Prezidentin üç mühüm mesajı- xalqa, Qərbə, məmurlara...

  • 01 fev 2017, 20:39

Dövlət başçısı İlham Əliyevin "neft daha Azərbaycana xeyir gətirməyəcək” kimi iddialara tutarlı cavabı; "siyasi səhnədən gediblər” mesajının ünvanı Barak Obama və Martin Şultsmu?; xarici siyasətdə prezident İlham Əliyevin ləyaqət prinsipi... 

 


Prezident İlham Əliyevin yanvarın 30-da «regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda çıxışı bir neçə istiqamətdə təhlil edilməkdədir. "Yeni Müsavat” prezidentin çıxışında önə çıxan üç mühüm məsələnin təhlilini zəruri hesab edir.   
 
Azərbaycan enerji bazarında əsas oyunçu olaraq qalacaq 

 

Birinci istiqamət kimi əlbəttə, dünyada yaranmış iqtisadi böhran dövründə Azərbaycandakı vəziyyətin təhlili və ölkənin gələcək inkişaf perspektividir. Dövlət başçısı dəfələrlə vurğuladı ki, neftin qiymətinin kəskin aşağı düşməsi ilə yaranmış böhrandan çıxış yolunu qeyri-neft sektorunun inkişafında görür ki, bütün səylər də buna yönəlib: "İqtisadiyyatın əsas göstəriciləri müsbətdir. Kənd təsərrüfatı 2,6 faiz, ölkəmizin qeyri-neft sənayesi isə 5 faiz artmışdır. Dünyada neftin qiymətinin üç-dörd dəfə aşağı düşməsinə baxmayaraq, əvvəlki illərdə görülmüş işlər və keçən il apardığımız dərin islahatlar nəticəsində biz bu inkişafı təmin edə bilmişik”,  deyə, dövlət başçısı vurğulayıb.  

Prezidentin çıxışında ən mühüm hesab olunan məqamlardan biri də "neft bitdi”, "neft daha Azərbaycana xeyir gətirməyəcək” kimi  iddialara cavabı sayıla bilər. Sitat:  "Mən dəfələrlə demişəm, biz artıq postneft dövründə yaşayırıq. Bunu mən o mənada deyirəm ki, dövlət qurumları daha neft amilinə bel bağlamasınlar. Ancaq bu, o demək deyil ki, bizim neftimiz tükənir. Yox, bizim neftimiz hələ onilliklər ərzində xalqımıza xidmət edəcək”. 

Bu, həm neftin qiymətinin düşməsindən pessimist ovqata köklənmiş  təbəqəyə, həm də neft amilini önə çəkərək Azərbaycanın enerji bazarında mövqeyini itirəcəyi ilə bağlı xüsusilə ölkəmizin bədxahlarının tirajladığı  iddialara tutarlı cavab hesab edilə bilər. Təsadüfi deyil ki, dövlət başçısı bunun ardınca ölkəmizin enerji bazarında daha üstün bir oyunçuya çevrildiyini xüsusi qeyd edib:   "Azərbaycan qazı iki ildən sonra dünya bazarlarına daha da böyük həcmdə çıxacaq və öz əhatə dairəsini genişləndirəcək. Bu gün isə bu dəhliz əsasında yeni bir qlobal layihəni - Cənub Qaz Dəhlizini icra edirik. Bu layihə də uğurla icra edilir. Mən tam açıq deyə bilərəm ki, əgər Azərbaycan yenə də bax bu layihənin icrası ilə bağlı liderlik keyfiyyətlərini ortaya qoymasaydı, bu layihə heç vaxt icra edilməzdi. Cənub Qaz Dəhlizi bu gün ancaq Azərbaycanın liderliyi hesabına icra edilir. Bu layihə əlbəttə ki, uzunmüddətli maraqlarımızı təmin edəcək. Bu layihənin icrasından sonra həm maliyyə imkanlarımız böyük dərəcədə artacaq, eyni zamanda, Azərbaycan regional əməkdaşlıq, enerji təhlükəsizliyi baxımından indikindən daha çox, daha böyük önəm daşıyan ölkə olacaq”. 


