Akif Çovdarovun yağmaladığı mülkləri necə xilas etməli?

  • 09 avq 2017, 09:29

Tanınmiş vəkil çıxış yolları barədə "Yeni Müsavat”a önəmli açıqlamalar verdi; "Prokurorluq orqanları həmin mülklərlə bağlı...”

Sabunçu Rayon Məhkəməsində ləğv edilmiş MTN-in generalı Akif Çovdarov və digər 3 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam edir. Hakim Həbin Həsənovun sədrliyi ilə keçirilən son qapalı proseslərdən birində general A.Çovdarov üzərinə həbs qoyulmuş əmlakları haqda ifadə verib. Həmin əmlakların uzun bir siyahısı əlimizdə var və həmin siyahıda aşağıdakı əmlaklar qeyd olunub:


- Nizami rayonu Naxçıvanski küçəsi 50 ünvanında yerləşən ticarət və xidmət sahəsindən (meyvə-tərəvəz bazarı) ibarət əmlak kompleksinin (dəyəri 8.100.000 manat), "Babək-94" müstəqil kiçik müəssisəsinin Bakı şəhəri Xətai rayonu M.Hadi və İ. Zülfüqarov küçələrinin arasında 2942 a məhəllədə yerləşən binasında (hazırda Xudu Məmmədov küçəsi 34) 89,8 kvadrat metr ölçüdə 100 nömrəli mənzilin (dəyəri 115.500 manat), Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsində İbadət Çovdarovanın adına rəsmiləşmiş 560 kvadrat metr torpaq sahəsinin (dəyəri 95.000 manat), Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsində Rövşən Qasımovun adına rəsmiləşmiş 0,06 hektar torpaq sahəsinin (dəyəri 300.000 manat), Bakı şəhəri Yasamal rayonu M. Xiyabani küçəsi 5-də yerləşən ”Yeni Yasamal" mənzil-tikinti kooperativinin inşa etdiyi binanın 1-ci mərtəbəsindəki 250 kvadrat metr qeyri-yaşayış sahəsinin (dəyəri 231.500 manat), Bakı şəhəri Xətai rayonu M. Hadi küçəsi 2337-ci məhəllə, "Yüksəliş-C” MTK tərəfindən inşa edilmiş binanın 147,4 kvadrat metr sahəyə malik 179 saylı mənzilinin (dəyəri 125.000 manat), Akif Çovdarova məxsus, Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi 1-ci yaşayış massivi 463 ünvanda yerləşən 0,0996 ha torpaq sahəsi və onun üzərindəki 531,60 kvadrat metr fərdi yaşayış evinin (dəyəri 1.655.000 manat), Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi 1-ci yaşayış massivi 465 ünvanda yerləşən 0,07 ha torpaq sahəsi və onun üzərindəki 275,6 kvadrat metr fərdi yaşayış evinin (dəyəri 1.109.000 manat), Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi 1-ci yaşayış massivi 465a ünvanda yerləşən 0,0665 hektar torpaq sahəsi və 275,6 kvadrat metr fərdi yaşayış evinin (dəyəri 1.145.000 manat), Bakı şəhəri Nəsimi rayonu Bülbül prospekti ev 65, mənzil 38-in (dəyəri 483.000 manat), Abşeron rayonunun Novxanı kəndində yerləşən 0,1073 ha torpaq sahəsinin (dəyəri 86.000 manat), Abşeron rayonunun Novxanı kəndində yerləşən 0,0886 ha torpaq sahəsinin (dəyəri 71.000 manat), Abşeron rayonu Novxanı kəndi Novxanı bağlar massivində yerləşən 1276 a nömrəli bağ evindəki 0,18 ha torpaq sahəsi və 222,31 kvadrat metr fərdi yaşayış evinin (dəyəri 808.000 manat), Abşeron rayonu Novxanı kəndindəki 0,11 ha torpaq sahəsi və onun üzərindəki 241,9 kvadrat metr bağ evinin (dəyəri 700.000 manat), Abşeron rayonu Saray kəndində yerləşən 0,15 ha torpaq sahəsinin (dəyəri 60.000 manat), Abşeron rayonu Saray kəndində yerləşən 0,6754 ha torpaq sahəsinin (dəyəri 203.000 manat), Abşeron rayonu Saray kəndində yerləşən 0,17 ha torpaq sahəsinin (dəyəri 59.500 manat), Xızı rayonunun Qızılqazma kəndində yerləşən 2 hektar torpaq sahəsinin (dəyəri 400.000 manat), Qəbələ rayonu Nohurqışlaq kəndində yerləşən 2 ədəd 0,075 hektar torpaq sahələrinin (hər birinin dəyəri 15.000 manat), Şamaxı rayonunun Nağaraxana kəndində yerləşən 0,13739 hektar torpaq sahəsi və onun üzərində yerləşən 250,1 kv.m, 264,6 kv.m, 250,1 kv.m. sahələrində 3 ədəd əsas tikili, 69,4 kv.m, 117,3 kv.m. sahələrində 2 ədəd köməkçi tikilinin (dəyəri 750.000 manat), Abşeron rayonunun Masazır kəndində 2,675 ha, 3,0 ha, 0,0275 ha, 0,3238 ha, 0,0828 ha, 3,12 ha, 0,0821 ha torpaq sahələrinin üzərində yerləşən tikililərin (dəyəri 4.310.000 manat), həmin ünvanda 0,2 hektar torpaq sahəsinin üzərində olan tikilinin (dəyəri 2.470.000 manat), Kürdəmir rayonunun Yeni Şıxımlı kəndində yerləşən 2,5 hektar torpaq sahəsinin (dəyəri 1.800 manat), Kürdəmir rayonunun Qurdbayram kəndində yerləşən 100 hektar torpaq sahəsinin (dəyəri 60.000 manat), Kürdəmir rayonunun Mollakənd kəndində yerləşən 69 ha torpaq sahəsində olan göllər, 106 kv.m, 24,8 kv.m, 318,3 kv.m, 28,8 kv.m, 16,7 kv.m, 96 kv.m, 28,8 kv.m. ümumi sahədən ibarət tikililər, 40,5 kv.m. tikintialtı sahəli talvar və 218,6 kv.m. tikintialtı sahəli hovuzun (dəyəri 646.000 manat), Kürdəmir şəhəri lƏrşəli yeri» adlanan ərazidə yerləşən 100 hektar torpaq sahəsinin üzərində yerləşən 93,1 kv.metr tikili, 24 min nar kolunun (dəyəri 208.600 manat), Bakı şəhəri Nəsimi rayonu Seyidzadə 16 b küçəsi ilə Cavadxan küçəsinin kəsişməsində yerləşən 23 kvadrat metr, 24,6 kvadrat metr, 18,60 kvadrat metr, 13,8 kvadrat metr, 16,0 kvadrat metrdən ibarət qarajların (dəyəri 96.000 manat), Bakı şəhəri Binəqədi rayonu 7-ci mikrorayon, Xarici dairəvi küçəsi 10 saylı yaşayış binasının yanında yerləşən 4941 kvadrat metr sahəyə malik 6 mərtəbəli, zirzəmili və mansardlı binanın (dəyəri 3.178.000 manat), Bakı şəhəri Nəsimi rayonu Cavadxan küçəsi 62 nömrəli binanın yaxınlığında yerləşən zirzəmili, mansardlı 7 mərtəbəli qeyri-yaşayış binasının (dəyəri 4.500.000 manat), Bakı şəhəri Adil Məmmədov küçəsi 143, mənzil 142-nin (dəyəri 145.000 manat), Bakı şəhəri Mir Cəlal küçəsi 143, mənzil 145-in (dəyəri 115.000 manat) üzərinə həbslər qoyulub. 
A.Çovdarovun üzərinə həbs qoyulmuş əmlaklarının ümumi dəyəri 32 milyon 256 min 900 manatdır.


