"Rabitə işi" sona çatır: nələr açıqlandı?

  • 05 iyul 2017, 16:17

Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) 11 keçmiş əməkdaşının cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Musavat.com xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun yaxın qohumu, BTRİB-in sabiq rəisi Beytulla Hüsüymovun vəkili Cəlil Mirzəyev çıxış edib.

Vəkil ittiham aktının mötəbər olmayan sübutlara əsaslandığını deyib və bildirib ki, Beytulla Hüseynova verilən ittiham əsasızdır.

Vəkil qeyd edib ki, BTRİB-lə əməkdaşlıq edən MMC-lər tərəfindən 27 min manatlıq görülən işlər 17 manata hesablanıb.

"Burada qiymətlərin şişirdilməsindən söhbət gedə bilməz. Çünki işlər tam şəkildə həyata keçirilib. Buradan da görünür ki, Beytulla Hüseynova verilən ittihamlar sübuta yetirilmir"- deyən Cəlil Mirzəyev bildirib ki, Beytulla Hüseynov dövlətə vurduğu iddia olunan 10 milyon manatlıq ziyanı da tam şəkildə ödəyib.

Vəkil çıxışının sonunda Beytulla Hüseynovun barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Daha sonra təqsirləndirilən, "Aztelekom" MMC-nin sabiq baş mühasibi Oqtay Rüstəmovun vəkili çıxış edərək qeyd edib ki, müdafiə etdiyi şəxsin əməlində cinayət tərkibi yoxdur.

O, müdafiə etdiyi şəxsin barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Daha sonra təqsirləndirilən, BTRİB-in sabiq mühasibi Anar Mustafayevin vəkili Gülşən Salmanova çıxış edib.

Vəkil bildirib ki, Anar Mustafayevə verilən ittihamdakı məbləğlər şişirdilib.

Onun sözlərinə görə, ittihamlar məhkəmədə subuta yetirilməyib: "Dəymiş ziyanla bağlı ittihamı qəbul etməsə də, Anar Mustafayevin qohumları tərəfindən dəymiş ziyan tam ödənilib. Bu da cəza təyini zamanı nəzərə alınması vacibdir. Onun cəzasının ağırlaşdıran halın olmasını da nəzərə almağınızı xahiş edirəm".

Gülşən Salmanova müdafiə etdiyi şəxs barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edilməsini istəyib.

Digər təqsirləndirilən nazirliyin sabiq aparat rəhbəri Vidadi Zeynalovun vəkili Ceyhun Yusifov çıxəş edib.

Vəkil bildirib ki, müvəkkilinin ittiham üzrə heç bir təqsiri olmayıb.

C.Yusifov qeyd edib ki, Vidadi Zeynalov rəhbərliyin göstərişini yerinə yetirib.

"Ona siyahı verilib və verilən tapşırığı yerinə yetirib. Vidadi Zeynalov digər şəxslər kimi "paket" alıb. Həmin nazirlikdə Vidadi müəllimdən aşağı vəzifəli şəxslərdən daha az "paket" alıb"-deyən Ceyhun Yusifov qeyd edib ki, istintaq dövründə baş verən ciddi qanun pozuntuları məhkəmədə də davam edib.

Vəkil məhkəmə dövründə çoxsaylı vəasatətlərinin təmin olunmadığını deyib:

"Biz dəfələrlə vurulmuş ziyanla bağlı ekspertizaların keçirilməsini, həmçinin Maliyyə Nazirliyinin əməkdaşlarının dindirilməsini istədik. Amma məhkəmə əsassız olaraq bu vəsatərlərimizi də təmin etmədi".

Ceyhun Yusifov əlavə edib ki, Vidadi Zeynalova qarşı irəli sürülən ittihamları qəbul etmirlər.

"İstintaq orqanı Vidadi Zeynalovun bütün qohumlarının əmlaklarının üzərinə qanunsuz olaraq həbs qoyub. 

Bu əmlakların ittihama nə adiyyatı var? Vidadi Zeynalovun ata yurdunda olan evə də həbs qoyulub. Bu evdə Vidadi Zeynalov anadan olub. 2004-cü ildən dövlət tərəfindən verilən torpaq sahəsinin üzərinə də həbs qoyulub və bildirilib ki, bu torpaq sahəsi də cinayət yolu ilə əldə edilib. Amma nəzərə alınmayıb ki, həmin torpaq sahəsi dövlət tərəfindən verilib. Bu torpaq sahəsi necə cinayət yolu ilə əldə edilib? Vidadi Zeynalovun bələdiyyələrdən 20 illik icarəyə götürdüyü torpaq sahələrinin də üzərinə həbs qoyulub. Bu istintaqın gördüyü qeyri-peşəkat işdir".

Vəkil Ceyhun Yusifov çıxışının sonunda Vidadi Zeynalova azadlıqdan məhrum etməmə ilə bağlı cəzanın verilməsini xahiş edib.

Xatırladaq ki, dövlət ittihamçısı Vidadi Zeynalovun 14 il, Beytulla Hüseynovun 15 il, Anar Mustafayevin 8 il, Qəmbər Bəybalayevin 10 il, Emin Məmmədovla Namazalı Məmmədovun hər birinə 12 il müddətinə azadlıqdan məhrumetmə cəzası istəyib.

Digər təqsirləndirilən Məhəmməd Məmmədov, Cəfər Cəfərov, Səhrab Hümbətov, Bayram Vəliyev və Oqtay Rüstəmovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsini tətbiq olunmasını, onlara şərti cəza verilməsini tələb edib.

Qeyd edək ki, ittihama görə, Vidadi Zeynalov da daxil olmaqla, məhkəmə qarşısına çıxarılan 11 nəfər ümumilikdə 153 milyon 143 min manatlıq mənimsəmə və israf etmədə təqsirli bilinirlər. Cinayət işinin materiallarında yazılıb ki, nazirliyin tabeliyində olan strukturların təmir-tikintisinə, avadanlıqların alınmasına sərf olunmuş məbləğlər şişirdilib, tenderlər formal keçirilib, layihələrin icrası rəhbərliyə yaxın şirkətlərə həvalə olunub.

İlkin Muradov
Musavat.com

Oxşar xəbərlər