MM-də müharibə və İrəvanın qaytarılması çağırışları

  • 02 fev 2017, 09:21

Parlamentin yaz sessiyası gərgin başladı, Siyavuş Novruzov tənqidi çıxışlar edən həmkarlarına xəbərdarlıq etdi 

 

 

Fevralın 1-də Milli Məclisin yaz sessiyası ilk iclasını keçirdi. Dövlət himninin oxunmasından sonra spiker Oqtay Əsədov sessiyanın başlanması münasibətilə deputatları təbrik etdi və onlara uğurlar arzuladı. 

İntizam və Hesablayıcı komissiyaların tərkibi təsdiqləndikdən  sonra Milli Məclisin 2017-ci il yaz sessiyasının qanunvericilik işləri planının müzakirəsinə keçildi.  

Deputat Zahid Oruc Azərbaycan və Belarus arasında Dağlıq Qarabağa qanunsuz səfər etdiyi üçün saxlanılan blogger Lapşinlə bağlı gedən müzakirələrdən danışdı. "Erməni tərəfi bundan çox narahat olub” deyən Z.Oruc bildirdi ki, bu kimi səfərləri biz ancaq XİN-in "qara siyahıları” ilə tənzimləyirik. "Biz Gürcüstan kimi işğal olunmuş ərazilərlə bağlı qanun qəbul etməmişik” deyən deputat təklif etdi ki, Qarabağa getmək istəyənlərə viza verək: "Qoy Azərbaycan Qarabağa getmək istəyən insanlara özü viza versin. Azərbaycan tərəfdən gedə bilməyəcəklər, amma Azərbaycandan viza aldıqları üçün Ermənistan da onları Qarabağa buraxmayacaq”. 

Z.Oruc Qafqaz Universiteti ilə bağlı yaranan problemlərdən bəhs etdi. Yüksək bal toplayıb bu ali məktəbə qəbul olunan tələbələrin sonrakı taleyinə diqqət çəkən deputat bildirdi ki, bu kimi məsələləri yerində çözmək üçün Azərbaycanda ali təhsil haqqında qanunun qəbulu yaxşı olardı.

Z.Oruc özəlləşdirmə prosesi ilə bağlı da təklif verdi. "325 müəssisə özəlləşdirməyə çıxarılmışdı. Bugünlərdə daha 50 müəssisə özəlləşdirməyə təqdim edildi” deyən deputat vətəndaşlara verilmiş vauçerlərdən də bəhs etdi. Bildirdi ki, o çeklərin özəlləşdirmə prosesində istifadəsi barədə qərarlar verilməsi müsbət addım olardı.

"Strateji yol xəritəsinin həyata keçirilməsi üçün bir sıra addımlar atılmalıdır, qanunlar qəbul olunmalıdır. Amma çox təəssüflər olsun ki, bu qanunlar gündəliyə salınmır. Birincisi maliyyə nəzarəti haqqında qanunun qəbuludur”. 

Bunu isə deputat Vahid Əhmədov söylədi. O bildirdi ki, əgər biz korrupsiya və rüşvətxorluğun müəyyən qədər aradan qaldırılmasını istəyiriksə, bu qanunun qəbulu çox mühümdür: "Maliyyə Nazirliyi də dəfələrlə deyib ki, bu qanunun üzərində işləyirlər. Ancaq bir neçə ildir bu qanun Milli Məclisə daxil olmayıb. Xahiş edirəm bu qanun gündəliyə salınsın”. V.Əhmədov dedi ki, qəbulu zəruri olan ikinci qanun Rəqabət Məcəlləsidir: "Bu layihə iki dəfə Milli Məclisdə müzakirə olundu. Amma sonradan Rəqabət Məcəlləsi hara getdi, necə oldu, xəbərim yoxdur. Əgər bu qanun qəbul olunmayacaqsa, açıq şəkildə millətə demək lazımdır ki, Azərbaycanda heç bir rəqabət olmayacaq. Nəyə görə biz ölkədə rəqabətin olmasını istəmirik, məqsəd nədir? Azərbaycanda monopoliyanı aradan qaldırmaq lazımdır. Bütün dünyada bu qanun qəbul olunsa da, Azərbaycanda qəbul olunmur. Hansı qüvvələrdir ki, bu qanunun qəbul olunmasına mane olur? 

