Xəbər lenti
Bütün xəbərlər

"Porno videolarla qadınları şantaj etməsi..." - general qəzəbləndi

  • 04 may 2017, 18:21

Həbsdə olan general növbəti dəfə hakim qarşısına çıxarılıb. MTN generalı barəsində mətbuatda yazılanlardan gileylənib. General həmçinin ondan zərərçəkmiş şəxslərin tələb etdiyi məbləğin çoxluğundan da şikayət edib.

Musavat.com xəbər verir ki, Bakı Hərbi Məhkəməsində MTN-in Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və müavini polkovnik Azər Mehdiyev və digərlərinin məhkəmə prosesi davam edib.

Hakim Elbəyi Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş tərəflər vəsatətlərlə çıxış ediblər. Zərərçəkmiş şəxslərdən Taleh Sadıqov generala qarşı 500 min manatlıq mülki iddia qaldırıb. Digər zərərçəkmiş Aydın Cəfərov 50 min manat maddi, 40 min manat isə mənəvi zərərlə bağlı mülki iddia irəli sürüb.

A.Cəfərov digər MTN zabitləri - nazirliyin Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Əməliyyat-texniki idarəsinin rəisi, general-mayor Natavan Mürvətova və nazirliyin başqa bir əməkdaşı Elşad Əzizovun da mülki cavabdeh qismində tanınmasını istəyib və onlardan da şikayətçi olduğunu qeyd edib.

Zərərçəkmişlər Ələsgər Əliyev 74 min, Maqsud Mahmudov isə 1 milyon 400 min manatlı mülki iddia qaldırıb. Bu iddia general və vəkilləri tərəfindən etirazla qarşılanıb.

Elçin Quliyevin vəkili bildirib ki, ittihamda Maqsud Mahmudova dəymiş ziyan 120 min manatdır. Zərərçəkmiş Maqsud Mahmudov isə həmin ərəfədə əmlakının bir günün içində 120 min manata satıldığını deyib.

Hakim bu məsələyə məhkəmənin yekununda qiymət veriləcəyini bildirib. Zərərçəkmişlərdən Heydər Ələkbərov 300 min maddi, 500 min isə mənəvi zərərin ödənilməsini istəyir.

Daha sonra zərərçəkmiş Mətləb Mustafayev (intihar edən MTN zabiti Malik Mustafayevin qardaşıdır) vəsatətində barəsində əvvəllər başlanmış cinayət işi ilə bağlı daxil olan məlumatların, Elçin Quliyevin məhkəmə qərarı olmadan axtarış aparması barədə sənədlərin Dövlət Təhlükəsizlik Xidmətindən tələb edilməsini, 22 nəfər şəxsin isə əlavə şahid qismində məhkəmədə dindirilməsini istəyib. O, bildirilib ki, həmin şahidlər arasında sabiq nazir Eldar Mahmudov, Səbail və Nəsimi rayon Məhkəmələrinin hakimləri də var.

Bildirək ki, Malik Mustafayev sabiq məmurdur və ondan MTN-də vəzifəli şəxslərə qarşı ifadə vermək tələb edilib. Onun MTN polkovniki olan qardaşı da təzyiqlərə məruz qalıb və 2014-cü ildə intihar edib. Prokuror vəsatətə münasibət bildirən zaman deyib ki, zərərçəkmişin hazırkı mərhələdə təqdim etdiyi vəsatət baxılmamış saxlanılmalıdır.

Mətləb Mustafayev çıxışında bildirib ki, Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz silah saxlama) maddəsi ilə həbs edilib və məhkumluq həyatı yaşayıb. Onun sözlərinə görə, Ali Məhkəmə həmin hökmü ləğv edib və işin yenidən apellyasiya instansiyasında araşdırılması barədə qərar qəbul edib: "Hazırda işimə Bakı Apellyasiya Məhkəməsində hakim Rizvan Səfərovun sədrlik etdiyi kollegiyada baxılır. Hakim kollegiyası işin araşdırılmasını dayandırıb və bu məhkəmənin çıxaracağı hökmün nəticəsini gözləyir. İstintaq dövründə də vəsatətim də adını çəkdiyim şəxslərin dindirilməsini istəmişəm. Amma onlar dindirilməyiblər”.

Mətləb Mustafayev qeyd edib ki, ona və qardaşına qarşı əməliyyatın qurulması üçün əmri Eldar Mahmudov verib. Mustafayev bu işdə hazırda sərbəst olan MTN-nin İstintaq Baş İdarəsinin rəisi Mövlan Şıxəliyev, onun müavini Təhsin Ağayev və digər əməkdaşlar da iştirak etdiyini söyləyib və onların qardaşının intiharı ilə bağlı məlumatlı olduqlarını qeyd edib. Bu vəsatət hazırkı mərhələdə baxılmamış saxlanılıb.

