Elmar Vəliyev ADAU-nun kadr siyasətinə necə müdaxilə edib?!

  • 30 okt 2019, 22:31

İlyas Vəliyev necə prorektor olub, dostları isə "təsadüfən” qiyabi şöbənin dekanı və kafedra müdirləri seçilib? Bəs Məharət Mustafayevin qardaşı?


Azərbaycanda icra başçısı kürsüsündə təmsil olunan şəxslərin böyük əksəriyyətinin avtobioqrafik xüsusiyyətləri, idarəçilik metodları eyniyyət təşkil edir. Buna baxmayaraq, rəhbərlik etdikləri rayon və ya şəhərdə idarə və təşkilatların işlərinə birbaşa müdaxilələr etmək, səlahiyyət həddini aşaraq ən kiçik məsələlərdə belə öz maraqlarını müdirlərə, digər vəzifəli şəxslərə diqtə etmək "bacarığı” hamısına xas deyil. Daha dəqiqi, hər icra başçısı səlahiyyətlərini öz maraqlarına uyğunlaşdıracaq çərçivədə "cəsarətli” deyil. Amma, bəzən baş verən hadisələr onu deməyə əsas verir ki, bu mənfi hal əksər başçıların əməllərində müşahidə olunur.

"Demokratik.Az”-ın məlumatına görə, ölkədə yeganə aqrar təhsil ocağı olan Azərbaycan Dövlət Aqrar Universitetində baş verən bir sıra "kadr islahatı" buna kiçik misal ola bilər.

Ölkənin ən qalmaqallı icra başçısı imicinə sahib olan sabiq İHB başçısı Elmar Vəliyevin xüsusi tapşırığı ilə əmisi oğlunun - İlyas Vəliyevin ADAU-da təsərrüfat işləri üzrə prorektor yerləşdirilməsi və hələ də bu vəzifəni yürütməsinin üzərində dayanmaq olar. Bundan başqa, ADAU rektoruna Vəliyevin "əmri" ilə 2 il öncəsində Universitetin qiyabi şöbəsinin dekan postuna dosent Məmməd Hüseynovun təyin olunması və yarıtmaz fəaliyyəti nəticəsində sonradan başqası ilə əvəzlənməsi də sabiq başçısnın təsir gücündən xəbər verir.

Bundan başqa, hazırda Universitetin Təhlükəsizlik Məsələləri Üzrə mühəndisi kimi havayıca maaş alan İbrahim Mustafayev Elmar Vəliyevin "qara kassası" olmuş icra başçısı Məharət Mustafayevin doğmaca qardaşıdır. Texnologiya Universitetindən uzaqlaşdırıldıqdan sonra Elmar Vəliyevin dəstəyilə ADAU-da "Mühəndislik" fakultəsində "Texniki mexanika və qrafika kafedrası"nın birdən-birə kafedra müdirinə çevrilən Şahlar Babayev də Elmar Vəliyevin ADAU-ya kadr islahatlarının müdaxilə məhsulu sayıla bilər.

Universitet kollektivi arasında hələ də gedən müzakirələrə görə, ADAU-ya birbaşa nəzarət funksiyası həyata keçirən Təhsil və Kənd Təsərrüfatı Nazirlikləri də müəyyən məsələlərin həllində acizlik sərgiləməkdədirlər. Belə ki, son illərdə ölkə başçısının qayğısı sayəsində Qafqazın ən çağdaş və ən modern tədris binaları ilə, maddi-texniki baza ilə təmin edilən bir universitetinin hələ də lazımınca yüksək bacarıqlı aqrar mütəxəssislər yetişdirə bilməməsi ADAU-nun kadr potensialının axsaması ilə bağlıdır. Və bu axsama təkcə Elmar Vəliyevin və digər iri güclərin tapşırığı ilə "kadr islahatı" aparıb buyuruq qulu olmaqdan da keçmir. Rektorun özünün də qohumcanlılıq prinsipilə ADAU-nu ailə, dost-aşna namenklaturasına çevirməyə cəhdlərindən keçir.

"Demokratik.Az" hazırda təqdim olunan geniş siyahını araşdırır və yaxın günlərdə rektorun şəxsi iradəsilə ADAU-da maaş kartları və vəzifələr əldə etmiş şəxslərin adları açıqlanacaq...

"Demokratik.Az" 

Oxşar xəbərlər