Cənab prezidentin atdığı addımlar əhali tərəfindən yüksək qiymətləndirilir. Mən də millət vəkili olaraq ”Strateji yol xəritəsi"nin qəbulunu çox yüksək qiymətləndirirəm. Biz bu sənəddə əksini tapan müddəaları həyata keçirsək, problemlərin həllinə nail ola bilərik". 

Spiker O.Əsədov dedi ki, qanunun təşəbbüskarı iki müzakirədən sonra layihəni saxlayıb, geri qaytarıb. 2008-ci il böhranından sonra vəziyyət dəyişib və qanuna düzəlişlər etmək zərurəti yaranıb. Nə vaxt parlamentə daxil olacaqsa, onda da müzakirə ediləcək". 

V.Əhmədov əlavələr etmək istədikdə, spiker "xahiş edirəm, yerindən danışma, mən qulaq asdım, sənin də hövsələn olsun, qulaq as!” deyə, reaksiya verdi. 

Deputat Elmira Axundova 125 deputat köməkçisinə dövlət qulluqçusu statusunun verilməsini təklif etdi. 

Deputat Siyavuş Novruzov "Siyasi partiyalar haqqında” Qanuna dəyişiklik edilməsi təklifini verdi: "Biz siyasi partiyaların MSK-ya hesabat verməsini nəzərdə tutan qanun qəbul etmişik, amma buna əməl olunmur”. O qeyd etdi ki, əgər kimsə öz gəlirləri barədə hesabat vermirsə, onunla bağlı tədbir görülməlidir: "Baxmayaraq ki, kifayət qədər cangüdənləri, avtomobilləri var, təbii ki, bunlar hava ilə dolanmırlar”. 
S.Novruzov ardınca bildirdi ki, ona hər axşam xarici ölkələrdən müxtəlif nömrələrdən zənglər gəlir: "Bu, ”ərəb baharı"nda da belə idi. Bu, bir yoxlanışdır. Ona görə də Ziyafət müəllimdən xahiş edək, informasiya təhlükəsizliyi ilə bağlı hansı addımı atmaq olar ki, bu, dayansın?" S.Novruzov daha sonra deputat həmkarlarını sərt şəkildə qınadı: "Bəzi həmkarlarımız deyir ki, Milli Məclis işləmir. Milli Məclis işləmirsə, niyə burdan mükafat, əmək haqqı alırsınız? İndi biz nə edək, Lenin kimi gedib şalban götürək çiynimizə, daşıyaq, sübut edək ki, işləyirik? Bəziləri deyir komanda dəyişməlidir. Sən kimsən komandanı dəyişəsən? Komandanın sahibi var. Sən bu komanda üzvlərindən birinin funksiyasını yerinə yetirə bilərsən? Yaddan çıxarmayın e, biz parlamentli yox, prezidentli respublikayıq, hərdən Türkiyəyə baxıb coşursunuz. 

Deyirsiniz korrupsiya var, Azərbaycanda korrupsiyaya qarşı ciddi mübarizə aparılır. Hansısa məmur kiminsə xahişini yerinə yetirmirsə, o demək deyil ki, məsələ bu şəkildə qoyulmalıdır. Azərbaycan parlamentinin üzvləri gecə-gündüz beynəlxalq təşkilatlarda ermənilərə qarşı mübarizə aparır. Bundan başqa nə işlə məşğul olmalıdır. Hər bir insan çıxış edəndə heç olmasa oturduğu stula hörmət eləsin. Vaxt vardı ki, burada 4 adam bir otaqda otururdu, 8 nəfərə bir hökumət telefonu verilirdi. İndi bütün şərait yaradılıb, köməkçi verilib, otur işlə də. Layihə hazırla, təqdim elə. Yoxsa biz belə demişdik, belə düşünmüşdük. Bundan sonra belə şeylərə yol verməyə ehtiyac yoxdur”.

