"UKRAYNADA DİASPORA NAĞILI" - Məcid Nuxuyev danışır

  • 30 may 2017, 12:24

1-ci yazı

"VARLIĞIMIZLA XALQIMIZI YÜKSƏK SƏVİYYƏDƏ TƏMSİL ETMƏLİYİK"

Son dövrlər xaricdə fəaliyyət göstərən Azərbaycan diasporalarının işi barədə mətbuat səhifələrində gedən yazıların sayı fərqli dərəcədə artmaqdadır. Çox qəribədir ki, bu yazıların əksəriyyəti onların işinin müsbət tərəflərini deyil, əsasən mənfi cəhətlərini işıqlandırmağa həsr olunur. Belə bir mənzərə yaranır ki, xaricdə yaşayan həmvətənlərimiz öz vəzifə borcları ilə bağlı bütün işlərə sayqısızlıq göstərir, bu işlərə yalnız öz şəxsi maraqları prizmasından diqqət yetirirlər. Əslində bu belədirmi? Bir diaspora ətrafında birləşib güc və enerjisini tamam başqa səmtə və başqa işlərə yönəltməyi nə dərəcədə məntiqə uyğun saymaq olar? Doğrudanmı, vətənimizi xaricdə layiqincə təmsil etməli olan insanlar işlərini yalnız öz şəxsi maraqlarını güdməklə bitmiş hesab edirlər?.. Yoxsa bu, Azərbaycanı sevməyən bir qrup insanların azərbaycanlıları Vətənlə bağlayan telləri qırmaq, onları öz yolundan sapdırmaq üçün ortaya atdığı bir oyundur? Ümumiyyətlə, diaspora nədir və o əslində hansı işləri ilk növbədə önə çəkməlidir? Bizi qayğılandıran bu suallarla bağlı Ukrayna Respublikasının Lvov vilayətində fəaliyyət göstərən milli diasporanın rəhbəri Məcid Nuxuyevə müraciət etdik. Ürəklə söhbət etdi. Bizə lazım olan (əlbəttə ki, bildiyi və məlumatı olduğu bütün) məlumatları əsirgəmədi. Ancaq "mən reklam istəmirəm” dedi. Biz reklam idarəsinin işçiləri olmadığımızdan onun fikirlərini mətbuat səhifələrinə çıxarmamaq qərarına gəldik. Əvəzində, onu necə təsəvvür edirdiksə, elə də görməyə çalışdıq. Sözləri mətbuat dilinə çevirdik, bəzi fikirləri "malaladıq”, digər başqa sözlərlə əvəz etdik...

Bu yazı yaxşı insan, vətənpərvər, lakin diasporanın və ya diaspora sözünün nə demək olduğunu bilməyən və hətta başa düşməyən, xaricdə yaşayan həmvətənlərimizə həsr olunur.

R.Z.- Məcid müəllim diaspora nədir və bu təşkilatın xaricdə yaşayan azərbaycanlıların həyatında rolu nədən ibarətdir?

M.N.- Əlbəttə ki, vətəndən uzaqda yaşayan həmvətənlərimiz üçün diaspora həmvətənlərimizi bir yerə sıx toplayan, onların maraqları uğrunda əlindən gələni edən bir təşkilatdır. Biz Ukrayna vətəndaşları olsaq da tarixi vətənimiz Azərbaycandır. Harada yaşamağımızdan asılı olmayaaraq vətənimizə bağlıyıq, onun bir parçasıyıq, onunla nəfəs alırıq, doğma Azərbaycanı təmsil edirik. Digər azərbaycanlılar kimi öz vətənimiz, torpağımız və dövlətimizlə fəxr edirik, ona layiq olmağı can atır, çalışırıq. Bu səbəblərdən həmvətənlərimizlə bağlı bütün işlərdə qabaqda olmağa çalışırıq, bütün məsələlərdə onların yanındayıq. Bu gün Lvovda 1000-dən artıq azərbaycanlı yaşayır.Əslində miqrantları də nəzərə alsaq onların sayı daha çoxdur. Lakin onların hamısı həmvətənlərimiz olduğu üçün onların müraciətlərinə eyni səviyyədə münasibət bəsləyirik. Müraciətlərin məzmunu müxtəlif olsa da, onların böyük hissəsi öz müsbət həllini həmişə tapır.

R.Z.- Ümumiyyətlə Lvovda diaspora nə vaxt və hansı tarixi zəmində yaranıb?

