Fəzail Ağamalı: “Arif Rəhimzadə çox dərinə gedir və səhv edir”

  • 06 mart 2017, 20:05

Azərbaycan Milli Məclisinin regional məsələlər komitəsinin sədri, deputat Arif Rəhimzadə səsləndiridiyi fikirlərlə növbəti dəfə mətbuatın gündəminə düşüb və kəskin tənqidlərin hədəfinə çevrilib. 

O bildirib ki, vaxtilə "Azərbaycan dili” əvəzinə "Türk dili” tədris olunurdu. Ulu öndər Heydər Əliyevin uzaqgörənliyi və məlumatlı olması nəticəsində "Azərbaycan dili” dərsliklərə salındı: " Axı necə ola bilər ki, dilimiz Azərbaycan dili olsun, özümüz isə türk? Məgər Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Tatarıstan türkdür? Bunların mənşəyi türkdür. Amma hərəsinin öz adı var”.

Arif Rəhimzadə sabiq prezident Heydər Əliyevdən də misal çəkərək, onun da "azərbaycanlı” ifadəsinə üstünlük verdiyini iddia edib: "Biz məgər türkük? Elə şey olar? Əlbəttə ki, azərbaycanlıyıq. Ulu öndər Heydər Əliyev necə deyirdi? Mən fəxr edirəm ki, azərbaycanlıyam”.

Onun bu fikirləri növbəti dəfə Ana Vətən Partiyası sədri , deputat Fəzail Ağamalının reaksiyasına səbəb olub.

"Yeni Müsavat”a danışan Fəzail Ağamalı bildirdi ki, Arif Rəhimzadə çox dərinə gedir və səhvə yol verməkdə davam edir: "Ulu öndər Heydər Əliyevin fikirlərini də hansısa məqamda önə çəkmək istəyir. Lakin onun millətə və bizim etnosumuza bağlı dərin düşüncələrini lazımi səviyyədə qiymətləndirmir. Heydər Əliyev 1969-cü ildə siyasi hakimiyyətə gəldikdən sonra Azərbaycanda Türkologiya elminin inkişafına çox böyük imkanlar yaratdı. Ulu öndərin birinci hakimiyyəti dövründə Azərbaycan Dövlət Universitetində xüsusi türkologiya kafedrası açıldı. Bu da ulu öndərimizin Azərbaycan tarixinin bütün dərinliklərini , dilimizin bütün konseptual mahiyyətini, bizim haradan başlayıb haraya gəldiyimizi bilən bir dahi şəxsiyyət olduğunu göstərir.

O bilirdi ki, Azərbaycan türk etnosudur. Konstitusiyanın qəbul olunması ərəfəsində bu məsələ vurğulandı”.

Fəzail Ağamalının sözlərinə görə, Heydər Əliyev Türkiyənin Böyük Millət Məclisində "Biz bir millət , iki dövlətik” deyirsə, burada hər şey aydın olur: "Bu o deməkdir ki, biz türkük. Ola bilsin ki, Arif müəllim bunu deməklə , Anadolu ərazisində yaşayan Osmanlı türklərini nəzərdə tutur və deyir ki, biz türk deyilik. Bunu haradasa başa düşmək olar. Çünki biz Qazax da deyilik, Qırğız, türkmən də deyilik. Biz Azərbaycan türküyük. Bəlkə də o belə demək istəyir. Mən doğrudan da inana bilmirəm ki, kifayət qədər intellekti olan Arif Rəhimzadə desin ki, biz türk deyilik. Axı dilçilər, etnoqraflar tərəfindən müəyyən olunmuş 10 dil ailəsi var, onlardan da biri "altay” və ya "türk” dil ailəsidir və biz də onun içindəyik. Mən çox arzu edərdim ki, Arif müəllim bir kitabları vərəqləsin, oxuduqlarını yadına salsın. Hətta rus alimlərinin əsərlərini varaqlasın. Orada da qeyd olunub ki, azərbaycanlılar türk xalqıdır, bunun başqa mənası yoxdur”.

Nərgiz LİFTİYEVA

Oxşar xəbərlər