Əli Kərimli REAL-ı niyə müdafiə etmədi?

  • 31 yan 2017, 19:05
Elvin Abdulqədirov

AXCP sədri, bacarıqlı bloqqer və istedadlı admin Əli Kərimli özünün Facebook səhifəsində gün ərzində hər şeydən yazır. O, hansısa rayonda 5 ayaqlı qoyunun doğulmasından tutmuş, müavini Gözəl Bayramlıya gecə gələn naməlum zənglərə, bazarda kartofun qiymətinin dəyişməsinə, Nurəddin kişinin qaloşunun kolluqda cırılmasına qədər bütün "vacib” mövzulara toxunur. Amma REAL olayı haqda bir kəlmə də yazmır. REAL-İran əlaqələri gündəmi zəbt edən andan Kərimli qeybə çəkilib.

Səbəb nədir?


Səbəbə keçəcəyik, amma əvvəlcə balaca bir giriş verim.

AXCP sədri Əli Kərimlinin pul hərisi olması heç kimə sirr deyil. Vaxtilə yolu AXCP-dən keçənlər yaxşı bilir ki, Kərimli ən yaxın dostunu, partiyadaşını gözünü qırpmadan, sata bilər. Bunu dəfələrə sübut edib. Xüsusilə də, vay o günə ki, kimsə onun bazarına girişsin. Əsl faciə bundan sonra başlayır.

REAL-ın İranla gizli sövdələşməyə getməsi haqda öncəki yazılarımızda ətraflı məlumat vermişdik. Həmin yazıda pulun şirinliyinə uyan REAL-çıların nə üçün İrana üz tutumasının səbəbi izah olunmuşdu. Bir həftədir siyasi cameə bu mövzunu müzakirə edir. Məsələ ilə bağlı Respublika Baş Prokurorluğunda araşdırma aparılır, REAL-çılar bir-bir dindirilir.

İşin maraq doğuran digər tərəfi İran-REAL əlaqələrinin müxalifətdə necə qarşılanmasıdır. Söhbət puldan getdiyi üçün Milli Şura REAL-ın ifşasına ürəkdən sevinir. Çünki REAL-çılar təkcə Qərbdəki patronlarına xəyanət etməyiblər, həm də Milli Şurada təmsil olunan radikal islamçıların və Əli Kərimlinin bazarına giriblər.

AXCP-nin İrandan pul alması Nardaran hadisələri zamanı üzə çıxmışdı. Partiya sədrinin müavini Fuad Qəhrəmanlının əsas missiyası dini kəsimi hakimiyyətə qarşı qaldırmaq, dindarları vətəndaş qarşıdurmasına sövq etmək və bu istiqamətdə davamlı kampaniya aparmaq idi.

Milli Şurada təmsil olunan İslam partiyasının da İrandan maliyyələşdiyi hər kəsə bəllidir. İran rialının təsirilə din pərdəsinə bürünən radikalların əsas işi hakimiyyəti pisləmək, ölkənin nüfuzuna ləkə vurmaqdır. Onları - Əli Kərimli, REAL və islamçılar birləşdirən bir dəyər var: Rial (İranın pul vahidi). Bu səbəbdən, Kərimli onun "çörəyinə” şərik çıxan REAL-ı gözlənildiyi kimi, İran məsələsində müdafiə etmədi. Əksinə, bəlkə də buna ürəkdən sevinir.

Səbəb çox sadədir: REAL Kərimlinin bazarına girib! Kərimli isə qətiyyən istəmir ki, REAL-çılar onun çuvalına əl uzatsınlar. 

Əli Kərimli terrorçuları, xaricdə oturub ölkə əleyhinə çalışanları, vətən xainlərini, hətta erməniləri belə dəstəkləyib, buna iqtidarı pisləmək üçün əlavə fürsət kimi baxıb, öz marağı naminə yararlanmağa çalışıb. Amma REAL məsələsində məhz dediyimiz səbəbdən susur.


Onu haradasa anlamaq olar: Adam İrana xoş görünmək üçün sosial şəbəkədə minlərlə status yazıb, saxta profillərlə onlara "like” qoyub, paylaşımlar edib, axırda pulları REAL ələ keçirsin?! Yox, məşədi, belə olmaz…

 

Demokratik.Az

Oxşar xəbərlər