M.N.- Lvov yarandığı dövrdən bir çox millətlərin nümayəndələri üçün daimi yaşayış məskəni olub. Onların arasında türk xalqlarının, eləcə də Azərbaycan xalqının nümayəndələri də olmuşdur. Lakin bu şəhərdə onların sayı Sovetlər dönəmində özünü daha qabarıq şəkildə büruzə verib. 1970-ci illərdən üzü bəıri Lvovun ali təhsil ocaqlarında minlərlə azərbaycanlı gənc təhsil alıb. Onların bir hissəsi təhsillərini başa vurduqdan sonra həyatlarını bir dəfəlik bu diyarla bağlayıb. Burada ailə qurub məskunlaşıblar. Digər hissəsi 1990-cı illərin əvvəlində, Sovetlər Birliyi dağılandan sonra gəlmiş, bu şəhəri özlərinə ikinci vətən seçmişlər.Hal-hazırda onların çoxu diasporamızın fəal üzvləridirlər və bütün işlərdə azərbaycanlıların yanındadırlar.

R.Z.- Bu gün Lvov diasporasının siyasi-mədəni mənzərəsi necə görsənir, Diaspora üzvləri üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələ bilirlərmi?

M.N.- Yuxarıda qeyd etdiyim kimi onlar öz tarixi vətənimizi layiqincə təmsil edirlər. Lvov diasporası Ukraynanın digər regionlarında fəaliyyət göstərən diasporalara nisbətdə çoxşaxəli olmasa da yekdilliyi , həmrəyliyi ilə seçilən diasporalardandır və deyərdim ki, bütün sahələrdə işini uğurla quran milli icmalardan sayılır. Lvov Ukraynanın qərbə açılan qapılarından biridir. Burada qərbə yaxınlıq və inteqrasiya digər regionlara nisbətən daha sürətlə inkişaf etməkdədir. Bu proseslər nisbətində orada yaşayan milli azlıqlar Ukraynanın bir parçası olmaqla bu proseslərdən yan keçə bilmir və bunların tərkib hissəsi olmaqda qalmaqdadırlar. Bu səbədən digər xalqların nümayəndələri kimi bizlər də ictimai-siyasi proseslərdən yan ötmürük, hətta deyərdim ki, bu işlərdə fəallığımızı həmişə büruzə veririk.Bununla belə biz azərbaycanlıyıq və öz varlığımızı qoruyub saxlamalıyıq. Üstəlik, varlığımızla yerli sakinlər arasında xalqımızı yüksək səviyyədə təmsil etməliyik, əməllərimizlə yaxşı mənada yaddaşlarda qalmalıyıq. Biz necəyiksə, xalqımız haqqında təsəvvürlər də eləcə olacaqdır.Bu əlbəttə ki, böyük məsuliyyətdir və allaha şükür ki, bu məsuliyyətli vəzifələrin öhdəsindən gəlməyi bacarmışıq.

R.Z.- Lvovda azərbaycanlılar şəhərin ictimai-mədəni həyatında iştirak edirlərmi? Sizlərdən yerli idarəetmədə təmsil olunanlar varmı?

M.N.- Bizim respublikada olduğu kimi Ukraynada da ictimai-siyasi fəaliyyətə böyük önəm verilir. Bu respublikanın özünəməxsus qayğıları və problemləri vardır, ölkənin müəyyən bir hissəsi işğal olunub, nəhəng ərazilərdə müharibə hələ də alovlanmaqdadır.Bütün bunlar ölkə ictimaiyyətini çox qayğılandırır və hələ də ölkənin həyatına çoxlu sayda problemlər gətirməkdədir.Eyni zamanda əhalinin yaşayış səviyyəsinə də təsir edir. Lvov ölkənin ucqar regionudur. Bir milyondan artıq əhalisi var. Digər regionlar kimi bu vilayət də özünəməxsus ictimai-siyasi həyata malikdir. Lvov sakinləri ölkədə baş verən, onların həyatında əks olunan işlərdə fəallıq nümayiş etdirirlər. Burada həyat daim öz axarındadır. Sevinirik ki, bizlər də vilayətdə gedən inkişaf dolu bu proseslərdə yaxından iştirak edirik, onlara dəstək oluruq, xeyriyyəçilik missiyalarını həyata keçiririk. İctimai-siyasi həyatda, rəsmi bayramlarda, tədbirlərdə biz də iştirak edirik, onlara dəstək oluruq, onların sevincinə də dərdinə də şərik oluruq.Bu da yerli əhali tərəfindən rəğbətlə qarşılanır. Azərbaycanlılardan vilayətin müxtəlif dövlət qurumlarında çalışan nümayəndələr çoxdur. Onların arasında təhsil, səhiyyə, hüquq-mühafizə orqanlarında və s. çalışanlar çoxluq təşkil edir və deyərdim ki , uğurları və nailiyyətləri də çoxdur. Bu da bizi sevindirir.Onların bir çoxu Lvovda tanınmış insanlardır

və yerli əhali arasında sevilirlər. Bizim diaspora onlar ilə sıx əlaqələrə malikdir, bütün işlərdə də bir-birimizə dəstəyimizi əsirgəmirik.Ümumiyyətlə, azərbaycanlılar Lvov əhalisi arasında xüsusi hörmətə malikdirlər. Bu yaxınlarda Lvov diasporasının səyi və əməyi nəticəsində məşhur bir azərbaycanlı general- Sadıq bəy Ağazadənin adı Lvov küçələrinin birinə verilərək əbədiləşdirildi.

