DİM imtahan keçirir

  • 09 apr 2017, 15:12
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün ali təhsil müəssisələri və AMEA-nın magistraturalarına, rezidenturaya qəbul imtahanının I mərhələsini və Azərbaycan dili (ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlər üçün) imtahanları keçirir.
DİM-dən verilən məlumata görə, namizədlər imtahana gələrkən şəxsiyyəti təsdiq edən sənədin əslini, "İmtahana buraxılış vərəqəsi”ni mütləq özləri ilə gətirməlidirlər. Göstərilən sənədləri arasında uyğunsuzluq olan, yaxud həmin sənədlərdən biri olmayan şəxslər imtahana buraxılmayacaq.
 
Magistratura səviyyəsinə qəbul imtahanı Bakı, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəran şəhərlərində, ümumilikdə 39 imtahan mərkəzində aparılacaq. İmtahan bütün binalarda eyni vaxtda - saat 13:00-da başlanır. 
 
Ərizələrin qəbulu internet vasitəsilə martın 10-dan 28-dək aparılıb. İmtahanda iştirak etmək üçün 13081 bakalavr ərizə təqdim edib. Onlardan 11817 nəfəri Azərbaycan bölməsi, 1264 nəfəri rus bölməsi üzrə imtahan verəcək. Ərizə verənlərin 5640 nəfəri oğlan, 7431 nəfəri isə qızlardır. Bakalavrlardan 7281 nəfəri cari ilin, 5800 nəfəri isə əvvəlki illərin məzunlarıdır. 25 nəfər xarici ölkə vətəndaşıdır.
 
Qəbul imtahanı Bakı şəhərində 32, Gəncə şəhərində 4, Naxçıvan, Mingəçevir və Lənkəran şəhərlərinin hər birində 1 binada təşkil olunacaq. Bakıda 11116, Naxçıvanda 346, Gəncədə 1074, Mingəçevirdə 345, Lənkəranda 200 bakalavrın imtahan verəcəyi gözlənilir. İmtahanın idarə olunmasına 126 imtahan rəhbəri, 1208 nəzarətçi-müəllim cəlb olunacaq. 
 
Rezidenturaya qəbul imtahanı Bakı şəhərində Azərbaycan Tibb Universitetinin I və V tədris binaları, Naxçıvan şəhərində 14 nömrəli tam orta məktəbdə keçirilir və imtahan bütün binalarda eyni vaxtda – saat 13:00-da başlanır. İmtahanda iştirak etmək üçün ərizə qəbulu internet vasitəsilə martın 10-dan 28-dək aparılıb. 1077 namizəd elektron ərizə doldurub və təsdiq edib. Onlardan 694 nəfəri qız, 383 nəfəri isə oğlanlardır. 925 namizəd Azərbaycan bölməsinin, 152 namizəd rus bölməsinin, 471 namizəd cari ilin, 606 namizəd isə əvvəlki illərin məzunudur.
 
Bakı şəhərində 1027, Naxçıvan şəhərində isə 50 namizədin imtahan verməsi nəzərdə tutulur. İmtahanların idarə olunması üçün 14 imtahan rəhbəri, 129 zal nəzarətçisi ayrılıb.
 
Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlər üçün Azərbaycan dili imtahanı Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Şəki, Bərdə, Göyçay, Lənkəran, Şirvan və Xaçmaz şəhərlərində ümumilikdə 17 imtahan mərkəzində aparılacaq. İmtahan bütün binalarda eyni vaxtda - saat 13:00-da başlanır. 
 
Bu imtahanda "Abituriyentin elektron ərizəsi” formasını 31 mart 23:59-dək təsdiqləmiş abituriyentlər iştirak edəcəklər. Aprelin 1-dən 10-dək elektron ərizəsini təsdiq edən, aprelin 9-da keçirilən imtahanda "qeyri-məqbul” qiyməti alan və ya müxtəlif səbəblər üzündən imtahanda iştirak etməyən abituriyentlər iyunun 11-də keçiriləcək növbəti "Azərbaycan dili” imtahanında iştirak edə bilərlər.
 
İmtahanda iştirakı nəzərdə tutulan 6151 abituriyentdən 2991 nəfəri oğlan, 3160 nəfəri qızdır. 5814 abituriyent orta ümumtəhsil müəssisələrinin bu ilki məzunu, 337 nəfər isə əvvəlki illərin məzunlarıdır. Bakı şəhərində 4088 , Naxçıvanda 24 , Gəncədə 578, Sumqayıtda 363, Şəkidə 278, Bərdədə 135, Göyçayda 131, Şirvanda 92, Lənkəranda 117, Xaçmazda isə 345 abituriyentin imtahan verməsi nəzərdə tutulub. İmtahanın idarə olunması üçün 41 imtahan rəhbəri, 457 nəzarətçi-müəllim ayrılıb.
Oxşar xəbərlər