Xəbər lenti
Bütün xəbərlər

Arif Rəhimzadənin tərcümeyi-halında “türk olmayan ailədə anadan olub” qeydi...

  • 08 mar 2017, 17:28

 Tənzilə Rüstəmxanlı: "Hər ikisi də Rusiyanın adamıdır”; Fazil Mustafa: "Onu zorla türk edə bilmərik”; Fərəc Quliyev: "Adam öz milliyyətini elan etməlidir”

 

Milli Məclisin Regional məsələlər komitəsinin sədri, deputat Arif Rəhimzadənin türkçülüklə bağlı dediklərinin ətrafındakı müzakirələr səngimək bilmir. Maraqlıdır ki, sanki deputat da bu müzakirələrin davam etməsində istəkli görünür.
Belə ki, azərbaycanlıların türk olmadığını deyən A.Rəhimzadə dediyi fikirlərə görə üzr istəməyəcəyini bildirib. Bununla da o, gündəmdən düşmək üzrə olan mövzunu daha da qızışdırıb. Son açıqlamasından sonra YAP-çı deputat daha çox tənqidlərə məruz qalır. Eyni zamanda türk olmadığı üçün belə fikirlər səsləndirməsi ilə bağlı deyilənlər müzakirələrin əsasını təşkil edir.

A.Rəhimzadənin "Vikipediyası”na diqqət yetirdikdə bir diqqətçəkən məqam var. Onun keçdiyi həyat yolu, fəaliyyəti ilə bağlı məlumatların ilk cümləsi belədir: "Arif Rəhimzadə 24 fevral 1941-ci ildə Gəncə şəhərində türk olmayan ailədə anadan olub”. 

Bir şəxsin türk olmadığını bu şəkildə qabartmaqda maraqlı görünməsi suallar doğurmaya bilməz. Görünən odur ki, deputatın dediyi və arxasında sona qədər dayandığı fikirlər təsadüfi deyil. Ölkə ictimaiyyətinin bütün təbəqələrindən isə parlament üzvünə təpki gəlməkdədir.

Azəri Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı Arif Rəhimzadənin "Azərbaycanlılar türk deyil” sözlərinə və ondan öncə digər deputat Araz Əlizadənin türklərlə bağlı dediklərinə sərt cavab verib: "Millət vəkillərindən bəziləri ”Azərbaycan xalqı türk deyil-deyə hökm kəsmiş və fikir söyləmişdir. Biz bunları yaxşı tanıyırıq və hər ikisi də Rusiyanın adamıdır. Yəni ki, Azərbaycan parlamentində sanki Rusiyanın təmsilçisi kimi oturublar. İllərdir ki, dövlətimizin içində gizli bir əlin apardığı türk düşmənliyi siyasətini hiss edirdik və bir gün baş verəcəyini də bilirdik. Amma bir millətin adından onun milli kimliyi haqqında söz söyləyəcək cəsarəti haradan və kimdən aldıqlarını bilmirdik. Zaman keçdikcə bunlar da gün üzünə çıxacaq. Sizlər türk olmaya bilərsiniz və kimsə də sizə türk olun demir, amma siz kim olursunuz ki, yüzdə 95-i özünə türk deyən bir millətin milli kimliyinə dil uzadırsız? Ananız, arvadınız erməni və rusdur deyə başımıza çıxdığınız bəs deyilmi? Millət vəkili olduğunuz yetmirmi ? Dövlətin ən əhəmiyyətli mövqelərini işğal etdiyiniz yetmirmi ? Bu millətə azadlığını qazandırmış insanları səfil vəziyyətinə saldığınız yetmədimi? Bizlər rus imperiyasına qarşı mücadilə aparanda, sizlərin onların vəkilliyini etdiyiniz yetmirmi? "Bir millət-iki dövlət”- deyən Heydər Əliyevə də hörmətiniz yoxdurmu, ay həddini bilməzlər? Erməni olun, rus olun, talış olun, kim olursunuzsa-olun, bundan bizə nə, o sizin biləcəyiniz iş, amma Azərbaycan türkünə dil uzatmayın, bu millət o dili nə edəcəyini özü çox yaxşı bilir".
İrəvan xanı Hüseynqulu xanın nəslindən olan Avrasiya Türk Qadınlar Birliyinin sədri, Hollandiya parlamentinin sabiq deputatı Fatma Aktaş məsələyə sərt mövqe sərgiləyib. O bildirib ki, Arif Rəhimzadə türklərlə bağlı böyük səhvə yol verib: "Biz hər zaman türk olduğumuz üçün öyünmüşük, qürurlanmışıq. Arif Rəhimzadəyə müraciət edərək deyirəm ki, ey türk oğlu türk, titrə, özünə gəl! Adın, danışığın, qanın, mayan türkdürsə, türk olduğun üçün öyünməlisən. Sual edirəm. Bəs sizi türklərdən kim küsdürdü? Atalarımızın gözəl misalı var: ”Böyük tikə ye, ancaq böyük söz söyləmə!" Hər birimiz türk olduğumuz üçün fəxr etməliyik".
F.Aktaş deyib ki, Azərbaycan qədim türk torpağıdır: "Nə qədər dünya varsa, o qədər də Azərbaycan türk dövləti və torpağı olaraq qalacaq. Dünyada türkdən böyük, qədim, təmiz, mədəni və igid millət yoxdur. Dünyaya mədəniyyəti türklər gətirib. Türkün olmadığı yerlərdə köləlik olub”.
F.Aktaş təəssüflə qeyd edib ki, milli kimliyi olmayan millətlər hər zaman başqa millətlərin köləsi olur:"Türklər tarix yazmaz, tarix türkləri yazar. Türk yazılı tarixin başlanğıcı deməkdir. Əgər türklər tarixdən silinərsə, orta tarix deyə nə isə olmaz. Baxmayaraq ki, uzun illərdir Hollandiyada yaşayıram. Ancaq burada mənim yeganə üstünlüyüm türk doğmaqdır. Çünki türk dünyaya işıq saçan günəşdir”.

