Fətullayevin müxbiri erməni xalqından üzr istədi

  • 29 may 2017, 10:21

2015-ci ildə ailəsi ilə birlikdə Ermənistandan qaçaraq Azərbaycana sığınan və bir müddət sonra Eynulla Fətullayevin Haqqin.az saytında xüsusi müxbir kimi işə başlayan Vahan Martirosyanın erməni xalqından üzr istəməsinə "Virtualaz.org” (E.Fətullayevin digər saytı) reaksiya verib.

Axar.az xəbər verir ki, sayt Ermənistanda təqib olunduğu üçün təxminən iki il əvvəl Azərbaycana sığınan və Haqqin.az saytı üzərindən Serj Sərkisyanın cinayətkar rejimini ifşa edən, Bakıda Xocalı abidəsi qarşısında baş əyib bu insanlıq cinayətinə görə ermənilər adından üzr istəyən Vahan Martirosyanın dünən "peşmançılıq bəyanatı” yaymasını "erməni olduğunu” dərk etməsi, "əsl erməni kimi hərəkət etməsi" olaraq vurğulayıb.

Sayt bildirib ki, Vahan Martirosyanın bu hərəkəti gözlənilməz deyildi. Buna baxmayaraq, sayt Martirosyanın əsl erməni sifətinin nə zamansa üzə çıxacağını bildiyi halda Azərbaycanın ona niyə sığınacaq verməsinə diqqət çəkib.

"Haqqin.az saytı bu erməni ilə niyə əməkdaşlıq edirdi və ona Ermənistan rejimini ifşa etmək üçün məmuniyyətlə tribuna verirdi? Martirosyanın "Sülh platforması” adlı vətəndaş cəmiyyəti təşəbbüsünə cəlb edilməsi yanlış idimi?” – deyə sayt özünə sual verib.

Öz-özünə verilən suala Martirosyanın kimliyini xatırlatmaqla cavab axtaran sayt onun Ermənistan hakimiyyətinin amansız təqiblərindən şikayətləndiyini bildirib və bunun inandırıcı olduğunu yazıb.

"Lakin Ermənistan mənbələrində o da göstərilirdi ki, Vahan Martirosyan Sərkisyanın rejiminə qarşı çıxsa da, özü də mənəviyyatca kifayət qədər alçağın biridir. Onunla qohumları arasında münaqişə, düşmənçilik var və əslində Martirosyan ailəsi daxilində baş verənləri uğurla siyasiləşdirərək hakimiyyətin təqibləri ilə üzləşdiyi barədə rəy formalaşdırmağa çalışıb. Erməni mənbələrində onu da göstərirdilər ki, Martirosyan hətta öz oğlunu zorlamaq cəhdinə əl atacaq qədər alçağın biridir”, - yazan sayt heyrətamiz dərəcədə bu faktı xatırladıb və erməni mediasının Martirosyanın Azərbaycana sığındığı zaman yazdıqlarını "dəlil kimi" indi göstərib.

Azərbaycanın bu şəxsə siyasi sığınacaq verməsi və daha sonra onu üçüncü ölkəyə - Ukraynaya göndərməsini məntiqlə izah edən sayt Martirosyanın öz ölkəsi haqda real faktları çatdırdığını qeyd edib.

"Nəticədə onun fəaliyyəti Ermənistanda ciddi narahatlıq və qıcıq yaradırdı. Şübhəsiz ki, həm haqqin.az və virtualaz.org saytlarının redaksiyasında, həm Martirosyanla işləyən digər instansiyalarda onun erməni olduğunu heç kim yaddan çıxarmamışdı. Axı o hansı ermənidir ki, xislətində xəyanət, məkr olmasın və çörəyini yediyi ölkəyə, xalqa əlinə düşən ilk fürsətdə düşmən kəsilməsin, onun torpağına göz dikməsin? Belə erməni yəqin ki, yoxdur və olmayacaq!” – sayt vurğulayıb.

Qeyd edək ki, hazırda da haqqin.az saytında erməni mənşəli yazarlar var və buna etiraz edən Qarabağ Azadlıq Hərəkatının sədri Akif Nağını Eynulla Fətullayev ən ağır sözlərlə təhqir etmişdi.

Görəsən, sayt hazırkı əməkdaşlarının içində də "erməni olduğunu” unutmayıb ki?

Xatırladaq ki, Eynulla Fətullayevin haqqin.az saytında xüsusi müxbir işləyən Vahan Martirosyan dünən bir video paylaşaraq, bütün erməni xalqından üzr istəyib və Azərbaycan haqqında ağır ittihamlar irəli sürüb.

 

Oxşar xəbərlər