Gəncənin Nizami polisində dəhşətli hadisə – FOTO VƏ VİDEO

  • 06 apr 2017, 13:08

Nizami RPİ-nin rəisi Ədalət Sadıqov: «Rzayev Ceyhun Akif oğlu axtarışda idi…»

Akif Rzayev: «Prokuror oğlumu və müstəntiqi danışdırdıqdan sonra Ceyhun Rzayevin dərhal sərbəst buraxılmasına qərar verdi və…»

Gəncə şəhər sakini, tanınmış fermer Akif Nağı oğlu Rzayev oğlunun və gəlininin Gəncə şəhəri Nizami rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalmasına görə Prezident İlham Əliyevə, Azərbaycanın 1-ci vitse-prezidenti Mehriban Əliyevaya, daxili işlər naziri Ramil Usubova və Baş Prokuror Zakir Qaralova şikayət edib.

A.Rzayevin «Təzadlar» qəzetinə ünvanladığı şikayət ərizəsində dəhşətli hadisə təsvir olunur. Ərizəyə əlavə olunmuş maddi sübut və C.Rzayevin təqsirsiz olmasını sübutlayan rəsmi sənədlər hər şeyi deyirdi… Şikayətçinin söylədiklərinin və göndərdiyi sənədlərin nə dərəcədə dürüst olduğunu aydınlaşdırmaq və ittiham olunan tərəfin nə dərəcədə günahlı olmasını bilmək, mövqeyini öyrənmək üçün dünən Gəncə şəhərinə ezam olunduq…

Polis vətəndaşı niyə bu günə salmalı idi ki?!

Gəncədə olarkən şikayətçi Akif Rzayevlə görüşdük… O, bizə təqdim olunan ərizəsində də Gəncə şəhərinin Məhsəti qəsəbəsindəki 12-ci küçədə kirayədə yaşayan oğlu Rzayev Ceyhunun və gəlini Rzayeva Ruhiyyənin 10-15 polis əməkdaşı tərəfindən fiziki zorakılığa məruz qalaraq Gəncə şəhəri Nizami rayon Polis Şöbəsinə aparıldığını bildirirdi. Bunları video-kameramıza da söylədi: «26 mart 2017-ci il tarixində, saat 14:00 radələrində həyətin dəmir darvazası şiddətlə döyülür, sonra da qışqırıq səsləri gəlir ki, tez olun qapını açın. Darvazanı açan gəlinim Rzayeva Ruhiyyəni nalayiq söyüşlərlə təhqir edən 4-5 nəfər mülki geyimli şəxs həyətə daxil olurlar. Onlar gəlinimin üstünə qışqıraraq qatı cinayətkarı harada gizlətdiyini soruşublar. Bu zaman 5-6 mülki geyimli şəxs də həyətə hasarın üstündən daxil olub. Sonra da silahlarını çıxararaq gəlinimə atəş açacaqları ilə hədələyiblər. Gəlinim ağlaya-ağlaya soruşub ki, axı siz kimsiniz, məndən nə istəyirsiniz? Bu vaxt həmin adamlar evin çardağında su çənini təmir edən oğlum Rzayev Ceyhunu görürlər. Həmin adamlardan bir neçəsi evin cardağına qalxaraq oğlumla əlbəyaxa olublar. Sonra oğlumu evin çardağından aşağı endirib qolunu qandallayaraq, yenidən onu həyat yoldaşının və qonşuların gözü qarşısında döyməyə başlayıblar. Səs-küyə toplaşan qonşuları həyətdən uzaqlaşdıran həmin adamlar oğlumu bir maşina, gəlinimi isə digər bir maşına mindirərək aparıblar. Və hələ də nə bir həbs orderi, nə bir sənəd təqdim etməyərək bu əməli ediblər… Oğlumla gəlinim Gəncə şəhər Nizami rayon Polis Şöbəsinə gətirildikdən sonra həyətə basqın edən mülki geyimli şəxslərin polis olduğu məlum olub».
Polisin Rzayev Ceyhunun saxlanmasının səbəbi kimi oğlunun barəsində AR CM-in 178.1-ci maddəsi ilə (dələduzluq) cinayət işi açılması və bununla bağlı onun barəsində axtarış verilməsi göstərilib. Eyni zamanda, A.Razayev şikayət ərizəsində də qeyd edirdi və bizə də canlı söylədi ki, Nizami rayon Polis Şöbəsində ona oğlunun polisə tabe olmadığı üçün döyüldüyünü də bildiriblər: «Hadisədən xəbər tutandan sonra Nizami rayon Polis İdarəsinə getdim. Orada oğlumu görəndə onun üzündən, gözündən, qulağından qan axırdı. Oğlumdan soruşdum ki, onu bu hala kim salıb? Dedi ki, polislər. Oğlumu döyən rəisin müavini, polis əməkdaşı Samir Ağakişiyev, digərləri isə əməliyyatçılar olub. Mən idarənin rəisi Ədalət Sadıqovun qəbulunda oldum. Ondan oğlumun niyə bu vəziyyətə salındığının səbəbini soruşdum. Dedi ki, oğlun dələduzdur, üstəlik də polisə müqavimət göstərib və beş nəfəri döyüb, onların da vəziyyəti ağırdır. Mən də soruşdum ki, gəlin əvvəlcə onun dələduz olmasından danışaq, görək kimə qarşı edilib? Hanı şikayətçi, zərərçəkən? İkincisi, məgər dələduzluq edəni bu kökə salırlar? Cənab nazirimiz Ramil Usubov polisə vətəndaşla belə rəftar edilməyə göstəriş verib? Üçüncüsü, onun tutulması, polisə gəlməsi üçün çağırış vərəqi göndərilibmi, sahə müvəkkili ona bu barədə deyibmi? Dördüncüsü, oğlum qəhrəmandır ki, bu qədər polisi döyə bilsin? Mən rəisdən oğlum barəsində nə vaxt cinayət işinin açıldığını və kimə pul borcu olduğunu soruşduqda, dedilər ki, narahat olmayın, oğlunuzun kimə borcu var, həmin adam gəlib onun üzünə duranda biləcəksiniz. Həmin adamı polis əməkdaşları Nizami RPİ-yə gətiriblər və o, Ceyhunu görəndən sonra oğlumun ona borclu olan adam olmadığını bildirib… Təsəvvür edirsinizmi?».