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa "Yeni Müsavat”a açıqlamasında həmkarının türkçülüklə bağlı dediyi yeni fikirlərə bu cür reaksiya bildirdi: "Yenidən belə bir ifadə işlədib. Məncə, yanaşma bütövlükdə elmi yanaşma deyil, əsaslı da deyil. Deyə bilər ki, mən başqa millətin təmsilçisiyəm, türk deyiləm. Amma ”Azərbaycanlılar türk deyil" demək müəyyən mənada problemdir. Bu məsələnin üzərində, hər halda, düşünməliyik. Hesab edirəm ki, onun bu yanaşması əsaslı deyil. Ona görə də, artıq bu məsələyə nöqtə qoymaq lazımdır. Fikirlər bildirilib, əlavə bir izaha ehtiyac yoxdur. Kim özünü türk saymırsa saymasın, kim türk olmaqdan qürur duyursa duysun. Biz onu heç nəyə məcbur edə bilmərik. Amma türkçülüyə qarşı bu cür fikirlərə daim öz reaksiyamızı verəcəyik. Belə məsələlərə "stop” deyilmir. İnsanlar öz fikirlərini ifadə edirlər, fikir mübadiləsi aparırlar. Çünki hər hansı bir şəkildə kimisə təhqir etmir. Əgər "Azərbaycanlılar türk deyil” deməklə özünü türk hesab etmirsə, biz onu zorla türk edə bilmərik. Azərbaycan xalqının əksəriyyəti türklərdən ibarətdir və türk məfkurəsi üzərində qurulmuş dövlətik".

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev hesab edir ki, kimsə türk deyilsə, bu, qəbahət sayılmaz: "İfadə edə bilərdi ki, mən türk deyiləm. Amma hamının adından türk deyilik ifadəsini işlətmək doğru deyil. Bu o deməkdir ki, Almaniyada bir fransız yaşayır və deyir ki, mən alman deyiləm, Almaniyada da heç kəs alman deyil. Azərbaycanda əksəriyyət türk etnosudur və bunu bir daha xatırlatmağa gərək yoxdur. Ölkəmizdə başqa xalqlar da yaşayır. Bütün xalqlara hörmətlə yanaşırıq, vahid xalqa çevrilmişik. Amma kimsə öz kimliyini bilmirsə, yaxud gizlətmək istəyirsə, hansı etnosa mənsub olduğunu demirsə, əvəzində türklərə qarşı bu cür həqarətlər yağdırırsa, bu doğru ola bilməz. İctimai qınaq oldu, hər kəs buna münasibət bildirdi. Amma məsələyə bu qədər əhəmiyyət vermək doğru deyil. Bir şəxs burada yaşayırsa, deyirsə ki, türk deyilik, bu, normal yanaşma deyil. Adam öz milliyyətini elan etməlidir. Türk olmadığını demək qəbahət deyil, amma bütöv bir etnosa çağırış etmək sayğısızlıqdır. Hər bir kəs dediklərinə fikir verməlidir. Hesab edirəm ki, bundan sonra bu məsələyə toxunmaq doğru sayılmaz. Azərbaycanda təriqətlər arasında münaqişələri qızışdırmaq üçün müxtəlif yollara əl atırdılar, indi o aradan çıxdı. Ölkəni milli zəmində hansısa istiqamətə sürükləməyi bilmirəm ki, Arif müəllim bilə-bilə edir, ya yox. Ağıllı insanlar artıq bu məsələyə əhəmiyyət verməməli, əgər projedirsə, onu pozmağa çalışmalıdırlar”.

Cavanşir ABBASLI

Oxşar xəbərlər