Ölüm hökmünün bərpası yenidən gündəmə gəldi...

  • 01 apr 2017, 10:06

Tahir Kərimli: "O qədər çirkin cinayətlər törədənlər var ki, həmin əməlləri törədənlərin yaşamaları ikrah doğurur”; Əsabəli Mustafayev: "Ölüm hökmü  belə qətllərin qarşısını alan amil deyil”

19 il öncə Azərbaycanda ləğv edilən ölüm hökmünün bərpası zaman-zaman gündəmə gətirilir. Xüsusilə ölkədə qəddar, dəhşətli hadisələr baş verəndə bu tələblər səslənir, ölüm hökmünün bərpasını vacib sayanların sayı artır.

Son olaraq Sabirabadda 7 yaşlı oğlunu 6 çəkic zərbəsi ilə öldürən qatillə bağlı bu məsələ gündəmə gətirilib. Çoxları hesab edir ki, bu tipli qatillər yaşamağı haqq etmirlər, onlara ömürlük və ya başqa cəzaların verilməsi doğru deyil. Belə qatillərin yalnız ölüm hökmü ilə cəzalandırılmalarını vacib sayanların sayı kifayət qədər yüksəkdir. Hətta bu şəxslərin ömürlük məhbuslar üçün nəzərdə tutulan Qobustan həbsxanasında başqa cəzalara görə saxlanılan məhkumlarla birlikdə eyni yerdə cəza çəkmələrini qınayanlar da az deyil. Onlar üçün xüsusi cəza növünün tətbiqindən söz açanlar da var. Bununla yanaşı, ölüm hökmünün bərpasını tələb edənlərlə bərabər bunu mümkünsüz sayanlar da var. Onların arqumentləri əsasən Azərbaycanın Avropa Şurasına üzv qəbul edilərkən götürdüyü öhdəliklərlə bağlıdır.


Ali Məhkəmənin keçmiş sədri, Vəhdət Partiyasının rəhbəri, deputat Tahir Kərimli vaxtilə ölüm hökmünün ləğvinin əleyhinə çıxdığını bildirdi: "Uşağa doğulanda ad qoymaq daha asandır, nəinki sonradan onu dəyişmək. Ölüm hökmü də buna bənzəyir. Bu hökm qadağan olunan zaman şəxsən yazılı şəkildə rəy verdim ki, bu düzgün deyil. Amma qərar qəbul edildi. İndi isə bu hökmü bərpa etmək olduqca çətindir. Necə ki, Türkiyədə bunun şahidi olduq. Qardaş ölkədə ötən il bu məsələ qaldırılan kimi ciddi şəkildə beynəlxalq təpkilər gəldi. Bizdə də bu, eyni şəkildə olacaq. Bu, Azərbaycanın Avropa Şurasının qarşısında götürdüyü öhdəliklərə də ziddir. İstənilən halda ölüm hökmünün aradan qaldırılması düzgün deyildi. Öncəliklə bir müsəlman xalqıyıq, şəriətdə ölüm haqdır. Digər tərəfdən, cəmiyyətdə olan şərtlər ölüm hökmünün aradan qaldırılmasını o zaman istisna edirdi. Məsələn, azyaşlının başına min cür oyun açıb onu öldürən insana hansı cəza düşür? O qədər çirkin cinayətlər törədənlər var ki, həmin əməlləri törədənlərin yaşamaları ikrah doğurur. Onların varlığı xalq, dövlət üçün böyük ləkədir. Məhz bu amillərə görə vaxtilə ölüm hökmünün ləğvinin əleyhinə çıxdım. Bu gün hər birimiz üçün bu məsələlər çox ağrılıdır. Yadımdadır ki, Ali Məhkəmədə bir dəfə belə bir cinayət olmuşdu. Yevlaxdan Əhmədov soyadlı bir şəxs 6 nəfəri qətlə yetirmişdi. Ondan əvvəl də sübut olunmamış bir sıra cinayətləri var idi. O zaman mənə bir milyon rüşvət təklif etdilər ki, o, həbs olunmasın. Mən işi təzədən geri qaytardım. Çünki 6 nəfəri öldürən bir şəxs necə azadlıqda qala bilərdi? Onu Ali Məhkəmənin zalındaca həbs elədilər, lakin sonradan kimlərsə o pulun müqabilində onu qaçırdılar. Bir dəfə bir cinayətə baxdım, utandığımdan motivlərini tam deyə bilmirəm. Bir oğlan ailə üzvlərindən ən müqəddəs olan bir insana qarşı ən çirkin cinayət törətmişdi. Belə adamlarla bir cəmiyyətdə axı necə yaşamaq olar? Görün ölüm hökmünün olmamasının necə ağrılarını çəkirik. Amma bu məsələnin gündəmə gətirilməsi ciddi təpkilərlə qarşılaşacaq. Açığı, inanmıram ki, bunu geri qaytarmaq mümkün olsun. Təkcə bizdə deyil, Avropa ölkələrində belə olub ki, bir cinayətə görə an ağır cəza kəsilib, amma cəmiyyətdə yenə də həmin cinayətlər törədilib. İstənilən halda bu məsələ Azərbaycan üçün çox düşündürücüdür. Bildiyiniz kimi, ölkə başçısının cəzaların humanistləşdirilməsi ilə bağlı sərəncamı var. Hər bir halda bundan sui-istifadə halları olmamalıdır. Bu sərəncam az ağır cinayət törətmiş şəxslərə şamil olunmalıdır. Çirkin cinayət törədənlərlə digərləri bir yerdə saxlanılmamalıdır. Eyni zamanda onun da tərəfdarı deyiləm ki, siyasi işlərlə, yeyinti halları ilə bağlı ölüm hökmü tətbiq olunsun”.

