Şahbaz ad gününü Şuşada qeyd edib
- 11 may 2017, 21:08
Kəlbəcər girovu Şahbaz Quliyev ailəsinə məktub göndərib. Bu barədə AzVision.az-a girovun qardaşı İlham Quliyev məlumat verib. O, qeyd edib ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) vasitəçiliyi ilə göndərilən məktub artıq onlara çatdırılıb.
"Məktubda Şahbaz hər kəsə salam göndərib. Məktub çox
qısadır. Səhhətinin normal olduğunu qeyd edib. Səhhətində problem olsa da, məktuba
yaza bilmir. Çünki məktubda elə fikirləri silirlər. Biz ona məktub yazanda
yalnız "salam” və "sağ ol” yaza bilirik. Bəlkə də onun vəziyyəti heç də yaxşı
deyil. Qardaşıma görə çox narahatıq. Anamız hələ də Şahbazın erməni
girovluğunda olduğunu bilmir. Biz ona bu barədə məlumat vermirik. Çünki yaşlı
qadındır, səhhətində problemləri var. O, oğlunun girovluqda olması xəbərinə dözə
bilməz. İnanırıq ki, qardaşım tez bir zamanda azadlığa qovuşacaq”- İ.Quliyev
deyib.
Onun sözlərinə görə, mayın 9-da 49 yaşı tamam olan Ş.Quliyev ad gününü Şuşa həbsxanasında
qeyd edib.
Xatırladaq ki, Kəlbəcərdə Ermənistan əsgərləri tərəfindən girov götürülmüş azərbaycanlılar
Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində qurulmuş "məhkəmə” prosesi
yekunlaşıb. D. Əsgərova ömürlük həbs cəzası, Ş. Quliyev isə 22 il müddətinə
azadlıqdan məhrum edilib.
Ötən ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı
Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan
əsgərləri tərəfindən girov götürülüblər. Digər Azərbaycan vətəndaşı Həsən Həsənov
isə güllələnərək öldürülüb.
Hafiz Əhmədov