Mahmudovun sürücüsü Nicat Məmmədovun istifadə etdiyi "Kapitalbank” ASC-yə aid plastik bank kartını dəyişmək adı ilə aldadıb və işlədiyi filiala dəvət edib. İttihama görə o, N.Məmmədovun etibarından istifadə etməklə ona hər hansı məlumat vermədən adına bank hesabı açıb. Hesabı açandan sonra o, Nicat Məmmədovun xəbəri olmadan qardaşı Vüqarın həyat yoldaşı Nuranə Mahmudovanın adına köçürülmüş 1 milyon 530 min dolları qanunsuz olaraq çıxarıb. İttiham bir kənara qaldı, hakim sabiq nazirin əmisi oğlunu məhkəmə zalından açıb buraxdı. ğ


MTN-in ləğvindən sonra baş verənləri də nəzərdən keçirəndə belə fikir yaranır ki, sanki, Eldar Mahmudov bu gün də vəzifədədir və əlində hər kəsə, hakimlərdən tutmuş onun barəsində tədbir görməli şəxslərə qədər təsir imkanlarını saxlayır.


Nədir sabiq naziri bu qədər güclü edən?


MTN-in ləğvi ilə nəticələnən prosesi izləyənlərin bir çoxunda belə bir fikir yaranıb ki, Eldar Mahmudovu güclü edən əlindəki kompro-materiallardır. Həmin materialların daha çox siyasi-kriminal xarakter daşıdığı haqda da ara-sıra bilgilər yayılır. Belə anlaşılır ki, E.Mahmudov MTN-ə rəhbərlik etdiyi 11 il ərzində özünü qorumaq üçün çox ciddi işlər görüb, kompromat arxivi yaradıb. İndi isə həmin arxiv onun üçün "qalxana” çevrilib.


İstefada olan təhlükəsizlik xidməti polkovnik-leytenantı İlham İsmayıl deyir ki, Eldar Mahmudovun istintaqa cəlb olunmaması istintaq orqanlarının problemi deyil. İ.İsmayıl deyir ki, Eldar Mahmudovun istintaqa cəlb edilməsi üçün kifayət qədər əsaslar var: "Deyək ki, Eldar Mahmudovun əleyhinə ifadə verən yoxdur. O, 10 ildən artıq böyük bir nazirliyə rəhbərlik edib və ən azı ətrafında baş verən cinayətlərə görə vəzifə səlahiyyətlərinə səhlənkar yanaşdığına görə məsuliyyətə cəlb olunmalıdır. Onun bu səhlənkarlığına görə dövlətə dəyən ziyanları ortaya qoyub Eldar Mahmudovu istintaqa cəlb etmək olar. Amma bu gün bizim ”Eldar Mahmudov niyə istintaqa cəlb olunmur" deyib fal açmağımıza ehtiyac yoxdur. Bu gün hərə bir pərdəarxası, kluar söhbətlərinin nədən ibarət olması, Beynəlxalq Bankın pullarının geri qaytarılmasına görə bu adamın azadlıqda olması fikirlərini deyir. Amma bu gün Eldar Mahmudovun nədən azadlıqdan olmasını dəqiqliyi ilə buna səlahiyyəti olan şəxs bilə bilər".


Qeyd edək ki, İ.İsmayıl bir müddət əvvəl bu mövzuda müəllif yazısı ilə çıxış etmişdi. Həmin yazı belə bir fikirlərlə yekunlaşırdı.


E.MƏMMƏDƏLİYEV

Oxşar xəbərlər