Tanınmış vəkil Əsabəli Mustafayev bildirdi ki, Azərbaycan Avropa Şurasına daxil olarkən götürdüyü öhdəliklərdən biri ölüm hökmünün ləğvi ilə bağlı olub: "Ölüm hökmünün olması ilə Avropa Şurasına üzv olmaq məsələsi bir-birini istisna edir. Məsələn, Türkiyədə söhbət gedir ki, ölüm hökmü bərpa olunsun, amma dərhal Türkiyə Avropa Şurasından çıxarılacaq. İstintaq və məhkəmədən heç kəs sığortalanmayıb. Nə qədər istintaq və məhkəmə inkişaf etsə də, nöqsanlar mümkündür. Çox şahidi olmuşuq ki, həbs edilən, yaxud həbsxanada ölən çoxsaylı insanlar olub ki, illər sonra cinayətlərdə iştiraklarının olmadığı üzə çıxıb. Rusiyada bir manyakın törətdiyi qətlləri xatırlamaq lazımdır. Onun qətllərinə görə 3 nəfər edam olunmuşdu. Guya bunun törətdiklərini həmin insanlar törədib. Çox qorxunc statistikadır. Bu statistika indi də davam edir. Elə ölkələr də var ki, orada ölüm hökmü yoxdur, bir məhbus 20-25 il həbs yatandan sonra günahsız olduğu sübut edilir. Halbuki ölüm hökmü olsaydı, onlar edam olunacaqdılar. Belə nümunələr çoxdur. Hər halda, o insanların yaşamaq haqları var. Əgər birinin təqsiri yoxdursa, nə zamansa onu reabilitasiya etmək imkanları var. Ölüm hökmünün bərpası ilə bağlı çağırışlar hesab edirəm ki, emosiyaların nəticəsidir. Belə faktlar da kütləvi deyil. Belə dəhşətli qətllər də kütləvi şəkildə deyil ki, bunların qarşısını almaq üçün hökmən ölüm hökmünün bərpası vacib olsun. Qorxunc cinayətlər tarix boyu olub. Yəqin ki, bundan sonra da olacaq. Sadəcə, bunların qarşısını almaq üçün ayrı vasitələr düşünmək lazımdır. Analiz etmək lazımdır ki, bunlar nədən yaranır? Maddi, yaxud mənəvi məsələ olduğu, psixoloji problemlərin olub-olmadığı üzə çıxarılmalıdır. Ona uyğun da tədbirlər görülməlidir. Ölüm hökmü belə qətllərin qarşısını alan amil deyil”.


Cavanşir ABBASLI

Oxşar xəbərlər