Həbs edilən azərbaycanlı nazirə vəzifə verildi

  • 18 apr 2017, 07:53

Vəzifəsindən kənarlaşdırılan Ukrayna Dövlət Fiskal Xidmətinin rəhbəri Roman Nəsirov Ukrayna Cüdo Federasiyasının prezidenti seçilib.

APA-nın verdiyi xəbərə görə, onun namizədliyini 22 konfrans nümayəndəsi dəstəkləyib.

Ukrayna Cüdo Federasiyasının hesabat-seçki konfransı aprelin 17-də Kiyevdə baş tutub.

Ukrayna Dövlət Fiskal Xidmətinin (DFX) sabiq azərbaycanlı rəhbəri Roman Nəsirov 73 milyon dollar məbləğində dövlət vəsaitlərini mənimsəməkdə şübhəli bilinir.

O, ölkədən qaçmış Ali Radanın deputatı Aleksandr Onişenkonun cinayət işi üzrə saxlanılıb. Bir müddət əvvəl A. Onişenko barəsində "Külli miqdarda dövlət əmlakının talanması” maddəsi üzrə cinayət işi başlanılıb. İstintaqın materiallarına əsasən, 2013-cü ilin yanvarından 2016-cı ilin yanvarınadək "Ukrqazdobıça” şirkəti də daxil olmaqla, bir neçə müəssisənin rəsmiləri Onişenkonun köməyi ilə ölkə daxilində hasil olunan qazı aşağı qiymətlə satmaq yolu ilə dövlət vəsaitlərini mənimsəyiblər. Nəticədə dövlətə 120,5 mln. dollar ziyan dəyib.

Qeyd edək ki, martın 17-də Roman Nəsirov korrupsiya işi üzrə təhqiqat müddətində 100 milyon qriven (təxminən 3,7 milyon dollar) girov müqabilində həbsdən azad edilib.

 

Demokratik.Az

Oxşar xəbərlər