Deputat Qüdrət Həsənquliyev çıxışında əvvəlcə Ağ Evin yeni administrasiyasının fəaliyyətini tənqid etdi: "Bugünlərdə ABŞ prezidenti Donald Tramp 7 müsəlman ölkəsi vətəndaşlarının Amerikaya girməsinə qadağa qoyub. Fikrimcə, ABŞ-ın belə qərar qəbul etməsi utanvercidir və bu, pislənməlidir”. Q.Həsənquliyev Milli Məclisin ayrıca iclasının çağırılmasının mümkünlüyünü də diqqətə çatdırdı: "Hesab edirəm ki, biz islahatlarla bağlı parlamentin ayrıca iclasını çağıra bilərik. Siyavuş müəllim də dedi ki, bizim işimiz qanun qəbul etmək və ona nəzarət etməkdir. Ancaq baxırsan ki, bəzən mətbuatda xəbər gedir ki, sahibkarın hoteli söküldü, əmlakının dəyəri ödənilmədi. Mülkiyyət məsələsi vacib məsələdir. Sahibkarın əmlakı məhkəmə qərarı olmadan, içindəki əşyalar çıxarılmadan sökülürsə, kim Azərbaycana sərmayə qoya bilər? Azərbaycanda media qurumları var ki, xəbərləri bir neçə dildə yayır. Təbii ki, ölkəmizə sərmayə qoyan əcnəbilər də ölkəmizlə maraqlananda bu xəbərləri əldə edirlər. Əgər mətbuatda belə xəbərlər yazılırsa, müvafiq dövlət qurumları buna reaksiya verməlidir. Əgər yalandırsa, bununla bağlı izahat verilməlidir. Yox, əgər doğrudursa, bunu edənlər cəzalandırılmaldıır”. Spiker Oqtay Əsədov isə deputata sual edib: "Əmlakı sökülən adamların mətbuatda çıxışı, məhkəməyə müraciət olubmu? Hamısını qəzetlər yazırlar. Sökülən əmlakın pulu verilir”.

Deputat Əli Məsimli maliyyə sağlamlaşdırılması, bank sektorunun inkişafı ilə bağlı tədbirlər görmək, qeyri-neft sektorunun, xüsusilə də kənd təsərrüfatı və turizmin inkişafı barədə təkliflər verdi: "Əsas virus maliyyə, bank sektorundadır. Bu virusu aradan qaldıra bilsək, vəziyyəti yaxşılığa doğru dəyişə bilərik. İki il bundan qabaq 10 min manat borc alan vətəndaş indi 28030 min manat qaytarmalıdır. Əksər insanlar bunu qaytarmaq imkanına malik deyil. Ümidsiz kreditlərin sayı artacaq və bankların vəziyyətinin getdikcə pisləşməsinə səbəb olacaq. Bu yükün bir hissəsini Mərkəzi Bank və bankların üzərinə götürməsi nəticəsində vətəndaşı çiynindəki ağır yükdən xilas etmək olar”.    

Ə.Məsimli bildirdi ki, hələ köhnə maliyyə naziri 10 il əvvəl maliyyə nəzarəti haqqında qanunun hazır olduğunu deyirdi: "Arzu edirəm ki, 2017-ci ilin birinci yarısında bu qanun qəbul olunsun”. Deputat Rəqabət Məcəlləsinin qəbulunun zəruriliyi barədə həmkarının təklifini də dəstəklədi.