O, məhkəmədəki çıxışında qeyd olunan əmlaklardan yalnız ikisinin - bir evin və bir bağ evinin ona məxsus olduğunu deyib. Bildirib ki, qalan əmlakların 99 faizi ona məxsus deyil, qohumlarınındır.


Generalın bu ifadəsi iş üzrə zərərçəkənlərin ciddi narazılığı ilə qarşılanıb. Zərərçəkənlər təlaş içində onlara dəymiş ziyanın ödənməyəcəyini ehtimal edirlər.


Tanınmış vəkil Qurban Məmmədov deyir ki, zərərçəkənlərin narahatlığına əsas yoxdur:


"Bütün rüşvətxorlar, korrupsionerlər və haram yeməyə vərdiş edən adamlar öz adlarına əmlak saxlamırlar. Əmlakları sürücülərinin, qohumlarının, yaxın qonşularının adlarına rəsmiləşdirirlər. Buna malqaçırma deyirlər. Bunu ona görə edirlər ki, gələcəkdə həbs olunsalar oğurluqla, quldurluqla, haramçılıqla əldə etdikləri mal-mülk əllərindən çıxmasın. Amma belə halların qarşısını almaq üçün qanunlar var. Prokurorluq orqanları həmin mülklərlə bağlı mülki məhkəməyə müraciət etməlidir.


Qohumların, başqalarının adına olan bütün alqı-satqı müqavilələri Mülki Məcəllənin 340.2-ci maddəsinə əsasən etibarsız hesab olunması haqda qərar çıxarılmasına nail olunmalıdır. Yəni həmin əqdlər yalançı olduğuna görə məhkəmə qaydasında etibarsız sayılmalıdır. Həmin qərarın əsasında çıxarışlar (kupça) ləğv olunmalıdır. Bundan sonra həmin əmlaklar Daşınmaz Əmlakının Dövlət Reyestr Xidmətində Akif Çovdarovun adına rəsmiləşdirilməlidir. Sonradan isə həmin əmlaklar satışa çıxarılıb satılmalı və zərərçəkənlərə vurulan ziyan ödənməlidir. Bunu məhkəmədə sübut etmək çox asandır. Şəxsən mənə etibarnamə verilsə məhkəmədə həmin əmlakların əslində kimə məxsus olduğunu sübut edə bilərəm".


