Maşını ilə gənc qadını öldürən Fərəcovla bağlı açıqlama
Ölümlə nəticələnən avtomobil qəzasını törətmiş Ağaəli Fərəcov barədə Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun birgə məlumat yayıb.
Musavat.com həmin
məlumatı dərc edir. Lakin bir xüsusi qeydi etməliyik: məlumatda qəze törədən
yeniyetmənin və onun atasının adları şərti verilib.
****
" 3 may 2017-ci il tarixdə naməlum avtomobilin sürücüsü Sabunçu rayonu ərazisində hərəkətdə olarkən piyada Məmmədova Xəyalə Ənvər qızını vuraraq hadisə yerindən qaçıb.
X.Məmmədova aldığı bədən xəsarətlərindən 3 saylı şəhər kliniki xəstəxanasında vəfat edib.
Fakta görə Sabunçu
rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2 və 264-cü
maddələri ilə cinayət işi başlanmışdır.
Həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri
nəticəsində yol-nəqliyyat hadisəsinin "Porsche” markalı 99-BS-999 dövlət nömrə
nişanlı avtomobili idarə edən azyaşlı Adil Məmmədov (ad və soyad şərtidir)
tərəfindən törədilməsi müəyyən edilmişdir.
Cinayət işi həmin Məcəllənin 263-1.3 (Yol hərəkəti və ya nəqliyyat
vasitələrinin istismarı qaydalarını nəqliyyat vasitələrini idarə etmək hüququ
olmayan şəxs tərəfindən pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb
olduqda) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələrinə tövsif
edilib.
Cinayət
məsuliyyətinə cəlb olunması üçün Azərbaycan Respublikasının cinayət
qanunvericiliyində nəzərdə tutulmuş yaş həddinə çatmamış A.Məmmədovun qapalı
tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilməsi barədə müvafiq tədbirlərin
görülməsi təmin ediləcəkdir.
Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs - Nadir Məmmədov (ad və soyad
şərtidir) tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarə etmə hüququ
olmayan şəxsə - azyaşlı oğlu A.Məmmədova verdiyinə görə barəsində İnzibati
Xətalar Məcəlləsinin 335.3-cü maddəsində nəzərdə tutulan inzibati tənbeh tətbiq
edilib.
Demokratik.Az