Deputat Musa Quliyev tütün məmulatlarının istehlakının məhdudlaşdırılması ilə bağlı qanun layihəsinin yaz sessiyasının iş planına daxil edilməsini təqdir etdi. O, maaş, pensiya kartı ilə hər hansı məhsul alınan zaman banklar tərəfindən 18 faiz əlavə dəyər vergisi tətbiq edilməsinə etiraz etdi. Dedi ki, Azərbaycan banklarının bu siyasəti gələcəkdə problemlərə yol açacaq.

Deputat, Mətbuat Şurasının sədri Əflatun Amaşov internet üzərində yayımlanan media orqanları barədə danışdı. Bildirdi ki, hər kəs domen və hostinq alaraq, internetdə nə istəyir, yazır: "Həmin şəxslər gərək söz azadlığı çərçivəsini aşmasınlar. Ona görə də internet medianın hüquqi statusunu müəyyənləşdirmək lazımdır. Həmçinin onlayn mediaya maliyyə ayrılmasını bir neçə dəfə təklif etmişəm. Bir daha demək istərdim ki, onlayn mediaya dövlət tərəfindən maliyyə yardımının ayrılması yaxşı olar”.

Deputat Aydın Mirzəzadə ötən ilin sonlarında şəhid olan əsgərimiz Çingiz Qurbanovun nəşinin Ermənistan tərəfindən hələ də geri qaytarılmamasına diqqət çəkdi: "Biz Ermənistandan Azərbaycan əsgərinin nəşini qaytarmağı tələb edirik. Vaxtilə Ermənistanın 4 milyon əhalisi var idisə, indi 2 milyondur. Biz Ermənistana öz taleyini düşünməyi məsləhət görürük. Ümid etmək istəyirəm ki, Ermənistan, nəhayət, normal bir təfəkkürə qayıdacaq”. 

Deputat Astan Şahverdiyev prezidentin məcburi köçkünlərlə bağlı imzaladığı son sərəncam və fərmanı təqdir etdi. Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpasından bəhs edən deputat dedi ki, 50  evin bərpası nəzərdə tutulsa da, kəndə qayıtmaq istəyənlərin sayı 200-dən artıqdır. "Lələtəpə yüksəkliyi elə bir məkandır ki, oradan 50-60 km-lik radiusda işğaldakı ətraf əraziləri nəzarət altında saxlamaq mümkündür” deyə, A.Şahverdiyev bu mövzudan danışarkən əlavə etdi.

"Azərbaycan və İrəvan və ətraf ərazilərə varislik hüququmuzun olması ilə bağlı məsələni yaz sessiyasının gündəliyinə daxil etməlidir”- AMEA Tarix İnstitutunun direktoru, deputat Yaqub Mahmudov o bildirdi. O qeyd etdi ki, məsələni parlament səviyyəsinə çıxartmaq üçün baza var: "Bütün sənədlər bizim əlimizdədir. Dövlət başçısı da o torpaqların Azərbaycana məxsus olması barədə prinsipial mövqeyini daim ifadə edir. Bu günlərdə hərbçilərimiz qarşısında dedi ki, İrəvanın ermənilərə verilməsi qərarı səhv olub”.

Y.Mahmudov dedi ki, Erməni Milli Şurasının Türkiyə ilə apardığı danışıqların fransızca nüsxələri də əldə olunub və xaricdəki arxivlərdən xeyli sənədlər gətirilib: "Ümumi ərazisi 9 min kv. km olan İrəvan və ətrafındakı ərazilər ermənilərə o şərtlə verilib ki, Şaumyanın başçılıq etdiyi daşnak qrupları birincisi, azərbaycanlılara qarşı soyqırımı dayandırır, ikincisi, Azərbaycan ərazisində bütün soyqırımlara son qoyurlar, üçüncüsü, bir daha Azərbaycana ərazi iddiası irəli sürməyəcəkləri barədə öhdəlik götürürlər; dördüncüsü, ordakı azərbaycanlılarla ermənilər eyni hüquqlara malik olur, hətta orada bizim şeyxülislamımız təyin edilir. Ancaq bu razılaşma əldə olunandan bir gün sonra, 29 mayda Zəngəzura qarşı ərazi iddiaları, soyqırımlar başladı. Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin, Milli Məclis də ovaxtkı Milli Şuranın hüquqi varisidir. Ermənilər bu razılaşmanı birtərəfli qaydada pozduğu üçün Azərbaycan məsələni yenidən Milli Məclisdə müzakirəyə çıxartmalı, ermənilər üzərinə götürdüyü şərtləri pozduğu üçün o torpaqlara varislik hüququmuzun olduğunu bəyan etməliyik”. 