R.Z.- Lvov diasporası Ukraynada xalqımızın qədim və zəngin mədəniyyətinin layiqincə təbliğ olunması, Azərbaycan həqiqətlərinin , xüsusən də ermənilərin son 2 əsrdə xalqımıza və dövlətimizə qarşı həyata keçirdikləri işğalçılıq və soyqırım siyasətinin Ukrayna ictimaiyyətinə çatdırılması istiqamətində hansı tədbirləri həyata keçiriir?

M.N.- Bizim diasporanın fəaliyyətində həmvətənlərimiz arasında milli-mənəvi birliyin əldə edilməsi, diaspora üzvlərinin birliyinin təmin olunması, milli adət-ənənələrin həmvətənlərimizlə birgə keçirilməsi və gənc nəsil arasında təbliği, dilimizin qorunub saxlanılması və inkişaf etdirilməsi məsələləri həmişə bizi qayğılandırıb. Müxtəlif məsələlər üzrə diaspora rəhbərliyinə müraciətlər olduqda da biz onlara məsləhətlərimizi, yardım və köməyimizi əsirgəmirik və əsirgəməyəcəyik də. Adət-ənənələrimizlə bağlı bütün tədbirlərə yerli insanları dəvət edirik. Onlar belə tədbirlərdə böyük məmnuniyyətlə iştirak edirlər. Milli bayramlarımız adətən böyük şövqlə təşkil olunur. Biz uzaq ellərdə yaşasaq da öz bayramlarımızı, adət-ənənələrimizi unutmuruq, bunları böyüyən gənc nəslə də sevdiririk. Çalışırıq ki, onlar öz soy-kökünü tanıyaraq böyüsünlər, dilimizi unutmasınlar. Biz harada yaşasaq da azərbaycanlı olduğumuzu unutmuruq, tarixi vətənimizə olan məhəbbətimizi bizdən sonra gələn gənc nəsilə də ötürürük.

Milli bayramlarda başqa millətlərin nümayəndələri arasından da dəvət olunanlar olur. Çalışırıq ki, bu tədbirlərdə onlar qədim milli adət-ənənələrimizlə, milli rəqslərimizlə, adətlərimizlə yaxından tanış olsunlar, milli musiqimizi dinləsinlər. Bu onların çox xoşuna gəlir. Dəvətimizi də məmnuniyyətlə qəbul edirlər.

R.Z. - Diaspora rəhbərliyi vətəndən uzaqda yaşayan həmvətənlərimizin qayğı və problemləri ilə bağlı müraciətlərinə hansı dərəcədə kömək etmək imkanına malikdirlər?

M.N.- Azərbaycanlı miqrantlar arasında öz problemləri ilə bağlı bizə müraciət edənlər olur. Çalışırıq ki, onlara bacardığımız qədər köməkliklər göstərək. Lakin vəziyyətdən sui-istifadə edən, lüzumsuz, əsassız, gülünc bəhanələrlə bizə yaxınlaşanlar da olur...Hər halda yerlilərimiz olduğunu nəzərə alaraq, onlara hansısa köməklikləri göstərməyi özümüzə borc bilirik.

R.Z.- Ukrayna vətəndaşlığı olan azərbaycanlıların diasporanın işinə cəlb olunması necə həyata keçirilir? Gənclərlə iş hansı səviyyədə təşkil olunub?

M.N.- Xaricdə yaşamasına baxmayaraq, ürəyi vətənimizlə döyüyən insanlar çoxdur. Onların böyük hissəsi öz vətənindən ehtiyac üzündən çıxıb getmiş insanlardır.Bəziləri tam laqeyddir, bəziləri isə diaspora ilə sıx əlaqə saxlayır, diasporanın işinə dəstək olmağa can atır.Biz onları ətrafımızda sıx birləşdirməyə çalışırıq, daha da həvəsləndiririk, istəyirik ki,onlar arasında əlaqələr daimi olsun, bir çoxlarına yol göstəririk, hətta yenidən həyata qaytarırıq... Biz dövlətimizə,torpağımıza sıx bağlı insanlarıq, dövlətçiliyimizə sadiqik. Özümüzü dövlətimizin, xalqımızın bir hissəsi kimi hiss edirik və diaspora üzvlərinə də bu hissləri aşılamağa çalışırıq.

