Xəbər lenti
Bütün xəbərlər

Ramil Usubov Gürcüstana səfərə gedib

  • 03 avq 2017, 18:47

Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov Gürcüstanın daxili işlər naziri Giorgi Mqebrişvilinin dəvəti ilə avqustun 2-dən 4-dək bu ölkədə rəsmi səfərdədir.

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Daxili işlər nazirlərinin bu gün keçirilən görüşündə Azərbaycanla Gürcüstan arasında dostluq və qardaşlıq münasibətlərinin müəyyənləşdirilmiş strategiyaya uyğun uğurla inkişaf etdiyi, hər iki ölkə rəhbərliyinin qarşılıqlı əlaqələrin daha da dərinləşdirilməsinə xüsusi önəm verdiyi qeyd olunub.
Eyni zamanda, iki dövlətin müvafiq qurumları arasında əməkdaşlığın, ilk növbədə, beynəlxalq terrorçuluq, transmilli mütəşəkkil cinayətkarlıq, xüsusən narkotiklərin qanunsuz dövriyyəsi, insan alveri və qanunsuz miqrasiya ilə mübarizə sahəsində birgə işbirliyinin, təcrübə və informasiya mübadiləsinin, yaradılmış normativ-hüquqi bazanın yaxın dost və strateji tərəfdaş olan ölkələrimizin mənafeyinə, bölgədə təhlükəsizliyin təmini işinə xidmət etdiyi diqqətə çatdırılıb.
Görüşdə regional təhlükəsizlik sahəsində, o cümlədən sərhədyanı bölgələrdə əməkdaşlığın mövcud vəziyyəti və prioritet istiqamətləri barədə ümumi fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər də müzakirə olunub.

"Demokratik.Az"

Oxşar xəbərlər