Deputat Fəzail Ağamalı Y.Mahmudovun təşəbbüsünə dəstək verdi. Bildirdi ki, tarixi torpaqlarımızla bağlı parlament səviyyəsində müzakirələr aparıb qərar verməli, beynəlxalq təşkilatlar səviyyəsinə qaldırmalıyıq. O, düşmənə qaşı daha sərt olmağı da təklif etdi:  "Bizim Müdafiə Nazirliyindən də gözləntilərimiz var. Azərbaycan ordusu düşmənin təxribatlarına tutarlı cavab verməlidir. Biz təkcə yüngül çaplı silahlarla Ermənistanın təxribatlarının qarşısını almalı deyilik, aprel döyüşlərində olduğu kimi, ermənilərin təxribatlarına ağır silahlarla cavab verməliyik. Bunu bütün xalqımız gözləyir”.

Deputat Qüdrət Həsənquliyev də düşmənə sarsıdıcı zərbələr vurulmasını təklif etdi: "Atəşkəs pozulduğu an düşmən əsgəri Azərbaycan torpağında öldürülməlidir”. 
Deputat Araz Əlizadə isə vətəndaşların bank kreditlərini ödəyə bilməməsinə diqqət çəkdi: "Cənab prezident vətəndaşların vəziyyətini yaxşılaşdırmaq üçün əlindən gələni edir, ancaq Mərkəzi Bank və kommersiya bankları çalışır ki, vətəndaşlara daha çox əziyyət versinlər”. 

"Mətbuatda belə məlumat gedib ki, Rusiya Dövlət Duması Azərbaycanda xüsusi iclasını keçirmək istəyir. Bu, bizim suverenliyimizə həqarətdir. Bir suveren dövlətin ali hakimiyyət orqanının digər suveren dövlətin ərazisində iclas keçirməsi dünyada görünməmiş haldır və buna yol vermək olmaz” deyə, Q.Həsənquliyev bildirdi. O qeyd etdi ki, məsələ dəqiqləşdirilməlidir: "Əgər mətbuatın yazdığı həqiqətdirsə, Milli Məclis məsələyə münasibət bildirməlidir. Bir dəfə Duma Azərbaycanda, yaxud Milli Məclis Rusiyada öz iclasını keçirə bilər. Amma Dumanın gəlib Bakıda, Azərbaycanda ayrıca iclas keçirməsi bizim suverenliyimizə hörmətsizlikdir”. 

Vitse-spiker Valeh Ələsgərov məsələyə aydınlıq gətirərək bildirdi ki, söhbət Rusiya Dövlət Dumasının Azərbaycanda iclas keçirməsindən getmir: "Söhbət Rusiya Dövlət Duması və Azərbaycan MM-in əməkdaşlıq komitəsinin iclasından gedir. Yəni iş planına əsasən bir dəfə Bakıda, bir dəfə də Moskvada əməkdaşlıq iclası nəzərdə tutulur. Yenə deyirəm, Dumanın, ya da Milli Məclisin iclasından söhbət getmir”. 
Deputat Rövşən Rzayev də söz alıb mətbuata xitabən bu yanlışlıqla bağlı təkzib verməyi xahiş etdi.

Daha sonra gündəlikdəki qanun layihələri müzakirə olunaraq qəbul edildi.

Elşad PAŞASOY
Oxşar xəbərlər