Aparılan işlər, edilən söhbətlər gənclərimiz arasında ruh yüksəkliyi yaradır. Gənclərimizin böyük hissəsi bu işlərdə maraqlıdırlar, sadəcə onlarla işi düzgün qurmaq, onları həvəsləndirmək, onlara dəstək olmaq lazımdır. Hal-hazırda Ukraynanın 19 vilayətində Ukrayna-Azərbaycan Gənclər Birliyinin regional təşkilatları fəaliyyət göstərir. Lvovda yaşayan azərbaycanlı gənclər də bu proseslərdə fəal iştirak edirlər.

R.Z.- İstənilən diaspora milli özünüdərk və milli mədəniyyətin, dilimizin qorunub saxlanılmasında böyük rol onaya bilər. Lvovda Azərbaycan məktəbləri fəaliyyət göstərirmi?

M.N.- Lvov milyon nəfər əhalisi olan bir şəhərdir. Bizə hələ ki, Azərbaycan məktəbləri yaratmaq qismət olmayıb. Amma nəzərimizdədir. Bu günə kimi bu iş yalnız azərbaycanlıların bir-birindən uzaq məsafədə yaşaması olub. Bundan sonra belə bir məktəbi yaratmaq üçün addımlar atacağıq.

R.Z.- Bir neçə ay bundan öncə Milli Məclisin deputatı Astan Şahverdiyev Azərbaycandan kənarda yaşayan həmvətənlərimizi "cəmiyyətin tör-töküntüsü” adlandırmışdı. Bu fikir azərbaycanlılar arasında böyük narazılıqlar yaratmışdı. Xaricdə yaşayan həmvətənlərimiz bu haqda mətbuat səhifələrində çıxışlar edirdilər. Onların arasında siz də vardınız...

M.N.- O yəqin ki həqiqi "tör-töküntülər”i nəzərdə tutmuşdu. Lakin bunu öz millətinə şamil etmək elə öz millətini təhqir etmək deməkdir. Birincisi, xaricdə yaşayan azərbaycanlıların müəyyən hissəsi iş adamları, ziyalılardır. Belə bir fikiri millət vəkilinin ağzından eşitmək çox ağırdır, ürək ağrıdır və layiqli olaraq da onun cavabını vermişlər. Mən də öz fikirlərimi söyləmişəm və haqlı olduğumu düşünürəm.Öz vətənini, insanları sevməli, onlara qayğı ilə yanaşmalı olan, öz seçicilərinin hüquqlarını qorumalı olan millət vəkilinin həmvətənləri üçün bu qədər iş görmüş insanları "cəmiyyətin otxodu” adlandırması millət vəkili üçün nə qədər düzgün işdir?.. Biz siyasət adamı və siyasətçilər deyilik. Lakin vətənimizlə bağlı bütün işlərdə onunla bir yerdəyik. Astan Şahverdiyev yaxşı olardı ki, xaricdən, eləcə də Lvovdan gələn iş adamlarının başına gətirilən faciələrlə bağlı onlara edilən təzyiqlərə son qoyulmasına can atsın. Siz yəqin ki, mətbuatı dərindən izləyirsiniz. Elə bu yaxınlarda Lvov şəhərindən olan iş adamı Nazim Qəzənfərovun Azərbaycanda başına gətirilən oyunlar barədə yazılar dərc olunmuşdu. O, təzyiq və təhdidə məruz qalıb, özünə və ailə üzvlərinin həyatına təhlükə yaradan hərəkətlər baş verib. Vətənində qanunsuzluqlarla qarşılaşıb xaricdə özünə iş və həyatını quran insanlar çoxdur. Onları "otxod” adlandırmaq yalnız dövlətimizin yürütdüyü xəttə xəyanətdir.

R.Z.- Son günlər Azərbaycan mətbuatında Birləşmiş Ukrayna Azərbaycan Konqresinin sədri, azərbaycanlı iş adamı Rövşən Tağıyev barəsində kompromat dolu məlumatlar verilməkdədir.Onun fəaliyyəti barədə müxtəlif şaiyələr gəzməkdədir. Hətta AZTV-nin Ukrayna üzrə müxbiri Mövsüm Aslanovun hərəkətlərindən guya ki, şikayət dolu müraciət imzalanmışdır.Sonradan bu müraciətdə adı çəkilən insanların bu işdən xəbəri olmadığı aydınlaşdı. Həmin müraciətdə sizin də adınız hallanırmı? Ümumiyyətlə belə hadisələr Ukraynadakı azərbaycanlıların həyatına hansı dərəcədə təsir edir və bu hansı mənfi hallara yol açır?

M.N.- Eşitmişəm. Bu siyahıda mənim də adım hallanır.Amma digərləri kimi mənim də bu işdən xəbərim yoxdur və bu iş azərbaycanlılar arasında birliyi pozmağa çalışan insanların əməlləridir... (Ardı var).

 

Ruhulla Zahidov, yazıçı-jurnalist.

 

"Demokratik.Az"

Oxşar xəbərlər