Azərbaycanın dostu kimin qəzəbinə gəldi...

  • 01 avq 2017, 10:13

Navaz Şərifin 3-cü baş nazirliyi səlahiyyət müddətinin bitməsinə bir il qalmış ləğv edildi; Pakistanın ən varlı siyasətçisi ofşor hesablarına görə ittiham olunur

Xəbər verdiyimiz kimi, ötən həftə Pakistan Konstitusiya Məhkəməsi baş nazir Navaz Şarif və maliyyə naziri İshaq Darın vəzifədən çıxarılması ilə bağlı qərar verib. Qərarın səbəbi kimi baş nazirin parlament və məhkəməyə doğru məlumat verməməsi göstərilib. Eyni zamanda qərara əsasən Şərif ömrü boyu siyasətlə məşğul ola bilməz.

Qeyd edək ki, Şərifin baş nazir postunu itirməsinə səbəb olan hadisə 24 il əvvələ, 1993-cü ildə N.Şərifin birinci baş nazirliyi dönəminə təsadüf edir. Bir neçə il əvvəl üzə çıxan Panama sənədlərində göstərilir ki, 1993-cü ildə Britaniyanın Vircin adalarında Şərifin qızı Məryəm Safdarın adına iki şirkət "Nielsen Enterprises Limited” və "Nescoll Limited” şirkətləri qeydiyyatdan keçib. Şirkətlərin Britaniyanın paytaxtı Hayd Parka yaxın bölgədə əmlakları mövcuddur. Mülklərin sahibi kimi N.Şərif və ailəsinin adı keçir. Bu səbəbdən də ailə üzvləri mühakimə olunacaq. N.Şəriflə birlikdə övladları Məryəm, Həsən, Hüseyn Şəriflərə qarşı məhkəmə iddiası qaldırılacaq. Bundan başqa, əldə olunan sübutlar antikorrupsiya məhkəməsinə göndəriləcək.

Pakistan Müsəlmanlar Birliyi Partiyasının lideri və ölkənin ən nüfuzlu siyasətçilərindən olan N.Şərif 3 dəfə baş nazir postunu tutub. İlk dəfə 1990-93-cü illərdə baş nazir olan Şərif, ikinci dəfə 1997-99-cu illərdə bu kürsüdə oturub və 1999-cu ildə general Pərviz Müşərrəfin həyata keçirdiyi hərbi çevrilişdən sonra ölkəni tərk edib. O, 3-cü dəfə baş nazir postuna 2013-cü ildə əyləşib və səlahiyyət müddəti gələn il bitəcəkdi. Maraqlıdır ki, bu günə qədər Pakistanda səlahiyyət müddətini sona qədər postunda qalmış mülki baş nazir olmayıb.

Diqqətçəkən məqam odur ki, hakim Pakistan Müsəlmanlar Birliyi Partiyası N.Şərifin yerinə baş nazir postuna onun qardaşı, Pəncab əyalətinin qubernatoru Şahbaz Şərifin namizədliyini irəli sürməyə hazırlaşır.

N.Şərif və ailəsi Pakistanın ən varlı ailələrindən biri hesab olunur. 1949-cu il təvəllüdlü N.Şərif siyasətə daxil olmamışdan əvvəl böyük biznesə sahib olub, metallurgiya şirkətlərini idarə edib. Ancaq sabiq baş nazirin parlament və məhkəmə dinləmələrində saxta məlumat verməsi ona qarşı kəskin qərarın verilməsi ilə nəticələnib. Pakistan müsəlman dünyasında ciddi demokratik sistemə malik azsaylı ölkələrdən biridir. Ölkədə güclü parlament demokratiyası və siyasi hakimiyyətə qarşı hər zaman əyilməyən məhkəmə-hüquq sistemi var. Hətta general Pərviz Müşərrəfin hakimiyyəti illərində belə Pakistanın hərbi rəhbərliyi belə məhkəmə-hüquq sistemini ələ keçirə bilmədi.

Müşərrəfin indiki vaxtda vəzifəsini itirməsi ilə bağlı ciddi versiyalardan biri körfəz ərəb böhranıdır. Məsələ ondadır ki, Pakistan hər zaman Yaxın Şərq və müsəlman aləminin siyasi proseslərində aktiv oyunçulardan olub. İslam Koalisiyasında aktiv rol alıb, əksər hallarda müsəlman ölkələri arasında barışdırıcı rol oynamağa çalışıb.

N.Şərifin karyerasında maraqlı anlardan biri 1999-cu ildə general P.Müşərrəf hərbi çevriliş həyata keçirərək hakimiyyətə gəldikdən sonra Navaz Şərifin Səudiyyə Ərəbistanına sürgün olunmasıdır. N.Şərif 8 ilə yaxın rəsmi olaraq Səudiyyə Ərəbistanında sürgündə olub. Baxmayaraq ki, Britaniya və BƏƏ kimi ölkələrlə yaxın əlaqələri vardı və çox zaman o ölkələrdə olurdu. İndi isə bir sıra müşahidəçilər Şərifin devrilməsinin arxasında Səudiyyə-Qətər gərginliyinin olduğunu düşünür. Çünki Pakistan körfəzdə baş verən proseslərin aktiv iştirakçılarındandır. Son olaylarda isə Pakistan rəhbərliyi maksimum bitərəflik nümayiş etdirməyə çalışırdı. Baxmayaraq ki, Pakistan ordusu Yəmən əməliyyatında iştirak edir. Görünür, N.Şərifin bu bitərəfliyi onun xaricdəki rəqibləri ilə daxildəki düşmənlərini hərəkətə gətirib.

N.Şərif 18 il əvvəl də Müşərrəf çevriliş edərkən baş nazir postunu və siyasətlə məşğul olmaq hüququnu itirmişdi, bu haqqı 8 il sonra əldə etdi və Pakistanın yenidən baş naziri oldu. İndi də bu qadağanın nə qədər davam edəcəyini indidən demək mümkün deyil.

Kənan RÖVŞƏNOĞLU

Oxşar xəbərlər