“Qarabağ” Azərbaycan çempionu oldu - VİDEO

  • 17 apr 2017, 08:24
"Qarabağ” Azərbaycan futbolu tarixinə düşüb. Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi ardıcıl 4 dəfə ölkə çempionu olan ilk komanda adını qazanıb.
 
2013/14, 2014/15 və 2015/16 mövsümlərində də qızıl medallara yiyələnən Qurban Qurbanovun yetirmələri bu dəfə sona 2 tur qalmış rəqibləri üçün əlçatmaz olub. "Qəbələ”nin Gəncədə "Kəpəz”ə 0:2 hesabı ilə uduzmasından sonra səfərdə "İnter”i 3:0 hesabı ilə məğlub edən "Qarabağ” xal hesabını 56-ya çatdırıb. 49 xala malik "Qəbələ” çempiondan 7 xal geri qalıb.
 
Bunadək ardıcıl çempionluq sayında rekordun şəriki olan ağdamlılara qədər "Neftçi” 3 dəfə qızıl medalı sıralamışdı. Bakılıların 2010/11, 2011/12 və 2012/13 mövsümlərindən sonra rəsmiləşən "het-trik”ini ötən il təkrarlayan "Qarabağ” daha uzağa gedə bilib.
 
Bu mövsüm qazanılan uğur klub tarixində 5-ci olub. İlk çempionluğunu 1993-cü ildə bayram edən əyalət təmsilçisi artıq 5 qat ölkə çempionudur.
 
Bu isə rəmzi olaraq ulduz daşımaq hüququ verir. Belə ki, əksər yarışlarda 5 dəfə qalib gələn komanda loqosu və formasında ulduz nişanı əks etdirmək haqqı qazanır. Azərbaycan çempionatlarında indiyədək yalnız "Neftçi” bunu bacarmışdısa, "Qarabağ” ulduzuna qovuşan 2-ci komanda olub.
 
Ümumiyyətlə isə "Neftçi” hamıdan çox – 8, "Qarabağ” 5 dəfə çempion tituluna yiyələnib. "Kəpəz”in 3, "İnter”, "Bakı”, "Şəmkir”in hərəyə 2, "Turan”la "Xəzər Lənkəran”ın 1 qızıl medalı var.

Oxşar xəbərlər