Prosineçki: “O klubda işləmək çətindi”

  • 11 may 2017, 13:17
"Srvena Zvezda” böyük klubdu. İndiki məqamda orada nələrin baş verdiyini bilmirəm. Amma klubun böyük ambisiyaları var”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki deyib.

Xorvatiya mətbuatına açıqlama verən Prosineçki vaxtilə çalışdırdığı "Srvena Zvezda” klubu haqda danışıb.

48 yaşlı mütəxəssis hazırda baş məşqçi axtarışında olan Serbiya klubunda işləməyin çətinliklərindən bəhs edib: "Təbii ki, "Srvena Zvezda”nın baş məşqçisi olmaq çox çətindi. Mən bu komandanı çalışdırmışam, "Srvena Zvezda”da işləməyin nə demək olduğunu yaxşı bilirəm. Düzdü, hər yerdə belədi. Amma digər yerlərlə müqayisədə "Srvena Zvezda”nın baş məşqçisi olmaq daha çətindi. Çünki gözləntilər böyükdü”.

Prosineçki hazırda Xorvatiyanın "Riyeka” klubunu çalışdıran Matyaj Kekin "Srvena Zvezda”nın baş məşqçisi postuna keçmək ehtimalını dəyərləndirib. O, sloveniyalı mütəxəssisin Xorvatiyada yaxşı işlər gördüyünü vurğulayıb: "Kekin Xorvatiyada əla komandası var. "Riyeka” yaxşı klubdu. Sizə bir söz deyim. Kek "Riyeka”nın "sükanı arxası”na keçəndə doğru seçim etmişdi. Düzdü, o, bu kluba qədər də özünü tanıtdırmışdı. Lakin etiraf etmək lazımdı ki, "Riyeka”da yaxşı iş görüb. Amma "Srvena Zvezda”ya getsə, "Riyeka” ilə müqayisədə uğur qazanması daha çətin olacaq. Mətbuatdan oxuyuram və bildiyim qədərilə "Srvena Zvezda” hazırda panikadadı, baş məşqçisi istefa verib. Bu klubda işləmək, həqiqətən, çətindi”.

Qeyd edək ki, Robert Prosineçki 2010-2012-ci illərdə "Srvena Zvezda”nın baş məşqçisi olub.

 

Demokratik.Az

Oxşar xəbərlər