Məhkəmədə təqsirləndirilən polkovnik Azər Mehdiyevin vəkili Qubad Salayev vəsatətlə çıxış edərək müdafiə etdiyi şəxsin əvvəllər məhkum olunmadığını, 2012-c ildə prezidentin igidliyə görə medalı ilə təltif edildiyini deyərək barəsində olan həbs-qətimkan tədbirinin həbslə əlaqədar olmayan qətimkan tədbiri ilə əvəz edilməsini istəyib.

Prokuror isə vəsatətin təmin edilməməsini istəyib. Məhkəmə vəsatəti təmin etməyib.

Polkovnik Azər Mehdiyevin vəkili 1 milyon 400 min iddia irəli sürən zərərçəkmiş Maqsud Mahmudov barəsində məhkəmə tibbi ekspertizasının keçirilməsi barədə vəsatət verib.

O, bildirib ki, Maqsud Mahmudov 1993-94-cü illərdə və 1998-ci ildə 1 saylı Əsəb Dispanserində müalicə alıb: "Maqdus Mahmudovun ərizəsi və ifadəsi əsasında Azər Mehdiyev həbs edilib. Biz bu şəxsin izahat və ifadələrinin obyektivliyinə şübhə ilə yanaşırıq. Onun 1 saylı Ruhi Əsəb Dispanserində müalicə alması ilə bağlı rəsmi sənəd almışıq. Buna görə də onun anlaqlı olub-olması ilə bağlı ekspertiza təyin edilməsini xahiş edirik”.

Maqsud Mahmudov isə bildirib ki, Qarabağ döyüşlərində iştirak edib və bu səbəbdən 1994-cü ildə müalicə alıb. O, ikinci dəfə müalicə almasına belə münasibət bildirib: "7 gün orada müalicə almışam. Bunu da birdəfəlik pensiya almaqla bağlı etmişəm”.

Dövlət ittihamçısı vəsatətin təmin edilməməsini istəyib. General Elçin Quliyev isə bildirib ki, zərərçəkmiş kimi tanınan Maqsud Mahmudov əvvəllər dələduzluq ittihamı ilə məhkum olunub: "Ona qarşı pornoqrafik videolarla qadınları şantaj etməsi ilə bağlı cinayət işi də olub. Bu şəxs peşəkar şantajçıdır. Onun barəsində ekspertizanın keçirilməsinin tərəfdarıyam”.

Hakimlər bu vəsatəti də təmin etməyib. Daha sonra Elçin Quliyevin vəkili məhkəmə istintaqının video çəkilişlə aparılmasını istəyib. O, bildirib ki, sonuncu məhkəmə iclasından sonra mətbuatda xoşagəlməz məlumatlar yer alır. Vəkil əlavə edib ki, Elçin Quliyevin istintaqa ifadələrində elə məlumatlar var ki, onların açıqlanması qanunla qadağandır. Elçin Quliyev isə belə vəziyyətdə ifadə verə bilməyəcəyini, prosesin qapalı keçirilməsini istəyib.

Prokuror isə mətbuatda yazılanlar haqda generalın vəkilinin etirazına belə cavab verib: "Ölkəmizdə azad mətbuat var. Mətbuatda yazılanların işə adiyyatı yoxdur. Video çəkilişlə bağlı hissədə vəsatət təmin edilməsin. Prosesin qismən qapalı aparılması barədə bizim tərəfimizdən də vəsatət var. Həmin vəsatətə əsasən dövlət sirrinin və şəxsi ailə sirrinin yayılmaması üçün prosesin qismən qapalı keçirilməsini istəyirik”.

Məhkəmə prosesin video çəkilişlə aparılması barədə vəsatəti təmin etməyiblər. Amma prosesin qismən qapalı keçirilməsi barədə qərar qəbul edilib. Daha sonra məhkəmə istintaqı başlanılıb və dövlət ittihamçısı ittiham aktını elan edib. İttihama münaasibət bildirən təqsirləndirilən şəxslər özlərini təqsirli bilməyiblər.

İlk olaraq Elçin Quliyevə ifadə vermək təklif edilsə də, o hazırkı mərhələdə ifadə vermək istəmədiyini deyib: "Mənim hər sözüm dövlət sirrini təşkil edir. Bizim əməkdalarımızın adını açıqlayırlar. Onlar terror şəbəkələrinin hədəfində ola bilərlər. Meşə qardaşları, Kamran Əsədovun dəsətəsi, İŞİD, Əl-qaidə digər terror şəbəkələri əlaqələri olan şəxsləri ifşa etmişik. Mən özümü kənara qoyuram. Daha mənim adımı açıqlayıblar. Bu əməkdaşlarızın adını açıqlamaq düzgün deyil. Onların ailəsinə bir şey olsa, kim məsuliyyəti üzərinə götürəcək”.

Növbəti məhkəmə prosesi mayın 8-nə təyin edilib. (Y.M)

Oxşar xəbərlər