İnsan niyə xəyanət edir – ekspertlərdən maraqlı izah

  • 10 may 2017, 20:34

Əhməd Qəşəmoğlu: "Mənəviyyatı olan adam satqınlığı özünə rəva bilməz”

Azad İsazadə: "Ümumiyyətlə, satqınlıq, xəyanət psixologiyası çox mürəkkəbdir”

Vətənə xəyanət dünyada ən böyük günahlardan biridir. Bu, insanın doğulub boya-başa çatdığı və vətən adlandırdığı ölkəsini düşmən ölkəyə alçaltması, rəzil etməsi deməkdir. Tarix boyu öz vətəninə, ölkəsinə, xalqına, bununla da öz ailəsinə, əzizlərinə, öz soy-kökünə xəyanət etmiş şəxslər həmişə ən ağır cəzaya, edama, güllələnməyə layiq görülüblər. Ya da bir ömür üzərlərində el qınağı, ictimai lənət damğası olur. 

Bəs insan niyə öz ölkəsinə, vətəninə xəyanət edir?

Sosioloq Əhməd Qəşəmoğlu məsələyə bu cür mövqe bildirdi: "Bu cür insanların mükəmməl şəxsiyyət olması sual altındadır. Öz mənəviyyatı olan adam nəinki ölkəsinə, heç tanıdığı adama da satqınlıq etməyi özünə rəva bilməz. Digər tərəfdən də ola bilsin ki, nə vaxtsa hansısa bir xidmət, şəbəkə ilə bağlılığı olsun və onları məcbur edə bilərlər. Hökm deyil ki, birbaşa onlara pul verilsin. Yəni, burda sadəcə pul faktorunu nəzərə almayaq. Həm də eyni zamanda həmin adamların ömrü boyu fəaliyyətlərinin də nəticəsi ola bilər. Məlum məsələdir ki, kimsə asan yolla gəlib pul verə bilməz ki, gəl bizimlə işlə”.
Sosioloq insanın davranışlarına təsir edən əsas faktorlardan da söz açdı:

"Belə işlərdə insanın davranışlarında həmişə 3 faktor çox güclü rol oynayır. Onun da birincisi mühitdir. Gərək mühit elə olsun ki, orda vətənpərvərlik hissi həmişə yüksək olsun. Ona görə də çalışmalıyıq ki, ölkəmizdə həmişə insanlar arasında vətənpərvərlik hissləri yüksək olsun. Vətənə qarşı hər hansı bir hərəkət güclü ictimai qınağa səbəb olsun. Bu mühitlə bağlı məsələdir və biz buna diqqət etməliyik. Nəzər yetirməliyik ki, görək bizim mühitdə qeyd etdiklərimiz hansı səviyyədədir.

İkinci, insanın aldığı informasiyalardır. Diqqət olunmalıdır ki, bu insanlar hansı informasiyaları alır, hansı təsir altındadır, bunlara da aid etmək olar onların aldığı təhsil, oxuduğu bədii əsərlər, daha çox diqqət verdiyi televiziya verilişləri, olduğu sosial şəbəkələr. Yəni bilmək lazımdır ki, insan hansı informasiyaları alır. Üçüncü isə insanın üstünlük verdiyi dəyərlərə diqqət etmək lazımdır”.

Sosioloq bu məsələdə öz tövsiyəsini də bildirdi:

"Yaxşı olar ki, orta məktəblərdə ara-sıra sosioloji sorğular aparılsın. Gənclərimizin dəyərlərində dəyişikliklərin baş verib-verməməsini, dəyişirsə, hansı istiqamətə yön aldığını aydınlaşdırmalıyıq. Bunların yekunu olaraq ortaya davranış çıxır. Ona görə də əslinə baxanda bu məsələlərin arxasında ciddi elmi mexanizmlər var və bunları qurmaq, istifadə etmək olar. Təəssüf ki, bu istiqamətdə ciddi sistemlilik aparmırıq. Digər tərəfdən də biz bunu etməyəndə qarşı tərəf apara bilir. Buna görə də bu məsələlərə ciddi yanaşmalıyıq”.

Похожее изображение

Psixoloq Azad İsazadə də qeyd etdi ki, insanın öz millətinə, xalqına xəyanət etməsinin bir çox amilləri ola bilir: "Aydındır ki, insanın bu işə vadar edilməsi üçün hansısa səbəblər olmalıdır. Burda maliyyə məsələsi və yaxud həmin şəxslərin hansısa cinayət əməlləri ola bilər, hansı ki, onların gizlədilməsi və yaxud şəxsi sirlərin gizlədilməsi üçün bu yola əl atsınlar və sairə.

Ümumiyyətlə, satqınlıq, xəyanət psixologiyası çox mürəkkəbdir. Adətən adi, normal insan üçün bu qeyr-adi bir şeydir. Amma biz başa düşməliyik ki, satqınlıq həmişə olub, düşmən tərəfindən həmişə casuslar axtarılıb, onları ələ almağa cəhd göstəriblər. Hansı formada? Bu ya puldur, ya da hansısa intim sirlərdir, ya da insanlar nədənsə narazıdır. Onun bu cür zəifliyindən istifadə edib satqınlığa təhrif edirlər. Yəni, bunun da öz metodları var, hansı ki, bütün kəşfiyyatlar bundan istifadə edir”.

Demokratik.Az

Oxşar xəbərlər