"Niyə tutub döymürsünüz, döyüb tutursunuz və sonra da…”

A.Rzayev dedi ki, oğlu iki gün Nizami RPİ-də saxlanıldıqdan sonra Gəncə şəhər Prokurorluğuna apırılıb: «Mən oğlum və polis əməkdaşları ilə birlikdə Gəncə şəhər prokuroru Fazil Həsənəliyevin yanına getdik. Prokuror oğlumu və müstəntiqi danışdırdıqdan sonra Ceyhunun dərhal sərbəst buraxılmasını tələb etdi. Buna baxmayaraq, həmin gecə də oğlum polis idarəsinin müvəqqəti saxlama kamerasında saxlanıldı ki, onun üzündə və bədəninin müxtəlif yerlərində olan yaralar və göyərtilər çəkilsin. Mən rəisə də demişdim ki, Allahdan qorxmursunuz, heç olmasa nazir Ramil Usubovdan qorxun… Niyə cinayətkar hesab etdiyiniz adamı tutub döymürsünüz, döyüb tutursunuz və sonra da sizə bəlli olur ki, tutduğunuz və bu kökə saldığınız adam o deyilmiş… Oğlum azadlığa buraxıldıqdan sonra polis idarəsinə gedib onu əsassız olaraq döyən polislərin ortalığa çıxmasını və onların barəsində şikayət edəcəyimi bildirdim. Və mən oğlumu əsassız olaraq vəhşicəsinə döyən polis əməkdaşlarından şikayətçiyəm. Ölkə başçısından və aidiyyəti qurum rəhbərlərindən, cənab nazir Ramil Usubovdan xahişim odur ki, oğlumu vəhşicəsinə döyən polis əməkdaşları barəsində müvafiq tədbirlər görülsün, onlar məsuliyyətə cəlb edilsinlər».

Rəis niyə danışmadı?

Qeyd etdiyimiz kimi, döyülən və xəsarət alan Rzayev Ceyhun Akif oğlunun xahişi ilə şikayət ərizəsində toxunulan faktları yerində araşdırmaq üçün Gəncə şəhərində olduq. Əvvəlcə şikayət ərizəsində zərərçəkmiş kimi qeyd olunan Gəncə şəhərinin Məhsəti qəsəbəsindəki 12-ci küçədə kirayədə yaşayan Rzayev Ceyhunla, eləcə də sözügedən hadisənin şahidləri ilə görüşüb fikirlərini öyrəndik. Şahidlər video-müsahibələrində sözügedən hadisənin şahidi olduqlarını dedilər və oxşar fikirlərini ifadə etdilər.
Sonra sahə müvəkkili ilə telefon əlaqəsi saxladıq. Diqqət edin: o isə ərazisində baş verən bu hadisədən xəbərsiz olduğunu və Rzayev Ceyhunu tanımadığını bildirdi.
Daha sonra Nizami rayon Polis İdarəsində olduq. Məsələ ilə bağlı Nizami rayon Polis İdarəsinin rəisi Ədalət Sadıqovla görüşdük. Ə.Sadıqov isə heç nə deyə bilməyəcəyini söylədi, bircə onu əlavə etdi ki, Rzayev Ceyhun saxlanılan zaman polisə müqavimət göstərib və ona görə də Gəncə şəhər Prokurorluğunda barəsində cinayət işi açılıb.
Gəncə şəhər Prokurorluğundan isə yalnız onu öyrənə bildik ki, Rzayev Ceyhun müayinədən keçmək üçün məhkəmə-tibbi ekspertizaya göndərilib. Lakin məhkəmə-tibbi ekspertizasının rəyi hələlik hazır deyil…

«Təzadlar»ın Araşdırma Qrupu

Oxşar xəbərlər