Dövlət başçısının Azərbaycanın guya  xarici borclanmaya məcbur olması ilə bağlı xeyli müddətdir əsasən də xarici mediada yayılmış iddialara münasibət bildirməsi də diqqətə layiqdir: "Bu gün Azərbaycan üçün istənilən layihəyə kredit almaq artıq çoxdan problem deyil. Hətta indiki siyasətimiz ondan ibarətdir ki, biz xarici kreditlərə o qədər də böyük meyl göstərməyək. Çalışmalıyıq ki, bundan sonra da bütün işləri daxili imkanlar hesabına görək. Çünki xarici borcun artması müsbət hal deyil. Bizdə isə bu göstərici də çox yaxşı səviyyədədir, təqribən 20 faiz səviyyəsindədir. Bu da əvvəlki illərlə müqayisədə daha da böyük rəqəmdir. Bunun da səbəbi manatın devalvasiyaya uğramasıdır. Ondan əvvəlki dövrdə bizim xarici borcumuz 10 faiz həddini keçməyib. Bu gün də bu, məqbul səviyyədədir. Amma biz çalışmalıyıq ki, bu, artmasın, əksinə, azalsın. Xarici borcu azaltmaq üçün biz xarici kreditləri çox böyük ehtiyatla almalıyıq. Ancaq ölkəmiz üçün strateji əhəmiyyət daşıyan layihələrə biz xarici borcu ala bilərik”.

Prezidentin "siyasi səhnədən gediblər” mesajının hədəfləri 


Prezident məhz enerji layihələrindən bəhs edərkən  çıxışında altını cızdığımız ikinci mühüm hissəyə keçid alıb. Bu, Azərbaycanın inkişafını əngəlləmək istəyən xarici qüvvələrlə bağlı dedikləridir.  

Sitat: "Biz bütün bu işləri o qədər də asan olmayan şəraitdə icra etmişik. Yaxşı bilirsiniz ki, bizə qarşı mütəmadi qaydada qarayaxma, böhtan, təhqir kampaniyaları aparılır. Ancaq bunların heç biri bizə təsir etmir. Çünki biz bilirik ki, bunlar haradan qaynaqlanır, bunun arxasında kimlər dayanırlar, onların məqsədi nədən ibarətdir”.


Bu sözlərin konkret hədəfi açıqlanmasa da,  güman etmək olar ki, dövlət başçısı "siyasi səhnədə gediblər” mesajının ünvanı Barak Obamanın vəzifədən çəkilmiş Ağ Ev administrasiyası  və Avropa Parlamentinin  bugünlərdə vəzifəsinin tərk etmiş sədri Martin Şultsu ola bilər. Belə düşünməyə əlbəttə ki, əsaslar var. Çünki Barak Obamanın 8 ilik prezidentliyi müddətində Ağ Ev administrasiyası ilə rəsmi Bakının münasibətləri xeyli gərgin oldu. Xüsusilə ABŞ-ın sabiq  dövlət katibi Con Kerrinin bəzi hallarda ermənipərəst mövqeyi rəsmi Bakının ciddi narazılığına səbəb olmuşdu. Martin Şultsun isə Avropa Parlamentinə başçılıq etdiyi dövr ermənipərəst addımları və bununla bağlı yaranan siyasi qalmaqallarla yadda qalıb. Məhz onun addımlarının nəticəsində Azərbaycanın Avropa Parlamenti ilə münasibətləri son dərəcə gərginləşmişdi. 2015-ci ildə ilk Avropa Oyunları ərəfəsində Avropa Parlamentində Azərbaycan insan hüquqları ilə bağlı keçirilən dinləmələr bu qurumla ölkəmizin əlaqələrini qırılma həddinədək gətirmişdi. 


Xarici siyasətin konturları: "Ləyaqət prinsipi” 


Dövlət başçısı Azərbaycanın xarici siyasət konturlarının yenə də dəyişməyəcəyini vurğulayıb: "Artıq dünya Azərbaycanı daha yaxşı tanıyır. Görürlər ki, bu, müstəqil dövlətdir, ləyaqətli dövlətdir. Azərbaycan xalqı qürurlu xalqdır, heç vaxt imkan verə bilməz ki, kimsə bizə nəyisə diktə etsin. Biz öz ləyaqətimizi həmişə saxlamışıq və saxlayırıq”. 

