Ümummilli məsələdə iqtidarla müxalifət niyə bir araya gələ bilmir...

  • 02 mart 2017, 08:14

Bəxtiyar Sadıqov: "Müxalifətin səmimiyyətinə inanmıram”; Tural Abbaslı: "İqtidar böyüklüyünü göstərib...”


Azərbaycanı əksər xarici ölkələrin siyasi düşərgələrindən fərqləndirən başlıca xüsusiyyət yenidən gündəmdədir. Belə ki, ölkəmizin iqtidar və müxalifət düşərgələri xalqın ümumi problemi olan istənilən məsələdə həmrəylik nümayiş etdirib, bir araya gələ bilmirlər.


Halbuki zaman-zaman hər iki düşərgə daxilindən birlik mesajları, xalqın ümumi problemi olan məsələlərdə xalq naminə birlikdə olmaq istəkləri səslənir. Son günlərdə isə cəbhə xəttində cərəyan edən hadisələrdən xəbərsiz olan yoxdur. Amma bu günlərdə davam edən gərginlikdə biz siyasi düşərgələr daxilindən bir birlik mesajının belə şahidi olmadıq. Qonşu ölkələrdən qardaş Türkiyəni nümunə gətirə bilərik ki, xalqın istənilən kəsimini özündə əhatə edən ümummilli məsələ meydana çıxan kimi iqtidar-müxalifət anlayışı tamam yox olur, həmrəylik nümayiş etdirili

YAP-çı deputat, "Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov yaranan bu vəziyyətdən təəssüfləndiyini dilə gətirdi: "Xalqın taleyüklü məsələlərində, başlıca problemlərində iqtidar-müxalifət bir araya gəlmir, bir mövqedən çıxış etmirlər. Özümün gəldiyi qənaətdən çıxış edərək deyə bilərəm ki, bu, daxildə yaranan qəzəb və nifrətdən irəli gəlir. Bugünkü iqtidarı götürsək, bu ulu öndər Heydər Əliyev tərəfindən başlayıb, bu gün də onun siyasi kursunu cənab prezident İlham Əliyev layiqincə davam etdirir. Bu iqtidarı əvvəlki iqtidarda olanlar, hazırda da müxalifətdə təmsil olunanların özləri dəvət ediblər. Özləri Heydər Əliyevə minnətçi düşdülər. Hətta belə bir söhbət də var ki, əgər ulu öndər geciksəydi, Surət Hüseynov Azadlıq meydanında dar ağacı qurub, bunları asacağına söz vermişdi. Surət Hüseynovun adı gələn kimi bunlar getdilər. Əslində ortada köklü bir düşmənçilik olmayıb. Özləri dəvət ediblər və Heydər Əliyev də xalqın xilaskarı olub. Bunlar anlamırlar ki, Dağlıq Qarabağ problemi əsas problemimizdir, digər törəmə problemlər isə bundan doğub. Beynəlxalq qurumlar, xarici ölkələr isə əsas problemimizi bir kənara qoyub, törəmə problemlərdən yapışırlar. Bunlar deyirlər ki, Qarabağ hamımızın problemimizdir, əgər müharibə olarsa, müxalifətçiliyi bir kənara qoyub, müdafiədə iştirak edəcəyik. Amma insan haqları, mətbuat və söz azadlığı kimi məsələlərdən istifadə edərək, Azərbaycana qarşı ikili standartdan çıxış edən beynəlxalq qurumlarla bu düşərgə əməkdaşlıq edir. Ermənistanda mətbuat və söz azadlığının nə vəziyyətdə olduğu ortadadır. Amma bizdə bu problem yoxdur. İstənilən şəxs özünə sayt yaradır. Müxalifət bunları yaxşı bilir. Avropa Şurası, yaxud ittifaqında bir tədbir keçiriləndə Azərbaycandan kimlərsə tərəfindən göndərilənlər orada ölkəmiz əleyhinə kampaniya aparırlar, aksiyalar keçirirlər. Bu müqayisəni gətirmək istəməzdim. Amma reallıq naminə deyim ki, dünyaya dilənməyə gedən Serj Sərkisyan ondan zəhləsi gedənlərin ona dəstək aksiyaları keçirdiyini görür. Yəni bunların sözü ilə əməlləri uyğun gəlmir. Bizim müxalifət artıq ”Beşinci kalon"a çevrilib. Onların Avropadan aldıqları qrantlardan asılılıqları həddindən artıq çoxdur. Nə qədər dildə milli maraqlar naminə birləşməyə hazır olduqlarını desələr də, əməllərində bunları göstərmirlər. Bu təəssüf doğuran haldır. Torpaq məsələsi elə bir məsələdir ki, burada başqa niyyət olmamalıdır. Erməniləri müdafiə edən beynəlxalq təşkilatların ölkəmizdə insan haqları və digər məsələlərlə bağlı pozuntuların olmasını demələrinə səbəb bizim müxalifətin onlara göndərdikləri arayışlardır. Müxalifətin səmimiyyətinə inanmıram. Amma arzu edərdim ki, həmrəylik olsun. Yadımdadır ki, yunan adaları ilə bağlı problem çıxanda Tansu Çillər bir bəyanat verdi ki, türk əsgəri gedər, o adalardan düşmən geri çəkilər. Həmin vaxt bütün siyasi qurumlar birlikdə bəyanat verdilər. Amma bizdə tam fərqlidir".


AĞ Partiya başqanı Tural Abbaslı hesab edir ki, Qarabağ adı olan yerdə iqtidar-müxalifət anlayışları olmamalıdır: "Çalışmaq lazımdır ki, Qarabağı siyasi mübarizə predimeti etməyəsən. Amma təəssüflər olsun ki, son bir ildə Qarabağ ətrafında gedən hadisələr onu göstərdi ki, iqtidar və müxalifət nəinki bir araya gəldi, hətta bir-birilərinə qarşı ittihamlar da səsləndirdilər. Sosial şəbəkələrdə partiya funksionerlərinin fikirləri hətta məsələni daha da qəlizləşdirdi. Burada qınaqlar olmalıdır. Səhərisi gün ikinci Qarabağ savaşı olanda siyasi partiyaların özlərini necə aparmalı olduqları indidən məlum olmalıdır. Çünki birinci Qarabağ savaşında olan intriqaların acı nəticələrini yaşamışıq. Bunun hələ də aradan qalxmaması göz önündədir. Biz partiya olaraq, ümummilli məsələləri siyasi rəqabət predmeti etmirik. Biz istər iqtidar, istərsə də siyasi partiyalar olsun, bu tipli məsələlərdə birliyə hazırıq. Təməli 1992-93-cü illərdən qoyulan rəqabət iqtidar və müxalifətə, siyasi partiyalar daxilində belə bir araya gəlməyə imkan vermir. Şəxsi münasibətlər Qarabağ məsələsinə daşınmamalıdır. İqtidar böyüklüyünü göstərib, müxalifətlə bir araya gəlmək üçün addımlarını atmalıdır. Artıq münasibətlər dəyişməlidir. Şəxsi münasibətlərdən vaz keçə bilməyən siyasətçilər siyasi arenadan getməli, onların yerini yeni simalar tutmalıdır”.


Cavanşir ABBASLI

Oxşar xəbərlər