Q.Məmmədov deyir ki, Azərbaycanda korrupsioner və rüşvətxor məmurların 99.9 faizi sənəd üzərində kasıb, heç bir əmlaka sahib olmayan şəxslərdir. Faktiki isə korrupsioner və rüşvətxor məmurların böyük əksəriyyətinin bir neçə 10 milyonla ölçülən əmlakları var: "Akif Çovdarov onların arasında toya getməlidir. O, orta səviyyəli bir məmur olub. Əgər onun 32 milyon manatlı əmlakı müəyyən olunursa, görün ondan yuxarıda olanların nələri var. Üstəlik bu hələ onun Azərbaycanda tapılaraq siyahıya alınan əmlaklardır. Bunların orda-burda banklarda, xaricdəki hesablarda nələri olmasını təsəvvür edin. Bu gün millət əziyyət çəkir, bunlar isə ondan oğurlanan, uşağının boğazından, özünün sağlamlığından pul kəsib xaricə ötürülər. Sahibklarların talanması hesabına qazanılan pulları talançılardan alıb sahibkarlara qaytarmaq lazımdır. Hər bir korrupsioner tutulmalı, həbs edilməli, taladığı pullar əlindən alınıb sahibinə, dövlətə qaytaraılmalıdır”.


Q.Məmmədov deyir ki, korrupsionerlərlə mübarizənin effektivliyi üçün qərarlar işlək deyil: "Akif Çovdarov, ondan əvvəl Hacı Məmmədovla bağlı məhkəmələr qanunçuluğa zidd olaraq aparılıb. Bu dövlətçilik baxımından dəhşətli bir məsələdir. Qanun qarşısında hər kəs bərabər olmalıdır. Azərbaycanda isə belə deyil. Vətəndaş deyir ki, məni əmlaklarımı əlimdən almaq üçün həbs ediblər. Məhkəmələr isə həmin vətəndaşların qazandıqları pulların mənbəyini araşdırdır, təqsirləndirilənlərin uydurduqları ssenariləri həqiqət kimi sırımağa çalışırlar. Akif Çovdarovun 32 milyonluq əmlakını qeydə alıb üzərinə həbs qoyublar. Bu adam iş adamlarını qanunsuz həbs etməklə, döyüb işgəncə verməklə əmlaklarının əllərindən alınmasında təqsirləndirilir.

Döyülüb-söyülənlər özlərini zərərçəkən kimi tanıtmaq üçün müraciət edirlər, amma onları get-gələ salır, zərərçəkən kimi tanısalar belə haqlarını verməmək üçün min bir oyundan çıxırlar. Azərbaycanda 500 manatlıq dələduzluq edən 12 il iş alıb həbsə gedir. 1 milyon dələduzluq edən isə azadlıqda sərbəst gəzir. Belə hallar vətəndaşlarda dövlətə inamsızlıq, gələcəyə ümidsizlik yaradır. Cənab prezidentin son qərarlarından biri də budur ki, iqtisadi cinayətlərdə zərər ödənirsə, zərəri vuran - yəni təqsirləndirilən cəzadan azad olunur. ”MTN işi" ilə əlaqəli həbs olunan rabitə işçisi Beytulla Hüseynov və digərləri vurduğu zərəri ödədilər. Amma məhkəmə onların hər birinə cəza təyin etdi, 10-12 il həbsə məhkum olundular. Sabah onlar kimi zərərvuranlar tutulacaqları təqdirdə zərəri ödəyərlərmi? Əlbəttə ki, ödəməyəcəklər. Akif Çovdarov da görür ki, əmlaklarını versə, vurduğu ziyanı ödəsə belə azad olunmayacaq. Buna görə də deyir ki, əmlaklar mənim deyil".


Tanınmış vəkil deyir ki, iş üzrə zərərçəkənləri sona qədər mübarizə aparmağa səslədi: "Azərbaycan dövləti məhkəmə sisteminin özünü bazar adamı kimi aparmasına son qoymalıdır. Məhkəmələr bazar olmaqdan nəhayət ki, azad edilməlidirlər. Təsəvvür edin ki, hakim zərərçəkənə deyir ki, sən mənə haqq ver, ədalətini apar. Belə məhkəmə ola bilməz. Məhkəmələrdəki qanunsuzluqlara son qoyulmalır, rüşvət və korrupsiya aradan tamamilə qaldırılmaldır. Zərərçəkənlərə isə sözüm budur ki, heç kimə haqq vermədən haqlarını tələb etsinlər, ölkə daxilində hüquqlarının bərpa olunmayacağı təqdirdə Avropa Məhkəməsinə üz tutsunlar”.


E.HÜSEYNOV

Oxşar xəbərlər