Prezidentin "öz ləyaqətimizi həmişə saxlamışıq və saxlayırıq” sözləri əlbəttə ki, siyasətlə heç uyuşmayan sentimentallıq deyil. İlham Əliyevin hakimiyyət illərdə sadiq qaldığı xarici kursun məhz bu çərçivədə olduğunu hətta Azərbaycanın odioz qonşuları belə etiraf edirlər. Qərbin İran məsələsində sərt olduğu dönəmdə rəsmi Bakının tutduğu mövqeyi, Gürcüstan Rusiya ilə müharibə həddində olanda İlham Əliyevin gürcü xalqına iqtisadi dəstəyini, eləcə də sanksiyalarla yıpranmış Rusiyaya da hər zaman  dost əlini uzatmasını xatırlamaq kifayətdir...      

Məmurlara sərt xəbərdarlığın pərdəarxası


Nəhayət, konfransda prezidentin  toxunduğu üçüncü əsas məsələ də ləyaqətlə bağlıdır, amma bu dəfə məmurların... Məlumdur ki, prezident icra başçılarının iştirak etdiyi bu cür toplantılarda sərt xəbərdarlıqları əsasən onlara ünvanlayır. Bu dəfə də istisna olmadı.  Ölkədə məmur-vətəndaş münasibətləri hakimiyyət üçün ən vacib sahələrdən biri, iqtisadi çətinliklərin yaşandığı bu günlərdə isə bəlkə də birincisidir. 

Ölkə başçısı yenə bu məsələyə  münasibət bildirərək məmurları xalqla münasibətlərində diqqətli olmağa çağırıb. Sitat: "Mən dəfələrlə bu məsələ ilə bağlı öz fikirlərimi demişəm, bu gün də deyirəm. Hər kəs bilsin, eşitsin və nəticə çıxarsın: məmurlar xalq üçün yaşayırlar, əksinə deyil. Məmur xalqın xidmətçisidir, vətəndaşa xidmət göstərməlidir, köməklik göstərməlidir, yekəxanalıq etməməlidir, hansısa qanunsuz tələb irəli sürməməlidir, özünü təvazökar aparmalıdır - özü də, ailə üzvləri də, nümunə olmalıdır, rüşvətxorluqla məşğul olmamalıdır, soyğunçuluqla məşğul olmamalıdır. Məmur bax belə, dediyim kimi olmalıdır. Mən hər bir dövlət məmurunu təyin edəndə və ya icra başçısını başqa vəzifəyə qəbul edəndə də göstərişlər verirəm ki, get, insanlara qulluq elə, xidmət elə, dövlətə xidmət elə, təmiz işlə. Amma əfsus ki, bəziləri nəticə çıxarmırlar və onların da cəzası verilir və veriləcəkdir. Biz bütün bu işləri görürük ki, Azərbaycanda inkişaf hərtərəfli və sürətli olsun, xoşagəlməz hallara son qoyulmalıdır”.

Dövlət başçısı əlavə edib ki, məmur-vətəndaş münasibətləri, bu məsələlər cəmiyyət üçün, inkişaf üçün çox önəmlidir: "Burada hər şey məmurlardan asılıdır. Onlar dediyim kimi işləməlidirlər. Əgər öz işində nöqsana, yaxud da pozuntuya yol verərsə, onlar lazımi səviyyədə cəzalandırılacaqlar. Bu gün verdiyim bütün tapşırıqlar yerinə yetirilməlidir. Verdiyim tapşırıqlarla bağlı vaxtaşırı məlumat Prezident Administrasiyasına göndərilməlidir. Prezident Administrasiyası isə bu tapşırıqların yerinə yetirilməsi ilə bağlı bütün lazımi tədbirlər görəcək, nəzarətdə saxlayacaq ki, biz 2017-ci ili də uğurla başa vuraq”.
Dövlət başçısı "bəziləri nəticə çıxarmırlar və onların da cəzası verilir və veriləcəkdir”, deməklə komandada  heç kimin toxunulmaz  olmadığını bir daha diqqətə çatdırıb. 

"Yeni Müsavat”
Oxşar xəbərlər